Əsas Səhifə > Güney Press > “2026-cı il tarixə ənənəvi rus müstəmləkələrinin

“2026-cı il tarixə ənənəvi rus müstəmləkələrinin


Bu gün, 14:03

“Builki 9 may paradı olduqca “təmtəraqsız və mütəvazi” keçirilib. Post-sovet ölkələrindən yalnız Belarus, Qazaxıstan və Özbəkistan liderlərinin iştirak etdiyi bu paradda onların Cənubi Osetiya, Abxaziya kimi tanınmamış separatçı qurumların rəhbərləri ilə bir yerdə dayanması Qələbə gününə rəng qatmadı, əksinə, sözügedən ölkələrin siyasi statusuna kölgə saldı. Hər halda həmin liderlərin təmsil etdiyi dövlətlər dünya tərəfindən tanınmış ciddi ölkələrdir. Amma onların liderlərinin separatçılarla eyni sırada dayanması xoş görüntü yaratmadı. Sanki Türk Dövlətləri Birliyinin liderləri olan bu şəxslər bəlkə də özləri də istəmədən təmsil etdikləri ölkələri Rusiyanın kölgəsinə sığınan qondarma respublikalarla eyni statusda görünməsinə şərait yaratdılar. Ümid edirəm ki, bu görüntüdən ibrət dərsi çıxaran türk respublikalarının liderləri gələn il eyni səhvi təkrarlamazlar və Rusiyanın hegemonluğu altında keçirilən 9 may paradları tarixə qovuşar”.
Siyasi şərhçi Heydər Oğuz bu fikir və mülahizələri Moderator.az əməkdaşının “Moskvadakı son 9 may paradını necə dəyərləndirirsiz, sonra yaranmış situasiyada Rusiya-Ukrayna savaşının gözlənilən nəticələrini və Rusiyanın öz gələcəyini necə görürsüz?” sualını cavablandırarkən ifadə edib.
Davamında Heydər Oğuz bildirib ki, bu günə qədər Rusiyanın kölgəsində gizlənən və onun himayəsi altında yaşamağa çalışan Serbiya və Bosna-Herseqovinanın tərkibindəki Serb respublikasının liderləri də 9 may paradına qatılmamışdı:
“Rusiyanın Avropadakı digər arxa bağçası hesab olunan Slovakiya Baş naziri Robert Fiko belə, həmin gün Moskvada olsa da, paradda iştirak etməyi özünə yaraşdırmamışdı. Bəhanəsi isə Moskvaya sadəcə naməlum əsgər heykəlinin qarşısına gül qoymağa və Zelenskinin hansısa mesajını Putinə çatdırmaq üçün gəlməsi olmuşdu. Görünən budur ki, Fikonun əsl dərdi naməlum əsgər heykəlini ziyarət yox, siyasi legitimliyi naməlum liderlərlə eyni sırada dayanmamaq və boş yerə Avropa İttifaqının tənqidlərinə məruz qalmamaq idi.
Halbuki, 1 il əvvəl Faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə keçirilən paradda Çin prezidenti Şi Çinpinqdən tutmuş Malayziya kralı Sultan İbrahimə qədər xeyli sayda gerçək lider iştirak etmişdi. Budəfəki paradda isə onlardan onlardan sadəcə Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqloun Sisoulit və 3 post-sovet ölkəsinin lideri gözə dəyirdi. Bütün bunlar Rusiyanın beynəlxalq aləmdə nüfuzunun nə qədər itirdiyinin xəbərçisidir”.
Siyasi şərhçi onu da qeyd edib ki, builki 9 may paradına Ukrayna prezidenti Volodimir Zelenskinin təhdidi kölgə salıb:
“Məlumdur ki, 9 maya bir neçə gün qalmışa qədər Zelenski “Qələbə paradı”nı dron yağmuruna tutmaqla təhdid etmiş və bu da Kremldə ciddi xof yaratmışdı. Putinin xahiş və minnəti ilə ABŞ prezidenti Donald Tramp araya girib Zelenskini paradı bombalamamasına razı saldı. Zelenski də öz növbəsində Qırmızı meydanda paradda iştirak etməyə izn verən və yalnız dəqiq sahəsini göstərməklə konkret həmin meydan ərazisində təhlükəsizlik zəmanəti verməklə razılıq fərmanı imzaladı. Bununla da paradın əsl təşkilatçısı timsalında ABŞ və Ukrayna prezidentləri göründü. Fikrimcə, bu, Rusiyanın beynəlxalq nüfuzuna vurulmuş ən böyük zərbə idi. Təsadüfi deyil ki, dünyanın bir çox media orqanları Putinin aşağılanmış şəkildə parad keçirməsindən bəhs edib. Məncə, həqiqətən də bu iddianı ortaya atan media orqanları haqsız deyildilər. Həqiqətən də 9 may paradında dünyaya güc nümayiş etdirməyə çalışan Rusiya prezidenti aşağılanaraq paraddan ayrıldı.
Bu cür təhdid və aşağılanmaların kölgəsi altında keçirilən parad uzun sürmədi. Cəmi 45-50 dəqiqə çəkən paradda demək olar ki, hərbi texnikalar sərgilənmədi. Əslində paradın bu cür qısa tutulması və hərbi texnikaların sərgilənməməsi Kremlin də yaşananlardan çox məmnun qalmadığından xəbər verirdi. Artıq Moskvada da anlayırlar ki, 5 il ərzində Ukraynada ciddi uğur qazana bilməyən bir ordunun 81 il əvvəl başqalarının da imza atdığı qələbəni qeyd etməsi gülünc görünür. Çünki paradlarda təkcə tarix yad olunmur, həm də bugünkü güc göstərilir. Bu gün ilə kollektiv tarixi xatirələr üst-üstə düşmürsə, onu nümayiş etdirmək də absurddur”.
Heydər Oğuzun fikrincə, Moskvanın 9 may Qələbə sevincinin əlindən alınmasında Azərbaycan da müstəsna rol oynayıb:
“Əslində 9 may qələbəsinin qazanılmasında olduğu kimi, onun rus qələbəsi kimi qeyd edilməsinə son qoyulmasında da ölkəmizin böyük payı var. Məlum olduğu kimi, ötən il qələbənin 80 illiyi münasibətilə keçirilən parada Azərbaycan prezidenti İlham Əliyev qatılmamış, beləcə, post-sovet ölkələri arasında ortaq imperialist dəyərlərdən imtinanın əsasını qoymuşdu. Bu il Qırğızıstan, Tacikistan, Türkmənistan, hətta Ermənistan da bu təşəbbüsə qoşuldu. Düzdür, Qazaxıstan və Özbəkistan hələ də “rus çarını” qəzəbləndirməməyə üstünlük versələr də, yəqin ki, gələn il onlar da ortaq imperialist dəyərlərdən imtina etmək yolunu tutacaqlar. Beləcə, rus imperializmi müstəmləkə kimi baxdığı ölkələrlə sonuncu ortaq dəyərini də itirmiş olacaq. Sözsüz ki, bir imperiyanı ayaqda tutan əsas dəyər onun yumşaq gücü və ortaq tarix yaratma potensialıdır. 2026-cı il isə tarixə ənənəvi rus müstəmləkələrinin ortaq tarix və mənəvi dəyərlərdən imtina ili kimi düşəcək. Və sevindiricidir ki, bu imtinada Azərbaycan müstəsna yer tutacaq”.

Geri qayıt