Əsas Səhifə > Güney Press > SEPAH-dan şübhəli anons

SEPAH-dan şübhəli anons


Bu gün, 10:14

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanlığı Fars körfəzinin idarə olunması ilə bağlı yeni qaydaları İranın ali rəhbəri Müctəba Xameneinin müəyyən edəcəyini açıqlayıb.

SEPAH vurğulayıb ki, Hərbi Dəniz Qüvvələri İranın Fars körfəzi və Hörmüz boğazı boyunca təxminən 2 min kilometr sahil xəttinə nəzarət edəcək və bu su hövzəsini İran xalqı üçün “yaşayış mənbəyinə”, həmçinin regionun “təhlükəsizliyi və rifahının mənbəyinə” çevirəcək.

Globalinfo.az-a danışan Yaxın Şərq üzər ekspert Vüqar Zifəroğlu deyib ki, İranın bu istiqamətdə müəyyən addımlar atmaq imkanı var:

“Ölkənin hərbi-strateji mövqeyi, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) vasitəsilə körfəzdə aktiv hərbi mövcudluğu Tehrana qısa müddətli təsir imkanı verir və müəyyən risk mühiti yarada bilər. Bu isə faktiki olaraq de-fakto nəzarət elementləri formalaşdırır, beynəlxalq ticarətə psixoloji və iqtisadi təzyiq göstərir.

Lakin bu yanaşmanın davamlı və sistemli şəkildə işləməsi şübhəlidir. Fars körfəzi və xüsusilə Hörmüz boğazı qlobal enerji təhlükəsizliyinin əsas arteriyalarından biridir. Dünya neft ticarətinin əhəmiyyətli hissəsi məhz bu marşrutdan keçir. Ona görə də hər hansı bir dövlətin bu su yolunu birtərəfli qaydada nəzarətə götürməsi beynəlxalq güclərin sərt reaksiyası ilə qarşılanır.

Beynəlxalq hüquq baxımından da İranın belə qaydalar tətbiq etməsi mübahisəlidir. Dəniz hüququ prinsiplərinə görə, strateji boğazlarda tranzit keçid azadlığı qorunmalıdır. Bu isə o deməkdir ki, İran faktiki nəzarət imkanlarına malik olsa da, hüquqi legitimlik baxımından məhdudiyyətlərlə üzləşir”.


Geri qayıt