|
Ötən il Azərbaycanda 5 582 həbs qətimkan tədbiri seçilib. Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, həbs qərarlarının 48,8 faizi (2 772 həbs) az ağır cinayətlər, 42,9 faizi isə (2 396 həbs) ağır cinayətlərlə bağlı olub. Xüsusilə ağır cinayətlər üzrə göstərici 7,4 faiz (415 həbs) təşkil edib. Böyük ictimai təhlükə törətməyən cinayətlərə görə həbs edilənlər isə ümumi göstəricinin 0,9 faizini (49 həbs) təşkil edib. Həbs qərarlarının böyük hissəsi Daxili İşlər Nazirliyinin payına düşüb. Belə ki, qərarların 86,5 faizi və ya 4 826-sı DİN-in təqdimatı əsasında verilib. Prokurorluq orqanlarının payı 7 faiz (393 həbs), Dövlət Təhlükəsizliyi Xidmətinin payı isə 2,3 faiz (126 həbs) olub. Dövlət Sərhəd Xidməti üzrə bu göstərici 2,3 faiz (128 həbs), Dövlət Gömrük Komitəsi üzrə isə 1,7 faiz (97 həbs) təşkil edib. Bundan başqa ötən il ev dustaqlığı qətimkan tədbiri ilə bağlı 263 qərar qəbul olunub. Onların 78,7 faizi (207 həbs) az ağır cinayətlərdə ittiham olunan şəxslərdir. Ağır cinayətlər üzrə ev dustaqlığında olanların payı 19,8 faiz (52 həbs), xüsusilə ağır cinayətlər üzrə isə 1,5 faiz (4 həbs) olub. Ev dustaqlığı qərarlarının da əsas hissəsi Daxili İşlər Nazirliyinin xətti ilə verilib. Bu göstərici ümumi qərarların 89,7 faizini (236 həbs)təşkil edib. Prokurorluq orqanlarının payı 8,7 faiz (23 həbs) olub. Digər qurumların payı isə çox aşağı səviyyədə qalıb.
Geri qayıt
|