Əsas Səhifə > Güney Press > Putin niyə Zelenskiyə birdən-birə “cənab” dedi?

Putin niyə Zelenskiyə birdən-birə “cənab” dedi?


Bu gün, 14:37

Moskvada keçirilən 9 May paradının səhəri günü Rusiya Prezidenti Vladimir Putin sensasiya yaradacaq fikirlərlə çıxış etdi.
O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə istənilən neytral ölkədə görüşməyə hazır olduğunu söylədi.
Qeyd edək ki, buna qədər Putin Zelenski ilə görüşü ya mümkünsüz hesab edir, ya da olsa-olsa, danışıqlar üçün onu Moskvaya dəvət edirdi. Paraddan dərhal sonra isə Putinin Ukrayna məsələsində mövqeyində sanki yumşalma meylləri hiss olunur.
Onu da xatırladaq ki, 9 May paradında iştirak üçün Moskvaya gələn Slovakiyanın baş naziri Robert Fitso səfər ərəfəsi Zelenskinin mesajını Putinə çatdıracağını bəyan etmişdi. Bu əsasda belə düşünülür ki, Putinin səsləndirdiyi son fikirlərdə Fiskonun Zelenskidən gətirdiyi mesajların da müəyyən rolu ola bilər.
Mövzu ilə bağlı Bakupost.azn suallarını sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb.
- Tofiq müəllim, Putin Ukrayna məsələsində doğrudanmı yumşalır?
- Putin Zelenski ilə istər Moskvada, istərsə də üçüncü ölkədə görüşməyə hazır olduğunu bəyan edib. Amma o, belə bir görüşün yalnız yekun mərhələdə ola biləcəyinə də işarə vurub. Yəni Putin bu açıqlamasında danışıqların bitdiyi, artıq sənədə imza atmaq lazım gələn dövrünü nəzərdə tutub. Boş-boş görüşlərə ehtiyacın olmadığını söyləyib.
- İndiyə kimi, Putin heç Zelenskinin adını çəkmirdi. Çəksə də onu faşist kimi xarakterizə edirdi. Son çıxışında isə Putin Zelenskiyə artıq “cənab” deyə müraciət edib. Bu açıqlama nəyin göstəricisidir?
- Bəllidir ki, hərbi əməliyyatlarla nə Rusiya, nə də Ukrayna öz məqsədlərinə çata bilmirlər. Bu açıq şəkildə görünür. Belədə qismən də olsa, deyə bilərik ki, təmas xəttində atəşkəs rejiminə bənzər bir vəziyyət yaranıb. Hazırda hər iki tərəf ən ciddi zərbələri raket və dronlar vasitəsilə endirir. Belə təəssürat yaranır ki, bu yöndə də hansısa razılıq əldə olunsa, demək olar, de-fakto atəşkəs rejimi bərqərar olacaq.
- Yəni müharibə dayanır?
- Düzdür, siyasi mövqelər dəyişməz olaraq qalacaq. Hansısa Ukrayna ərazisinin Rusiya tərəfinin nəzarəti altında qalmasına baxmayaraq, hüquqi baxımdan Kiyev təbii ki, onların aneksiyasını tanımayacaq. Amma vaxtilə Azərbaycana dedikləri kimi, Ukrayna məsələsində də status məsələsi gələcək nəsillərə qalmalıdır. Belədə istisna etmirəm ki, Rusiya bu və ya digər məsələlərdə “nə sülh, nə də hərb” vəziyyətinə hazırdır. Hətta gördük ki, Moskvada keçirilən 9 May paradı da məhz Ukrayna Prezidentinin “icazəsilə” baş verdi.
- Putin niyə bu fikrə əvvəllər deyil, məhz keçirdikləri sönük paraddan sonra gəldi?
- Təbii ki, parad əsasən təbliğat məqsədi daşıyan bir hadisə idi. Amma həmin tədbir güc nümayişi əvəzinə, zəiflik nümunəsi kimi yaddaşlarda qaldı. O baxımdan hamıya bəlli oldu ki, Rusya hərbi müstəvidə Ukraynanı məğlub edəcək iqtidarda deyil. Günü-gündən Rusiya üçün müharibənin ağırlığı daha da artır. Belədə aydın şəkildə görünür ki, bu və ya digər məsələlərdə hansısa vəziyyət dəyişməlidir.
- Slovakiyanın baş naziri Viktor Fitso Moskvaya gəlməmişdən əvvəl açıqladı ki, Putinə Zelenskindən detallarını gizli saxladığı müəyyən mesajlar çatdıracaq. Putinin bu bəyanatında Fiskonun gətirdiyi mesajların da hansısa bir rolu ola bilərmi?
- Müharibənin dayandırılması üçün çalışan bir çox iştirakçı var. Əsas fəallıq göstərən də ABŞ Prezidenti Donald Trampdır. Hətta Azərbaycanın da bu və ya digər şəkildə mesaj ötürməklə prosesə xidmət göstərdiyini istisna etmirəm. Bunlar baş verəcək. Bu mənada Putinin son bəyanatında Fiskonun ona çatdırdığı mesajın da müəyyən rolu ola bilər. Bu da istisna deyil.
- Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib ki, cari ilin mayın sonunda qurumda Rusiya ilə potensial danışıqlar məsələsini müzakirə edəcəklər. Bu artıq AB-nin də Moskva ilə dialoqa üstünlük verməyə başladığına işarə sayıla bilərmi?
- Müharibə aparan tərəflərdən heç biri hansısa siyasi öhdəlik götürməyə hazır deyil. Deməli, onlar arasında ehtimal edilən saziş ancaq atəşkəsə hesablanmış texniki bir saziş olacaq. Qalan məsələləri isə gələcək nəsillərə ötürəcəklər. Ona görə də danışıqlarda iştirak üçün hansısa qurumların dəvət olunacağını da görəcəyik. Həmin qurumlardan biri də Avropa Birliyi ola bilər.

Geri qayıt