Əsas Səhifə > Güney Press > Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur

Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur


Bu gün, 10:39

Aprelin 22-də Kiprdə ikitərəfli (Ermənistan-Kipr) və üçtərəfli formatlarda(Ermənistan-Yunanıstan və Kipr) müdafiə məsləhətləşmələri keçirilib. Musavat.com “ Xronika Kavkaza” istinadəmn xəbər verir ki, görüşlərdən sonra tərəflər illik hərbi əməkdaşlıq proqramlarını imzalayıblar.Nümayəndə heyətləri müdafiə islahatlarını və regional təhlükəsizliyi müzakirə ediblər və əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. İştirakçılar son illərdə tərəfdaşlıqlarının dinamik inkişafını yüksək qiymətləndiriblər.

Maraqlıdır ki, bir neçə gün əvvəl İsrail 2026-cı il üçün Yunanıstan və Kiprlə Türkiyəyə qarşı yönəlmiş birgə hərbi əməkdaşlıq proqramı imzalayıb. Sözügedən proqram Aralıq dənizində Türkiyəyə qarşı tədbirlərin əlaqələndirilməsi məqsədilə hazırlanıb.

Məlumatlarda qeyd olunub ki, razılaşma üç tərəf arasında birgə hərbi təlimlərin keçirilməsini, xüsusi təyinatlı qüvvələrin hazırlanmasını, yüksək səviyyəli görüşlərin və hərbi məsləhətləşmələrin təşkilini nəzərdə tutur.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Yunanıstan və Kiprə xəbərdarlıq edərək bildirib ki, Türkiyəyə qarşı siyasət aparmaq etibar yaratmır, əksinə, gərginlik və problemlərə səbəb ola bilər. Fidan vurğulayıb ki, Yunanıstan NATO üzvüdür, Kipr isə Avropa İttifaqı dəstəyinə malikdir və İsraillə hərbi əməkdaşlığa ehtiyac yoxdur. Nazir deyib: “Bu ittifaq təkcə Türkiyə üçün deyil, həm də bölgədəki digər müsəlman ölkələri üçün narahatlıq doğurur və onlar bu barədə bizə məlumat verirlər”.

Seçkilər ərəfəsində olan Ermənistan hakimiyyəti bir tərəfdən bölgədə sülhdən və Türkiyə ilə sərhədi açmaq niyyətindən danışır, xarici siyasət kursunda isə anti-Türkiyə xəttini dəstəkləyir. Kipr və Yunanıstanla keçirilən müdafiə məsləhətləşmələri və imzalanan hərbi əməkdaşlıq proqramları sadəcə texniki sənədlər deyil — bu, daha geniş geosiyasi xəttin tərkib hissəsidir. Aralıq dənizində Türkiyəyə qarşı formalaşan bloklaşma cəhdləri artıq açıq müstəviyə keçib və İrəvan bu prosesdə özünə yer tapmağa çalışır.

Bu yanaşma Ermənistanın ənənəvi təhlükəsizlik arxitekturasından uzaqlaşaraq yeni müttəfiqlər axtarışına çıxdığını göstərir. Lakin burada əsas sual yaranır: İrəvan həqiqətən öz təhlükəsizliyini möhkəmləndirir, yoxsa daha böyük qarşıdurmaların bir hissəsinə çevrilir?

Hakan Fidanın xəbərdarlığı da təsadüfi deyil. Türkiyə açıq şəkildə bildirir ki, bu cür ittifaqlar etimad yaratmır, əksinə, regionda gərginliyi artırır. Əslində isə bu, yalnız Türkiyəyə qarşı deyil, bütövlükdə regionun sabitliyinə yönəlmiş riskdir.
Ermənistanın bu addımı Cənubi Qafqaz üçün də yeni reallıqlar yarada bilər. Çünki regiondan kənarda qurulan hərbi-siyasi əlaqələr gec-tez yerli balanslara təsir edir. İrəvanın “uzaq müttəfiqlər” strategiyası qısamüddətli siyasi dividendlər vəd etsə də, uzunmüddətli perspektivdə onu daha mürəkkəb geosiyasi oyunların içərisinə çəkə bilər.

Ermənistanın bu kursu regionda əməkdaşlıqdan çox qarşıdurma riskini artıran xətt kimi görünür. Bu isə təkcə Türkiyə ilə münasibətləri deyil, bütövlükdə bölgədə sabitliyi sual altına qoyur.

Musavat.com


Geri qayıt