Əsas Səhifə > Güney Press > Anasına 13 bıçaq zərbəsi vuran şəxs:

Anasına 13 bıçaq zərbəsi vuran şəxs:


Bu gün, 08:10

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində anasını öldürməyə cəhddə təqsirləndirilən Bayram Hacızadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə araşdırmasının detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, prosesdə ittiham aktı elan olunub.

İrəli sürülmüş ittihama əsasən, təqsirləndirilən şəxs anası Vəsilə Hacızadəni (adı, soyadı şərtidir) şəxsi münasibətlər zəminində yaranmış narazılıq səbəbindən onu qəsdən öldürmək qərarına gəlib. Bildirilir ki, ailədə atası və qardaşı ilə birlikdə narkotik vasitə istifadə etmələri, həmçinin qadının bu səbəbdən ailəni tərk edərək ayrı yaşaması onun psixoloji vəziyyətinə təsir göstərib. Nəticədə o, anasına qarşı qisas niyyəti formalaşdırıb.

İstintaq materiallarına görə, hadisə 2025-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib. Bayram Hacızadə anasının yaşadığı evə gələrək onunla mübahisə edib, daha sonra isə niyyətini həyata keçirmək üçün mətbəxdən bıçaq götürərək yataq otağına keçib və zərərçəkmiş şəxsə çoxsaylı zərbələr endirib.

Məhkəmə materiallarında qeyd olunur ki, Vəsilə Hacızadəyə ümumilikdə 13 bıçaq xəsarəti yetirilib. Bu xəsarətlərdən biri – döş qəfəsinin arxa səthində sol kürəkaltı nahiyədə yerləşən, plevra boşluğuna qan və hava yığılması ilə nəticələnən deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli ağır xəsarət kimi qiymətləndirilib. Digər çoxsaylı xəsarətlər isə bədənin müxtəlif nahiyələrində qeydə alınıb və sağlamlığa yüngül zərər vurmaya aid edilib.

Hadisə zamanı Bayram Hacızadənin hərəkətlərindən sonra yaranmış fasilədən istifadə edən qadın qaçaraq xilas ola bilib. Ona vaxtında tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib. Bu səbəbdən təqsirləndirilən şəxs qəsdən adam öldürmə niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib və əməli qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilib.

Məhkəmə istintaqı zamanı Bayram Hacızadə özünü qismən təqsirli bilərək deyib ki, hadisə günü emosional vəziyyətdə olub və hərəkətləri özündən asılı olmayıb O, anasının tək yaşamasını qəbul etmədiyini, evdə pivə şüşəsi tapmasının və anasının davranışlarının onu bu vəziyyətə gətirdiyini deyib.

Eyni zamanda Bayram Hacızadə bildirib ki, anasını öldürmək niyyəti olmayıb və hadisədən sonra Corat qəsəbəsinə gedərək atasına baş verənləri danışıb. Daha sonra atasının müşayiəti ilə polisə gedərək təslim olub.

Lakin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər aşkar edilib. Bu səbəbdən Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddəsinə əsasən onun əvvəlki ifadəsi elan olunaraq tədqiq edilib.

İbtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs Vüsalənin təxminən bir il əvvəl ailəni tərk edərək Saray qəsəbəsində tək yaşamağa başladığını, onun davranışlarının dəyişdiyini və başqa şəxslə münasibətdə olmasından şübhələndiyini bildirib. O, bu səbəbdən anasına qarşı mənfi münasibət formalaşdığını və hadisə günü yas mərasimində olarkən bu düşüncələrin yenidən gücləndiyini qeyd edib.

Həmin ifadəyə görə, Bayram anasının evinə gedərək əvvəlcədən qərarlaşdırdığı niyyətlə mətbəxdən bıçaq götürüb və qonaq otağında qadına çoxsaylı zərbələr endirib. Zərərçəkmiş şəxsin qışqırması onu ayıldıb və əməlini dayandıraraq hadisə yerindən uzaqlaşıb. Daha sonra atasına hadisə barədə məlumat verib və birlikdə polisə gedərək təslim olub.


Geri qayıt