Əsas Səhifə > Güney Press > “Arvadla doğuşa girən kişi nəyə lazım?”

“Arvadla doğuşa girən kişi nəyə lazım?”


Bu gün, 11:05

Son illərdə kişilərin həyat yoldaşlarına emosional dəstək göstərmək istəyi doğuş otaqlarına qədər uzanıb. Buna qədər film və seriallarda, xarici xəbərlərdə izlədiyimiz kişilərin doğuş prosesində iştirak etməsi artıq ölkəmizdə də müşahidə olunur. İndi ata namizədlər övladının dünyaya gəlməsi anını canlı izləmək istəyirlər.

Bu tendensiya milli adət-ənənələri üstün tutan cəmiyyətin düşüncəsində hələ ki özünə yer edə bilmir. Yeni nəsil bunu ailə bağlarını gücləndirən, ata məsuliyyətini artıran müsbət dəyişiklik kimi qiymətləndirir, ancaq onların sələfləri “şit” hesab etdikləri bu hərəkəti ənənəvi rolların pozulması kimi görür və qəbul etmirlər.


Bu mövzu ətrafında müxtəlif fikirləri öyrənmək üçün öncə “yol böyüyündür” prinsipinə sadiq qalaraq ağsaqqal mövqeyi almağa çalışdıq. Eşitdiyimiz cavab isə kifayət qədər sərt oldu. Bizə “gedib düz-əməlli işlə məşğul ol”mağı məsləhət görən 87 yaşlı həkim-fizioterapevt Rəşid Mahmudov həmişəki ampluasında məsləhətlərini sıraladı. Maraqlıdır ki, azərbaycanlı ağsaqqal kişilik dərsini rusdan almağı tövsiyə edərək bizi rus yazıçısı Belinskiyə yönəltdi. Belə çıxdı ki, Belinski “O boyda Puşkinin müəllimi” olubsa, bizim kişiləri daha yaxşı ram edə bilər.

Ağsaqqal həkim dilə gətirməsə də böyük ehtimalla yazıçının məşhur “Arvadaoxşar kişilər insanlığa edilmiş ən böyük təhqirdir” deyimini nəzərdə tutur.

R.Mahmudov mühafizəkar mövqeyini qoruyaraq kişilik anlayışının zəifləməməli olduğunda israrlıdır:

“Kişidən söhbət gedirsə kişi kişidir, arvadla doğuşa girən kişi nəyə lazım?”

Bu yanaşmanı çoxları prinsipial və dəyişməz dəyər kimi qoruyur. Yeni nəsil üçünsə köhnəlmiş fikirdən başqa bir şey deyil. Çünki cəmiyyət dəyişdikcə, düşüncələr dünyəviləşdikcə, “kişilik” anlayışı Belinskinin “əyar”ına uyğun gəlmir. Üstəlik atanın doğuşda iştirak edib-etməməsini təkcə kişinin seçimi deyil, xanımı da bunu tələb edə bilər.

Qeyd edək ki, Azərbaycanda doğuş zamanı qadının yaxınlarından bir nəfərin əməliyyatda iştirakına icazə verilir. Dövlət xəstəxanalarında buna xoş baxılmasa da, özəl klinikalarında əməliyyatda qadının həyat yoldaşı iştirak edə bilər, ancaq doğuş xərcindən əlavə, həyat yoldaşının iştirakı üçün əlavə ödəniş etməlidir.


Amma əksər mama-ginekoloqlar kişilərin prosesdə iştirakını əlavə problem hesab edirlər. Çünki həyat yoldaşının çəkdiyi ağrılara laqeyd qala bilməyən kişilər soyuqqanlılığı qorumaqda çətinlik çəkir, həyəcanlanıb problem yarada, həkimin işinə müdaxilə edə bilərlər.

Bizim.Media


Geri qayıt