|
Yaxın Şərqdə yaşanan geosiyasi gərginlik və Hörmüz boğazının faktiki iflic vəziyyətinə düşməsi region ölkələrinin iqtisadiyyatına təsirsiz ötüşməyib. Yeniavaz.com xəbər verir ki, əgər 2026-cı ilin əvvəlində inflyasiya müəyyən qədər sabitləşmişdisə, hazırda əsas təzyiq enerji qiymətlərinin kəskin artımı fonunda istehlak bazarında hiss olunur. Region ölkələrində ümumi iqtisadi artım dinamikası hələ də müsbət qalsa da, Mərkəzi Bankların sərt pul siyasəti tətbiq etməsi riskləri artırır. Bu isə yaxın perspektivdə iqtisadi aktivliyə mənfi təsir göstərə bilər.
Azərbaycan: nisbi sabitlik, amma inflyasiya artır Azərbaycanda inflyasiya orta hesabla 5,6% təşkil edir və bu göstərici hədəf diapazonunu üstələyir. Artım tendensiyası hər il təxminən 1 faiz bəndi səviyyəsində davam edir. BVF-nin proqnozuna görə, ölkə iqtisadiyyatı 2026-cı ildə 2,8% böyüyəcək. Ekspertlər enerji sektorunun güclü mövqeyi sayəsində makroiqtisadi sabitliyin qorunduğunu bildirirlər.
Türkiyə: yüksək inflyasiya və zəifləyən lirə Türkiyədə illik inflyasiya aprelin sonunda 32,3%-ə yüksəlib. Mərkəzi Bank uçot dərəcəsini 37% səviyyəsində saxlasa da, milli valyuta dəyər itirməyə davam edir. Lirənin məzənnəsi 1 ABŞ dolları üçün 45,2 səviyyəsinə çatıb. Beynəlxalq Valyuta Fondu (BVF) ölkə iqtisadiyyatının 2026-cı ildə 3,2% artacağını proqnozlaşdırır, digər beynəlxalq qiymətləndirmələr isə bu göstəricini 3% civarında göstərir.
Ermənistan və Gürcüstan: yüksək artım, artan risklər Ermənistan regionda ən yüksək artım tempini qoruyur. BVF 2026-cı ildə ÜDM-in 5,3% artacağını gözləyir. Hazırda inflyasiya 4,5%, uçot dərəcəsi isə 6,4% səviyyəsindədir. Gürcüstanda da oxşar artım tempi müşahidə olunur – 2026-cı il üçün 5,3% proqnoz verilir. Lakin inflyasiya 5,9%-ə yüksələrək hədəf səviyyəni əhəmiyyətli dərəcədə ötüb. Bu artım əsasən enerji qiymətlərinin, xüsusilə neftin 80% bahalaşması ilə əlaqələndirilir. Milli valyuta nisbətən sabit qalır – dolların məzənnəsi orta hesabla 2,69 lari təşkil edir.
Rusiya: zəif artım və fiskal təzyiq Rusiyada iqtisadi artımın 2026-cı ildə 1%-dən aşağı olacağı gözlənilir. Hökumətin öz proqnozu daha pessimistdir – təxminən 0,5%. Bu vəziyyət struktur problemlər və davam edən sanksiyalarla izah olunur. Ölkədə inflyasiya 5,8% səviyyəsindədir, uçot dərəcəsi isə 14,5% təşkil edir. Əmək bazarındakı çatışmazlıq və hərbi xərclərin artması inflyasiyaya əlavə təzyiq yaradır. Eyni zamanda, rekord büdcə kəsiri və azalan gəlirlər Moskva üçün əsas iqtisadi çağırış olaraq qalır.
Geri qayıt
|