Əsas Səhifə > Güney Press > Nə qədər alsaq da, çatmır:

Nə qədər alsaq da, çatmır:


Bu gün, 17:57

Azərbaycanın ət idxalına çəkdiyi xərclərdə artım müşahidə olunur.

Belə ki, bu ilin ilk üç ayında ölkəyə idxal edilən ətin həm həcmi, həm də dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə yüksəlib. Bu ilin yanvar-mart aylarında Azərbaycan 12 min 299 ton ət idxal edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə ətin dəyəri 28 milyon 630 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 410 ton (3,4 %), dəyər baxımından isə 3 min 805 min dollar (15,3 %) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni təşkil edib. Bu artım fonunda Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində azalma qeydə alınsa da, müsbət saldo əhəmiyyətli dərəcədə yüksəlib.

Ət idxalında artım tendensiya yerli istehsala necə təsir edir?

2026-cı ilin ilk rübündə ət idxalının həm həcm, həm də dəyər baxımından artmasının əsas səbəbləri nədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, 2026-cı ilin ilk rübündə ət idxalının həm həcm, həm də dəyər baxımından artmasının bir neçə səbəbi var.

Onun sözlərinə görə, bunlardan birincisi, daxili tələbatın artmasıdır:

“Yanvar-fevral aylarında ölkədə ət istehsalı cəmi 2% artıb, amma istehlak daha sürətlə çoxalır. Əhali artır, turizm canlanır, restoran sektoru genişlənir. Yerli istehsal tələbi tam bağlamayanda, fərq idxalla örtülür.

İkincisi, dünya bazarında ətin qiyməti qalxıb. Yemin, gübrənin, yanacağın bahalaşması, Ukraynadakı müharibə, quraqlıq və heyvan xəstəlikləri səbəbindən Braziliya, Ukrayna, Rusiya, Belarus kimi əsas tədarükçü ölkələrdə malın maya dəyəri artıb. Logistika da bahalaşıb.

Yaxın Şərqdəki gərginlik, Süveyş kanalı riskləri daşıma xərcini qaldırır. Nəticədə eyni həcmdə ət almaq üçün daha çox dollar ödəyirik. Dövlət Gömrük Komitəsinin rəqəmlərinə görə yanvar-fevralda idxal cəmi 0,1% artsa da, dəyər 13,9% yüksəlib və 17,8 milyon dollara çatıb.

Üçüncüsü, yerli heyvandarlığın xərcləri çoxalıb. Yem, dərman, peyvənd, enerji, işçi qüvvəsi bahalaşıb. Xırda və orta fermer maya dəyərindən aşağı satmaq istəmir, ona görə istehsalı artırmır.

İri təsərrüfatlar da damazlıq malı çoxaltmaq əvəzinə kökəltməyə üstünlük verir, çünki qısa müddətdə pul gətirir. Belə olanda, daxili təklif zəif qalır və idxal boşluğu doldurur.

Dördüncüsü, keyfiyyət və çeşid məsələsidir. Emal müəssisələri, otellər, restoran şəbəkələri standart kəsim, dondurulmuş, hissələrə ayrılmış ət istəyir.

Yerli kəsim məntəqələrinin çoxu bu standartı vermir. Ona görə kolbasa, sosiska sexləri və HoReCa sektoru idxal ətlə işləməyə məcburdur. Kolbasa istehsalı 17,6% artıb, bu da ətə tələbi qaldırır”.

Akif Nəsirli əlavə edib ki, ət idxalına çəkilən xərclərin artması daxili bazarda qiymətlərə birbaşa təsir edir:

“İdxal əti bahalaşanda, topdansatış bazasında qiymət qalxır. Yerli istehsalçı da öz malını ucuz satmır, deyir ki, idxal 20 manatdırsa, mən niyə 17-yə verim? Beləliklə, idxal qiyməti bazarda tavan rolu oynayır və yerli malı da özü ilə yuxarı çəkir.

Xüsusilə sümüksüz mal əti, dondurulmuş toyuq, hindquşu kimi idxaldan asılı seqmentlərdə artım daha tez hiss olunur. Marketdə dondurulmuş ət, yarımfabrikat, kolbasa-sosiska məhsulları ilk bahalaşan olur. Daha sonra bu, bazardakı təzə ətə də sirayət edir, çünki alıcı alternativ tapmayanda, təzə ətə üz tutur və orda da tələb qalxır”.

İqtisadçı vurğulayıb ki, burada valyuta məzənnəsi də rol oynayır:

“Dollar və ya avro bahalaşanda, idxal ətinin manatla qiyməti avtomatik qalxır. 2026-cı ildə qlobal risklərə görə dollar möhkəmlənib, bu da idxal xərcini artırır.
Uzunmüddətli təsiri isə belədir: idxaldan asılılıq artsa, ölkə dünya qiymətlərinə və valyuta sıçrayışlarına daha həssas olur.

Bu gün 15% artan xərc sabah 30% ola bilər. Yerli heyvandarlıq dəstəklənməsə, yem bazası, damazlıq işi, güzəştli kredit, sığorta mexanizmləri güclənməsə, idxal payı daha da böyüyəcək. Onda daxili qiymətlər tamamilə xarici bazardan asılı qalacaq.

Çıxış yolu yerli istehsalı stimullaşdırmaqdır. Yem bitkisi əkinləri genişləndirilməli, silos, yonca, qarğıdalı sahələri artırılmalıdır. Damazlıq təsərrüfatlar dövlət dəstəyi ilə çoxalmalı, süni mayalanma, cins tərkibi yaxşılaşdırılmalıdır.

Kəsim məntəqələri standartlaşdırılıb sertifikatlaşdırılsa, otellər və emal müəssisələri yerli mal alar. Belə olanda, idxalın payı azalar və qiymətlər xarici şoklara daha davamlı olar”.


Geri qayıt