Əsas Səhifə > Güney Press > Fransa Respublikasının ikiqat "Hərbi Xaç" ordenli Azərbaycanlı partizan
Fransa Respublikasının ikiqat "Hərbi Xaç" ordenli Azərbaycanlı partizanBu gün, 17:55 |
|
Azərbaycan ikinci dünya müharibəsində bir çox istiqamətdə iştirak edib. İnsan faktorundan tutmuş texnika, təbii sərvətlər, qızıl, gümüş, pul, ərzaq, geyim və sairələr ilə Sovet dövlətinin Faşizm üzərində qələbəsinə tam əminliklə deyirəm birbaşa səbəb olub.
Azərbaycanda 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 11 milli qvardiya yaradıldı. 170 mindən çox əsgər və zabitlərimiz SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunublar.
Azərbaycanlılardan ibarət yaradılmış milli deviziyalar Qafqazdan Berlinədək gediblər, Moskvanın, Leninqradın, eləcə də yüzlərlə şəhər və kəndlərin, Polşanın, Fransanın, Yunanıstanın, Çexiyanln və digər ölkələrin azad olunmasında iştirak ediblər. Bunu rəsmi sənədlər də təsdiq edir.
Müharibədə iştirak edib ölən Azərbaycanlıların sayı 200 min göstərilir. 100 minə qədər də əsir düşüb, partizan hərəkatlarında iştirak ediblər. Onların böyük hissəsi legioner olublar. 20 faizi isə partizan kimi başqa adlarla dəfn ediliblər. Yüzlərlə ad çəkmək olar ki, bu gün onların adı Sovetlər tərəfindən sildirilməsinə çalışmalarına baxmayaraq onlar bu gün də xatırlanır. Belə adamlardan biri də Balakən rayonunun Maqamalar kəndində anadan olan Abdullayev Daniyal Abdul oğludur.
İkinci dünya müharibəsi illərində baş çavuş hərbi rütbəsində olub və 84-cü atıcı alayın 3-cü batalyonunun 9-cu rotasının komandir köməkçisi vəzifəsini tutub. Brest qalasının ölməz qarnizonunun müdafiəçilərindən biri olub. Döyüş zamanı o, mövqe dəyişərkən papaqını bir dirəyin ucuna qoyaraq kənara çəkilib.
Almanlar uzun müddət həmin papaqı hədəf alaraq atəş açıblar, Daniyal isə bu vaxt digər tərəfdən keçərək düşmənə gözlənilməz zərbə vurub. O, bir alman tankını qumbara ilə məhv etdikdən saniyələr sonra başından ağır qəlpə yarası alaraq huşunu itirib. Almanlar onu tapanda ölü hesab ediblər, lakin sağ olduğunu görüb əsir götürüblər.
O, bir neçə konslagerdən keçib: Polşada — Byala-Podlyaska kəndi, Demblin və Edlind şəhərləri; Almaniyada — Noyqammer şəhəri yaxınlığındakı düşərgə. 1943-cü ildə qaçmağa müvəffəq olub və fransız partizanlarına qoşulub. Əvvəlcə sıravi döyüşçü kimi fəaliyyətə başlayaraq, rota komandiri vəzifəsinə qədər yüksəlib.
Partizan ləqəbi "Danil" olub. Daniyal Abdullayev alman hərbi eşalonlarının partladılması, körpülərin sıradan çıxarılması və faşist komendantlıqlarına qəfil hücumlar təşkil etməsi ilə tanınırdı. Onun rəhbərlik etdiyi bölmələr düşmənə göz açdırmırdı.
Xüsusi xidmətlərinə görə iki dəfə Fransa Respublikasının "Hərbi Xaç" ordeni ilə təltif edilib. Daniyal Abdullayevin bu ordeni iki dəfə alması onun iştirak etdiyi əməliyyatların nə dərəcədə həlledici və təhlükəli olduğunu göstərir. Eyni zamanda Fransanın "Müqavimət Hərəkatı" medalı və SSRİ-nin "İgidliyə görə" medalı və 1-ci dərəcəli "Vətən Müharibəsi" ordeni alan nadir əsgərlərdən biri olub.
Fransız arxivlərində qeyd olunur ki, de Qoll sovet partizanlarının şücaətini qeyd edərkən, xüsusi olaraq "Azərbaycanlı Danil"in adını xüsusi vurğulayıb.
Müharibədən sonra Azərbaycana qayıtdıqda, o, bir çox digər partizanlar kimi əvvəlcə "əsir düşdüyü üçün" şübhə ilə qarşılansa da, sonradan onun qəhrəmanlığı rəsmən tanındı. Fransada bu gün də arxivlərdə "Azərbaycanlı Danil"in alman komendantlıqlarını necə lərzəyə salması barədə qeydlər saxlanılır
Daniyal Abdullayev 1968-ci ildə vəfat edib
Prof.Dr.Zaur Aliyev
"DİA-AZ"
Geri qayıt |