|

Türkiyəli müxalif araşdırmaçı jurnalist Abdullah Bozkurt ABŞ-da Ankaranın təsir imkanlarının genişləndirilməsi ilə bağlı diqqətçəkən araşdırma yayımlayıb. Onun “Nordic Monitor” nəşrində dərc olunan “Türkiyə Vaşinqtonda gizli və açıq təsir əməliyyatlarını artırır” başlıqlı məqaləsində qeyd olunur ki, Ankara ABŞ-da çoxşaxəli və getdikcə daha mürəkkəbləşən təsir şəbəkəsi formalaşdırıb.
Jurnalistin qənaətinə görə, Türkiyə ABŞ-da qeydiyyatdan keçmiş agentlər, hüquqşünaslar, siyasi məsləhətçilər, qeyri-hökumət təşkilatları və PR şirkətlərindən ibarət koordinasiyalı struktur vasitəsilə Vaşinqtonda öz siyasətini təşviq edir. “Congressional Research Service” tərəfindən yayımlanan 9 mart 2026-cı il tarixli hesabatda bildirilir ki, Türkiyə ümumilikdə 105 Amerika lobbi şirkəti ilə işləyib.
.jpg)
Araşdırmada qeyd olunur ki, Türkiyə yalnız lobbi fəaliyyəti ilə kifayətlənmir, həm də daha geniş təsir mexanizmlərindən istifadə edir. Eyni zamanda, Türkiyənin Vaşinqtondakı səfirliyi müxtəlif lobbi və hüquq şirkətləri ilə milyonlarla dollarlıq müqavilələr bağlayıb. Bundan əlavə, Skyline Capitol şirkəti ilə 600 min dollarlıq yeni müqavilə bağlanıb. Şirkətə Konqres və icra hakimiyyəti ilə əlaqələrin qurulması, eləcə də ABŞ ştatları səviyyəsində Türkiyənin təsir imkanlarının genişləndirilməsi tapşırılıb.
Araşdırmada qeyd edilir ki, Türkiyə hər il ABŞ-da lobbi fəaliyyətinə milyonlarla dollar vəsait xərcləyir. Bununla yanaşı, məqalədə Ankara hökumətinin fəaliyyətinə dair tənqidi və mübahisəli iddialar da yer alır. Türkiyənin aktiv lobbi fəaliyyəti fonunda Azərbaycanla bağlı suallar da aktuallaşır. Rəsmi Bakı da ABŞ-da müəyyən lobbi və hüquqi şirkətlərlə əməkdaşlıq edir, lakin bu fəaliyyət miqyas və struktur baxımından Ankara ilə müqayisədə daha məhdud hesab olunur.
Azərbaycanın ABŞ-dakı təsir alətləri əsasən aşağıdakı istiqamətlərdə cəmlənir:enerji diplomatiyası və strateji layihələr üzərindən əlaqələr; diaspor təşkilatlarının fəaliyyəti və beynəlxalq hüquq və informasiya müstəvisində mövqelərin müdafiəsi. Bununla belə, ekspertlər hesab edir ki, Azərbaycanın lobbi fəaliyyətinin institusional və sistemli şəkildə genişləndirilməsinə ehtiyac var. Xüsusilə Konqres, analitik mərkəzlər və media ilə daha davamlı əlaqələrin qurulması vacib sayılır.
Türkiyənin ABŞ-da formalaşdırdığı geniş və çoxsəviyyəli lobbi şəbəkəsi onun xarici siyasət prioritetlərinin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan isə bu sahədə müəyyən addımlar atsa da, hələlik daha çevik, koordinasiyalı və uzunmüddətli strategiyaya ehtiyac duyur. Qlobal informasiya və təsir mübarizəsinin gücləndiyi bir dövrdə lobbi fəaliyyəti artıq seçim deyil, zərurətə çevrilir. Bu baxımdan, həm Ankara, həm də Bakı üçün Vaşinqtonda mövcudluğun gücləndirilməsi strateji əhəmiyyət daşıyır.
Deputat Arzuxan Əlizadə Musavat.com-a qeyd edib ki, lobbi işi Azərbaycanın axsayan sahəsidir. Əslində, bu sahədə Azərbaycanın böyük potensialı olduğunu deyən A.Əlizadə hesab edir ki, bundan lazımı qədər yararlana bilmirik: “44 günlük müharibədə ABŞ-dəki erməni lobbisi ciddi fəaliyyət göstərmişdi. Amma o zaman lobbimiz lazımı nəticə ortaya qoya bilmədi. Halbuki lobbi işimizi gücləndirmək üçün kifayət qədər potensialımız var. Ancaq bundan istifadə edə bilmirik. Doğrudur, Diasporla İş üzrə Dövlət Komitəsi öz işini görür, amma lobbi fəaliyyətimiz qaneedici deyil. Ona görə də daha çox iş görməliyik”. Deputatın sözlərinə görə, Azərbaycan bu sahədə Türkiyə ilə koordinasiyalı fəaliyyət göstərə bilər: “Həmçinin İsraillə əlaqələrimiz hesabına ABŞ-da lobbi işini gücləndirə bilərik. Başqa ölkələrin də lobbi sahəsindəki təcrübəsindən istifadə etmək olar. Çünki bəzi hallarda lobbi dövlətlərin gördüyü işdən daha böyük nəticələr ortaya qoya bilir. Bu zaman dövlətlər arasında münasibətlər inkişaf edir. Eyni zamanda, dost ölkələrin lobbi təşkilatlarının əlaqələrindən də yararlanmaq lazımdır. Təəssüf ki, bu sahə axsayan yerimizdir”.
Geri qayıt
|