Əsas Səhifə > Güney Press > Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz

Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz


Bu gün, 10:58

Boş vaxtlarını səmərəli dəyərləndirmək niyyətinə aktyorluqla məşğul olan Türkay Cəfərlini maraqlı edən bir nüans var, o da elə adının Türkay olmasıdır. Etiraf edək ki, bu ad hər dəqiqə rast gəlinən ad deyil. Türkay adı adama nəsə desə də, ancaq Türkay Cəfərlinin özü heç nə deyə bilmir.

Bir sözlə, adı kino üçün maraqlı olsa da, özü qətiyyən belə deyil. Bəlkə də, Türkay Cəfərlinin maraqlı, istedadlı olmaqdan xoşu gəlmir heç. O and içib ki, fəaliyyəti dövründə zərrə qədər maraqlı olmayacaq və istedad nümayiş elətdirməyəcək.

Doğrudur, Türkay ən azından özünü Tural Əhməd kimi boğub öldürüb şeir demir. Ancaq elə o da Tural Əhməd kimi səhnədə fərqlənə bilmir. Gənc və enerjili olmağına baxmayaraq, bu enerjini hiss etdirə, tamaşaçıya müsbət hisslər ötürə bilmir. Bəs bu gənclik, bu enerji, o faktura nəyə lazımdır?

Maraqlıdır ki, bu gün çox da böyük istedadı olmayan yaşlı aktyorlar, aktrisalar ən azı cavanlıqlarında bir rol da belə olsa, alındıra biliblər. Məhz o bir rol da ömür boyu onları qaldırıb. Ancaq di gəl, bizim bu gənclər artıq gənclik yaşının çıxhaçıxındada olsalar da, uğurlu bir rolları yoxdur. Varsa, məsələn, kim Türkay Cəfərlini hansı rolu ilə xatırlayır? Sənət adamları yox, siravi tamaşaçı Türkay Cəfərli deyirmi? Deyəndə gözünün önündə nə canlanır?

Türkay 20-dən çox filmdə, serialda rol alıb. Hara nə qoyub? İndi bu qədər işində içində bir rejissor kəşf edə bilmədi Türkayı?

Məsələn, Türkay müsahibələrinin birində deyir ki, sən aktyorsansa, qapı-qapı döyüb mənə rol verin deməlisən. Veriblər də, dostum. Teatrda da işləyirsən. Niyə parlaya bilmirsənin? Hanı sənin ulduzun? Bəlkə, artıq uğursuzluqları rejissorlarən üstünə atmağı dayandıraq? Bəlkə bir özümüzə də baxaq?

Hansı rejissor istedadlı aktyora rol verməz? Səndə kinoya çəkilmək üçün bütün həmyaşıdlarından fərqlənən faktura da var, bəs niyə rol verməsinlər? Ola bilər ki, yaxşı bacarmırsan?

Ümumiyyətlə, elə aktyorlar var ki, onlar tutuzdura bildikləri cəmi bir rolun içində qalırlar, çıxa bilmirlər. Məsələn, Türkay Cəfərlinin içində qaldığı, çıxa bilmədiyi bir rol da yoxdur. Bir gün qocalanda kim onun gənclik illərindəki hansı rolunu xatırlayacaq? Nəyi deyib ağlayaq, Türkay?

Ən qəribəsi də budur ki, Türkay sanki öz zəifliyini anlamır. Özünü elə aparır ki, guya daxilində partlamağa hazır bir vulkan var. Doğrudur, var o vulkan, amma bu vulkanın içi sementlə doldurulub. Nə partlayır, nə tüstülənir. Maksimum, bir az toz qalxır, o da təsadüfən.

Türkayı bir neçə məqamda görsəm də, heç vaxt onun əsas məqamını müəyyən edə bilməmişəm. Türkay adətən mənfi rolları oynayır. O elə bilir ki, mənfi rolları çox yaxşı bacarır, nifrət yaradaraq sevgi qazanacaq. Mənfi rolları yaxşı bacarmaq, əlbəttə, sevgi qazandırır. Ancaq bunun Türkaya nə dəxli var, onu bilmirəm. Onun müharibə ilə bağlı çəkildiyi filmə baxanda da ətim Tural Əhmədə tökülən kimi tökülüb. Türkay özünü Məlik Dadaşov kimi hiss etmək istəyib. Yəni sadəcə istəyib. Olsun, istəmək azaddır. Mənfi obraz yaratmaq üçün daxili qaranlıq, psixoloji dərinlik lazımdır. Türkayda isə bu qaranlıq yox, sadəcə işıq çatışmazlığı var. O, pis adam rolunu oynayanda qorxulu yox, yorucu görünür.

Onun teatr səhnəsində də görmüşəm. Spinozanın Tanrısında. Tək söz deyə bilərəm:

“Heç nə, Allah köməyi olsun”.

Onsuz da, Türkaya daha bundan sonra şəxsən Allah özü kömək olmasa, bir şey çıxası deyil.

Ata ocağından tutmuş digər bir neçə filmi, serailı sadalayıb təhlil etməyə də ehtiyac yoxdur. Daha dəqiq, gərək nəsə olsun ki, təhlil edəsən. Boşluq haqqında danışmaq o qədər də asan deyil.

Bəlkə də, problem ondadır ki, Türkay aktyor olmaq istəmir, sadəcə aktyor kimi görünmək istəyir. Çünki aktyor olmaq ağrılı prosesdir. Axtarış, uğursuzluq, özünü parçalamaq- nə desən var. Türkay isə sanki bu mərhələlərin hamısında “next”-i vurub, birbaşa nəticəyə keçmək istəyib. Nəticə isə ortadadır. Yəni yoxdur.

Orxan Saffari

Gununsesi.info


Geri qayıt