Əsas Səhifə > Güney Press > Şirkət rəhbəri və iş adamına 237 min manat “atan” şəxs məhkəmə zalında həbs edildi

Şirkət rəhbəri və iş adamına 237 min manat “atan” şəxs məhkəmə zalında həbs edildi


Bu gün, 17:49

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Zəlimxanovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 5 il 7 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınıb və həmin hissədə hökmün icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunub.

İttihama görə, Elnur Zəlimxanov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə bir neçə epizod üzrə dələduzluq əməli törətməkdə təqsirləndirilir.

İttiham aktında göstərilir ki, o, hər hansı rəsmi səlahiyyəti, zəruri lisenziyası və real maliyyə imkanları olmadığı halda, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmayaraq, zərərçəkmiş şəxsləri aldatmaqla onların külli miqdarda pul vəsaitlərini ələ keçirib.

Belə ki, Elnur Zəlimxanov şirkətlərdən birinin direktoru olan zərərçəkmiş M.M. (adı, soyadı şərtidir) ilə əlaqə saxlayaraq, Zaqatala şəhəri, Azərbaycan prospekti 291 ünvanında yerləşən həmin MMC-yə məxsus “Fındıq emalı və tədarükü” zavodunun elektrik enerjisi ilə təmin olunmasına köməklik göstərə biləcəyini bildirib. Təqsirləndirilən şəxs zavodun “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış qaydada elektrikləşdirilməsi üçün texniki şərtlərin alınması, transformatorun quraşdırılması və digər zəruri işlərin həyata keçiriləcəyini vəd edərək, bu işlərin ümumilikdə 137 500 manat müqabilində tam şəkildə yerinə yetiriləcəyini deyib.

Qarşı tərəfdə inam yaratmaq məqsədilə o, görüləcək işlərin smetasını formal şəkildə hazırlayıb təqdim edib, bununla da M.M.-in etibarını qazanıb. Daha sonra müxtəlif vaxtlarda və mərhələlərlə olmaqla zərərçəkmiş şəxsdən ümumilikdə 137 500 manat pul vəsaiti alıb. Bu məbləğin bir hissəsi zavod ərazisində nağd şəkildə, digər hissəsi isə elektron ödəniş sistemləri – “PashaPay” və “eManat” vasitəsilə müxtəlif bank kartlarına köçürülüb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs əldə etdiyi vəsaitin yalnız bir hissəsini – təxminən 50 510 manatını transformator, elektrik avadanlıqları, kabel, kompensasiya qurğusu və digər texniki vasitələrin alınmasına, həmçinin quraşdırma, layihələndirmə və nəqliyyat xərclərinə sərf edib. Qalan 86 990 manat məbləğində vəsaiti isə mənimsəyərək şəxsi ehtiyaclarına xərcləyib və bununla da zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurub.

Bundan başqa, Elnur Zəlimxanov bununla kifayətlənməyərək digər bir epizod üzrə də eyni xarakterli dələduzluq əməli törədib.

Belə ki, o, tanışı ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında hərəkət edib. Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Cake Bake” kafesində keçirilən görüşlər zamanı özlərini işgüzar və geniş əlaqələrə malik şəxslər kimi təqdim edərək zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) aldadıblar. Onlar “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin balansında olan və istismarı dayandırılmış su borularının Göyçay rayonu, Qaraməryəm kəndindən keçən hissəsinin demontajı və satışı ilə bağlı tenderi udacaqlarını, bu işdən yüksək gəlir əldə olunacağını bildiriblər.

Zərərçəkmiş şəxsin etibarını daha da gücləndirmək üçün təqsirləndirilən şəxs guya özünə məxsus olan, əslində isə MTK-lardan birinin balansında olan 3 otaqlı mənzili girov qismində onun adına rəsmiləşdirib.

Bundan sonra, 28 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən restoranlardan birinin qarşısında S.S.-dən 150 000 manat pul vəsaiti alaraq ələ keçirib. Daha sonra həmin vəsaiti Elnur Zəlimxanov və onun əlbir olduğu digər şəxs aralarında bölüşdürərək şəxsi məqsədlər üçün xərcləyib.

Beləliklə, təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində hər iki zərərçəkmiş şəxsə külli miqdarda – 236 990 manat maddi ziyan vurulduğu müəyyən edilib.


Geri qayıt