Son illərdə çoxları düşünürdü: NATO-nun nüfuzuna v daha çox kim xələl gətirib - Avropanın təhlükəsizliyi üçün daha çox pul ödəməli olduğu barədə sərt açıqlamaları ilə Donald Tramp, yoxsa vəzifəsindən ayrıldıqdan sonra pullu lobbiçiyə çevrilən keçmiş yüksək vəzifəli Alyans rəsmiləri?
2009-cu ildən 2014-cü ilə qədər NATO-nun baş katibi olan Anders Foq Rasmussenin hekayəsi xüsusilə diqqət çəkir. Baş katib vəzifəsindən ayrıldıqdan sonra Rasmussen "Russen Global" konsaltinq firmasını təsis edib. İctimaiyyətə açıq maliyyə sənədlərinə və araşdırmalarına görə, Ermənistan onun müştəriləri arasında olub.
2023-cü ilin mart ayında Rasmussen İrəvana səfər edib və orada Azərbaycanı fəal şəkildə tənqid edərək "Laçın yolunun blokadası", "humanitar fəlakət" və mümkün "Azərbaycanın yeni təcavüzü"ndən danışıb. O beynəlxalq qeyri-kommersiya media təşkilatı "Project Syndicate" üçün müsahibələr verib, məqalələr yazıb və özünü "müstəqil ekspert" və "NATO-nun keçmiş rəhbəri" kimi təqdim edərək Ermənistan liderləri ilə görüşüb.
Lakin tezliklə məlum oldu ki, onun səfəri və fəaliyyətləri Ermənistan tərəfindən maliyyələşdirilib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və digər rəsmilər birbaşa olaraq Rasmussenin Ermənistan hökumətindən maliyyə aldığını bildiriblər. Rasmussenin özü və şirkəti Ermənistanla kommersiya müqaviləsi olduğunu inkar etməyib. “Euronews” və digər nəşrlər NATO-nun keçmiş baş katibinin İrəvanda kommersiya əsaslarında işlədiyini təsdiqləyiblər.
O müntəzəm olaraq Azərbaycanı birtərəfli şəkildə ittiham edən bəyanatlar və reportajlar dərc edir, 30 illik Azərbaycan ərazilərinin işğalı və 1990-cı illərdə Ermənistanın təcavüzü kontekstini nəzərə almır. Eyni zamanda, Rasmussen öz açıqlamalarına ağırlıq vermək üçün əvvəlki "NATO-nun keçmiş rəhbəri" statusundan səylə istifadə edib.
Bu, təbii olaraq sual doğurur: Anders Foq Rasmussen kimi insanlar bu cür sərt və birtərəfli anti-Azərbaycan statusları yaradacaq və pulsuz məqalələr yazacaqdılarmı? Cavab göz qabağındadır - yox.
Rasmussen peşəkar siyasətçi və iş adamıdır. NATO-dan ayrıldıqdan sonra o "keçmiş baş katib" brendindən pul qazanır. Bir ölkə (bu halda, Ermənistan) pul ödəyəndə konkret bir nəticə gözləyir: beynəlxalq ictimai rəyə təzyiq, düşməni nüfuzdan salmaq cəhdləri və Qərb mediasında arzuolunan bir hekayənin yaradılması.
Pul ödənildikdə, bu cür insanlar adətən susur və ya son dərəcə ehtiyatla danışırlar. Mütəmadi ödənişli səfərlərə, məqalələrə və açıqlamalara gəldikdə isə, bu, klassik ödənişli lobbiçilikdir.
Donald Tramp Avropa müttəfiqlərini müdafiə xərclərinin yetərli olmamasına görə sərt tənqid etmiş və ABŞ-ı NATO-dan çıxarmaqla hədələmişdir. Onun üslubu Avropa bürokratiyasına kobud və zərərli idi.
Lakin bütün açıqlamalarına baxmayaraq, Tramp NATO-nun səlahiyyətlərini üçüncü ölkələrin xeyrinə dəyişdirmədi. O müttəfiqlərdən təsirini konkret bir ölkəyə satmaq əvəzinə, kollektiv təhlükəsizlik üçün daha çox pul ödəmələrini tələb etdi. Lakin Rasmussen daha da irəli getdi. NATO-nun baş katibi kimi qazandığı nüfuzun qalıqlarından istifadə edərək, statusunu əmtəəyə çevirdi və onu ən yüksək qiymət təklif edənə satmağa başladı. Bu halda, Ermənistan hökumətinə.
Dünyanın ən böyük hərbi blokunun keçmiş rəhbəri regional münaqişədə tərəflərdən biri üçün muzdlu lobbiçi kimi işləməyə başlayanda və pullu ifadələri "ekspert rəyi" kimi təqdim etdikdə, bu, NATO-nun etibarlılığına Trampın deyə biləcəyi hər şeydən daha ciddi zərbə vurur.
Çünki Tramp siyasətçi kimi açıq danışır. Rasmussen və onun kimiləri "müstəqillik" və "mənəvi hakimiyyət" görünüşünü qorumağa çalışırlar, halbuki əslində onlar çoxdan sadəcə muzdlulara çevriliblər.
NATO-nun etibarlılığı təkcə xarici tənqiddən deyil, həm də yüksək vəzifələrdən ayrıldıqdan sonra bir vaxtlar rəhbərlik etdikləri təşkilatın nüfuzu ilə ticarət etməyə başlayan daxili "siçovullardan" da əziyyət çəkir.
Rasmussen keçmiş yüksək vəzifəli Qərb rəsmilərinin hətta ən şübhəli maraqları belə pul müqabilində müdafiə etməyə hazır olduqlarının parlaq nümunəsidir. Belə insanlar pulsuz "status vermirlər". Onlar qiymət siyahısına uyğun işləyirlər.
Və bu cür təcrübələr Qərb elitaları arasında norma olaraq qaldığı müddətcə, "dəyərlər", "mənəvi liderlik" və "qaydalara əsaslanan nizam" haqqında söhbətlər getdikcə boş səslənəcək.
Müəllif: Aqil Qəhrəmanov
Mənbə: Zerkalo.az
Tərcümə AYNA.AZ-a məxsusdur.