Əsas Səhifə > Güney Press > Köhnə avtomobillərin ölkəyə gətirilməsi dayandırılmalıdır
Köhnə avtomobillərin ölkəyə gətirilməsi dayandırılmalıdırBu gün, 15:30 |
|
Son illər Azərbaycanda ətraf mühitin qorunması məsələsi daha da aktuallaşıb. Xüsusilə havanın çirklənməsi və meşə örtüyünün azalması mütəxəssisləri ciddi narahat edir. Bəs bu problemlərin arxasında hansı amillər dayanır? Köhnə avtomobillərin sayının artması doğrudanmı şəhərlərdə havanın keyfiyyətini aşağı salır? Meşələrin məhv edilməsi nə dərəcədə təhlükəlidir və bu prosesin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Digər tərəfdən, təbiətə vurulan ziyana görə hansı hüquqi məsuliyyət tədbirləri nəzərdə tutulur və qanunlar bu sahədə nə qədər effektivdir? Ekoloq Sadiq Həsənov Lent.az-a açıqlasında bildirib ki, atmosferi və təbiəti çirkləndirən amillərdən biri ikinci əl avtomobillər və meşə örtüklərinin insanlar tərəfindən məhv edilməsidir: “İkinci əl avtomobillərin ölkəyə gətirilməsi, xüsusən şəhərlərin atmosferinin çirklənməsində birinci dərəcəli rol oynayır. Əvvəla köhnə maşınlarda yanacaq istehlakı artır. Normal avtomobil 6-10 litr arasında benzin istifadə edirsə, ikinci əl maşınlarda bu, 30-50% artıq olur. Bundan başqa, benzin və ya dizel yanarkən həddindən artıq karbon qazı, karbon dioksid, karbon monoksid, azot və digər zərərli qazlar buraxır. Normal halda 1 litr benzin 2,5 kiloqrama qədər CeO2 atır. Yanma prosesi normal getmədikdə isə, onun həcmi artır. Həcmin artması həm qlobal istiləşməyə təsir edir, həm də iqtisadi cəhətdən zərərlidir. Bu mənada köhnə avtomobillər ekoloji normalara cavab verməlidirlər. Avropa İttifaqı ölkələrində bu problemlə bağlı “Avro standartlar” təsdiq olunub. Bu standartlar atmosferin qorunması üçün tullantıların həcmini sərtləşdiriblər. Azərbaycanda avtomobil nəqliyyatının statistikasına nəzər salsaq görərik ki, 10 ildən çox yaşı olan avtomobillərin həcmi 80%-dən yuxarıdır. Qarşıdan yay ayları gəlir. Bu isə, xüsusən meşə turizminin açılması deməkdir. Meşələrin qorunması üçün insanlar arasında maarifləndirmə tədbirləri görülməlidir. Xüsusən gənclərin maarifləndirilməsi vacibdir. İnsanlar bilməlidirlər ki, istifadə olunan əşyalar ətrafa tullantı kimi atılmamalı, ocaq yandırarkən ehtiyatlı olmalı, sonra mütləq onu söndürməlidirlər. Azərbaycanda təxminən 11,2-11,8 faizə qədər meşə örtüyü var. Bu rəqəm orta dünya göstəricisindən kifayət qədər aşağıdır. Ona görə də meşələri mütləq qorumaq lazımdır”. Vəkil Asim Abbasov Lent.az-a açıqlamasında bildirib ki, ətraf mühitin çirkləndirilməsi, bitkilərə qəsdən zərər vurulması, ağac və kolların qoparılması və ya məhv edilməsi Azərbaycan qanunvericiliyinə görə həm inzibati, həm də cinayət məsuliyyəti yaradır: “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və kolların qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər 2000 manat, vəzifəli şəxslər 4000 manat, hüquqi şəxslər isə 25.000 manat məbləğində cərimə olunur. Əgər bu əməl şəhərlərdə və yaşayış məntəqələrində yaşıllıq sahələrində icazəsiz törədilərsə, hər bir ağac və ya kola görə fiziki şəxslər 2200 manat, vəzifəli şəxslər 5000 manat, hüquqi şəxslər 35.000 manat cərimə edilir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 266-cı maddəsinə əsasən, məişət tullantılarının müəyyən olunmuş yerlərdən kənara atılmasına görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 4000 manat cərimə edilir. Yaşıllıqlara zərər vurmaq təkcə sadə inzibati xəta kimi deyil, nəticəsindən asılı olaraq ağır cinayət əməli kimi də qiymətləndirilə bilər. Əgər törədilmiş əməl nəticəsində xeyli, külli və ya xüsusilə külli miqdarda ziyan vurularsa, artıq Cinayət Məcəlləsinin 259 və 260-cı maddələri ilə cinayət məsuliyyəti yaranır. Bu halda təqsirkar şəxs vurulmuş ziyanın bir neçə misli miqdarında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və ya 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Ağaclar və yaşıllıqlar yalnız şəxsi əmlak deyil, cəmiyyətin ekoloji təhlükəsizliyinin və sağlam həyat mühitinin bir hissəsidir”. Geri qayıt |