Əsas Səhifə > Güney Press > Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır:

Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır:


Bu gün, 15:23

Son illər ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində müəyyən addımlar atılsa da, bu sahədə problemlər də mövcuddur.

Belə ki, Azərbaycan idxalçı ölkə hesab edilir və həmin məhsullar sırasında kənd təsərrüfatı məhsulları da əsas yerlərdən birini tutur. Bunun isə əsas səbəblərindən biri odur ki, ölkədə bu sahədə geriləmə müşahidə edilir və bir vaxtlar ölkədə istehsal edilən həmin məhsulların bir çoxu hazırda xaricdən idxal edilir. Bu istiqamətdə müəyyən dəstək göstərilsə də, irəliləyişə nail olunmur və fermerlərin bir çoxu mövcud vəziyyətdən narazıdır.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib ki. Azərbaycanda təkcə ötən il fermerlər 280 milyon manatdan çox əkin subsidiyası alıb:

“On minlərlə istehsalçı dövlət dəstəyi ilə əhatə olunub. Eyni zamanda, güzəştli kredit və lizinq mexanizmləri vasitəsilə aqrar sahəyə 100 milyon manatdan artıq maliyyə resursu yönəldilib, minlərlə fermerlərin, aqrar sahibkarların fəaliyyəti dəstəklənib".

Bəs niyə yerlərdə fermerlər məhsula çəkdikləri xərclə əldə etdikləri qazanc arasında heç bir fərqin olmadığını deyirlər? Bu gün bazarlarda kartofun qiyməti niyə bu qədər yüksəkdir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, bu, çox əhəmiyyətli bir ziddiyyətdir:

“Yəni dövlət böyük məbləğlər xərcləyir, amma nə fermer qazanır, nə də istehlakçı ucuz alır. Bunun bir neçə əsas səbəbi var. Subsidiyalar və kreditlər adətən iri aqrar strukturlara, yaxud "düzgün əlaqələri" olan fermerlərə çatır.

Kiçik və orta fermerlərin böyük hissəsi bu mexanizmlərdən ya xəbərsizdir, ya da bürokratik çətinliklər üzündən yararlana bilmir. Yəni rəqəmlər kağız üzərində böyük görünür, amma yayılma çox qeyri-bərabərdir.

Fermer məhsulu satanda vasitəçilər zənciri dövrəyə girir. Fermer kartofunu 30-40 qəpiyə satır, lakin o məhsul bir neçə əl dəyişdikdən sonra bazara 1-1,5 manata çıxır. Fermer bu fərqdən pay almır, çünki saxlama anbarı, nəqliyyat, pərakəndə satış kanalları onun əlindən deyil”.

Onun sözlərinə görə, istehsal xərcləri ciddi artıb, gübrə, toxum, yanacaq, su - bunların hamısının qiyməti son illərdə kəskin yüksəlib:

“Subsidiya nominal olaraq verilsə də, real alıcılıq gücü baxımından fermerin xərclərini ödəmir. Eyni zamanda subsidyaların verilmə mexanizmi səmərəsizdir, ondan daha çox təminatçi şirkətlər qazanır.

Nəticədə fermer hökumətin verdiyi subsidya ilə keyfiyyətsiz vasitələr alır ki, bu da məhsuldarlığı aşağı salır. Üstəlik, iqlim qeyri-müəyyənliyi, məhsul itkisi kimi risklər sığorta mexanizmi olmadan tamamilə fermerin üzərindədir.

Bazarda isə inhisarçılıq meyilləri güclüdür. Bir sıra rayonlarda topdan alıcıların sayı azdır, fermer məhsulunu "kim nə versə ona" satmağa məcbur olur. Rəqabət mühiti zəif olduğundan qiymət fermerin xeyrinə formalaşmır.

Nəticədə dövlət pulunu xərcləyir, statistika yaxşı görünür, amma sistem elə qurulub ki, bu pul əsl istehsalçıya da, istehlakçıya da tam çatmır, əsasən ortada qalır”.


Geri qayıt