Əsas Səhifə > Güney Press > Putin müharibəyə hazırlaşır:

Putin müharibəyə hazırlaşır:


Bu gün, 15:12

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla telefon danışığında İranla müharibə, xüsusən də zənginləşdirilmiş uranla bağlı Vaşinqtona yardım təklif edib.

Trampın açıqlamasına görə, o, Putinə əvvəlcə Ukraynadakı müharibəyə son qoymasının daha vacib olduğunu bildirib. Tramp bundan başqa Putinlə söhbətin çox yaxşı olduğunu və Ukraynadakı münaqişəyə həllin nisbətən tez olacağını bildirib.

Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Putinin 9 May paradına qədər atəşkəs elan etməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, Putin bu barədə telefon danışığı zamanı ABŞ Prezidenti Donald Trampı məlumatlandırıb.

Bundan başqa, Donald Tramp Böyük Britaniya Kralı III Çarlzla görüş zamanı Putinin müharibəyə hazırlaşdığını bildirib. Danışığın təfərrüatları barədə dodaq oxuyucusu Nikola Hiklinqə istinadən Britaniyanın “Daily Mail” qəzeti yazıb.

Ekspertin sözlərinə görə, III Çarlz mövzunu dəyişdirməyə çalışaraq Ukrayna məsələsinə daha sonra qayıtmağı təklif edib. Lakin Tramp məsələni davam etdirib və Kral böhranı başqa vaxt müzakirə etməyin daha yaxşı olacağını təkrarlamaq məcburiyyətində qalıb.

Moskvanın həm İran məsələsində vasitəçi roluna can atması, həm də Ukraynada atəşkəs təşəbbüsü irəli sürməsi Kremlin paralel olaraq iki cəbhədə geosiyasi təsir imkanlarını qorumağa çalışdığını göstərir.

"Cebheinfo.az"-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, burada köməkdən söhbət getmir. O qeyd edib ki, Rusiya tərəflər arasında danışıqların keçirilməsi və müəyyən həll olunmamış məsələlərin müzakirəsi üçün vasitəçilik təklif edir:

“Yəni burada Amerika tərəfinin İrana qarşı savaşı ilə bağlı bir məsələ nəzərdə tutulmur. Rusiya İranı müdafiə edir və əslində hazırkı qarşıdurmada İranın müqavimət gücünün artmasında Rusiyanın verdiyi kəşfiyyat məlumatlarının, eləcə də müəyyən texnoloji vasitələrin rol oynadığı da istisna edilmir.

Rusiya münasibətləri normal səviyyədə saxlamaqla öz strateji hədəflərinə çatmağa çalışır. Yəni bir tərəfdən Ukraynada müharibəni davam etdirir, digər tərəfdən isə İranla ABŞ arasında vasitəçilik təklifi ilə çıxış edir.

Amma nəzərə alsaq ki, ABŞ bunda çox da maraqlı deyil, Moskva əslində özü də ABŞ-nin uzun müddət Yaxın Şərq bataqlığında ilişib qalmasında maraqlıdır”.

Politoloq əlavə edib ki, Rusiyanın İran üzərində müəyyən təsir imkanları mövcuddur və tərəflər strateji tərəfdaş hesab olunur:

“Zənginləşdirilmiş uran məsələsinə gəldikdə isə hələ 2015-ci ildə altılıq ölkələri ilə İran arasında əldə olunmuş razılaşmalara əsasən, həmin zənginləşdirilmiş uranın üçüncü ölkələrə, o cümlədən Rusiyaya verilməsi variantı müzakirə edilirdi.

Amma o vaxtdan bəri bununla bağlı hansısa bir ciddi addım atılmayıb. Nəzərə alaq ki, Rusiyanın İran üzərində müəyyən təsir imkanları var və tərəflər strateji tərəfdaş hesab olunur, xüsusilə də İranın nüvə proqramında Moskvanın rolu danılmazdır.

Hazırda da Rusiya mütəxəssisləri İranda bu sahədə fəaliyyət göstərirlər. O baxımdan, Putinin məqsədi həm də Rusiyanın qlobal aktor olduğunu nümayiş etdirmək, həm də ABŞ-İran qarşıdurmasını dayandırmaq istiqamətində bağlı addımlar atmaqdır.

Bu, həm də Rusiyaya siyasi dividentlər qazandırır”. Oqtay Qasımov vurğulayıb ki, 9 Mayla bağlı atəşkəs məsələsi müəyyən müddəti deyil, məhz həmin günün özünü əhatə edir:

“Bu, 9 Maya qədər deyil, məhz 9 May günü ilə əlaqədardır. Adətən Rusiya həmin tarixi hərbi güc nümayişinə çevirməyə çalışır. Çünki həmin gün Rusiyada hücumların olmaması, sakitliyin və sabitliyin olması Putin üçün vacibdir.

Müharibənin davam etdirilməsinə gəlincə, Putin, əlbəttə ki, Ukraynada savaşı davam etdirmək niyyətindədir və hələ də qarşıya qoyduğu hədəflərə çatmayıb. Doğrudur, artıq beşinci ildir ki, bu müharibəni davam etdirmək Rusiya üçün də asan deyil.

Xüsusilə nəzərə alsaq ki, son dövrlər Ukraynanın Rusiyaya endirdiyi zərbələr davamlı xarakter alıb və daha çox həssas strateji obyektlər hədəfə çevrilir. Bu baxımdan, Putinin əsas niyyəti bəllidir.

Yəni Ukraynada məqsədlərinə çatmaq, ABŞ ilə İran arasında vasitəçilik cəhdləri ilə Rusiyanın rolunun artmasına şərait yaratmaq, eyni zamanda ABŞ ilə münasibətləri normal səviyyədə saxlayaraq Ukrayna məsələsində Amerikanın dəstəyini müəyyən qədər təmin etməkdir”.


Geri qayıt