Əsas Səhifə > Güney Press > Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü

Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü


Bu gün, 09:52

Nərimanov Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Rüstəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Milli Məclisin Qərarı tətbiq edilməklə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və cinayət iş üzrə icraata xitam verilib. Rüstəm Məhərrəmov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və dərhal məhkəmə iclas zalından həbsdən azad edilib.

İttihama əsasən, Rüstəm Məhərrəmov özünü nüfuzlu və işgüzar şəxs, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək vəzifəli əməkdaşı kimi təqdim edərək zərərçəkmiş Məlahət Kamalovanın (adı, soyadı şərtidir) etibarını qazanıb. O, zərərçəkmiş şəxsə övladına II qrup əlillik təyin etdirilməsi və sosial müavinət alınmasına köməklik göstərə biləcəyini vəd edib. Bu məqsədlə 13 000 manat məbləğində pul tələb edərək, vədinə inandırmaqla qadını aldadıb.

Beləliklə, 21 aprel 2023-cü il tarixdən 10 may 2024-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla Məlahət Kamalova tərəfindən onun bank hesabına ümumilikdə 12 300 manat pul köçürülüb. Bundan əlavə, 10 may 2024-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində “LeoBank” mobil tətbiqi vasitəsilə digər şəxsə məxsus bank kartına əlavə olaraq 700 manat vəsait göndərilib.

Nəticədə, təqsirləndirilən şəxs ümumilikdə 13 000 manat məbləğində pulu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurub. Onun bu hərəkətləri Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə – dələduzluq, yəni xeyli miqdarda ziyan vurmaqla törədilmiş əməllər kimi qiymətləndirilib.

Məhkəmə iclasında Rüstəm Məhərrəmov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsdən 13 000 manat deyil, 12 000 manat pul alıb. Bildirib ki, zərərçəkmiş şəxslə tanışlığı onun cəzaçəkmə müəssisəsində olduğu dövrdə qadının yaxını vasitəsi ilə yaranıb. Zərərçəkmiş şəxs övladının səhhəti ilə bağlı ona pensiya düzəldilməsi üçün müraciət etdikdən sonra o, bu işi həll edə biləcək tanışlarının olduğunu deyərək pul alıb.

Rüstəm Məhərrəmovun sözlərinə görə, əldə edilən vəsaitin yalnız bir hissəsi – təxminən 2 000 manatı ona çatıb, qalan məbləğ isə bu işi görəcəyini düşündüyü digər şəxslərə verilib. Təqsirləndirilən şəxs həmçinin pulu əsasən bank köçürməsi yolu ilə aldığını, bir hissəsini isə nağd şəkildə qəbul etdiyini bildirib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, Rüstəm Məhərrəmov ibtidai istintaqda verdiyi ifadəsində özünü ittiham üzrə tam təqsirli bilib. Onun daha əvvəl də dələduzluq cinayətinə görə məhkum olunduğu, sonradan amnistiya aktı əsasında azadlığa buraxıldığı müəyyən edilib.

O, əlavə olaraq ifadəsində 2009-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin bakalavr pilləsini bitirdiyini və 2009-cu ildən 2020-ci ilədək Sabirabad rayon orta məktəbində riyaziyyat müəllimi vəzifəsində işlədiyini söyləyib.

Məhkəmə baxışının sonunda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirib və dəymiş ziyanın ödənilməsi üçün ona vaxt verilməsini xahiş edib. Eyni zamanda, barəsində amnistiya tətbiq olunaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən rica edib.

Qeyd: Rüstəm Məhərrəmov 2021-ci ildə dələduzluqda təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum olunub, Xəzər rayon Məhkəməsinin qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılıb. Rüstəm Məhərrəmovun cəzası çəkmiş hesab olunub.


Geri qayıt