Əsas Səhifə > Güney Press > Bakı metrosu yenə “sinifdə qaldı”
Bakı metrosu yenə “sinifdə qaldı”Bu gün, 16:26 |
|
Xəbər verildiyi kimi, "Bakı Metropoliteni" QSC-nin "Qara Qarayev-Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. "Bakı Metropoliteni"nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Nəticədə minlərlə sərnişin ödəniş etdiyi halda metrodan istifadə edə bilməyib. Bu hadisə sərnişinlərin stress yaşamasına səbəb olub. Aralarında yaşlı, xəstə insanlar, uşaqlar, tələbələr olmaqla, yüzlərlə sərnişin texniki nasazlığa görə biçarə qalıb. Üstəlik, həm zaman itiriblər, həm də pul. Bir sözlə, açıq qalan sual çoxdur. Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev Musavat.com-a şərhində bildirib ki, belə hallar ictimai nəqliyyat sisteminin həm texniki, həm də idarəetmə baxımından hələ də tam dayanıqlı qurulmadığını göstərir. Ekspert hesab edir ki, bu tip 1 saatlıq dayanmalara adətən elektrik təchizatında nasazlıq, siqnalizasiya və idarəetmə sistemlərində problem, qatarların texniki nasazlığı, tunellərdə təhlükəsizlik riski və ya fövqəladə hallar səbəb olur: "Bakı metrosu köhnə infrastrukturla artan sərnişin axını arasında balans yaratmaqda çətinlik çəkir və bu da belə kütləvi problemlərə gətirib çıxarır. Üstəlik, operativ məlumatlandırmanın zəifliyi və alternativ nəqliyyatın dərhal təşkil olunmaması vəziyyəti sərnişinlər üçün daha da ağırlaşdırır. Çıxış yolu kompleks yanaşmadır. İlk növbədə texniki infrastruktur modernləşdirilməli, ehtiyat enerji və siqnal sistemləri qurulmalıdır ki, bir xətdə problem yarananda bütün sistem dayanmasın. Eyni zamanda real vaxt məlumatlandırma gücləndirilməli, sərnişinlər dərhal məlumat almalıdır. Belə hallarda əlavə avtobuslar və ekspress marşrutlar operativ şəkildə təşkil olunmalıdır. Xidmət keyfiyyətinə görə məsuliyyət mexanizmi də gücləndirilməlidir ki, bu cür fasilələrin qarşısının alınmasına daha ciddi yanaşılsın". Ödəniş məsələsinə gəldikdə isə ekspert qeyd edib ki, xidmət göstərilməyibsə, ödənişin hüquqi əsası zəifləyir: "Sərnişin kartdan istifadə edib lakin xidmətdən yararlana bilməyibsə, həmin məbləğin geri qaytarılması və ya balansda bərpası mümkün olmalıdır. Taksi şirkətləri isə bu cür hallardan istifadə edərək dərhal qiymətləri qaldırır. Nəticədə sərnişinlərə ikiqat ziyan dəyir: həm maddi, həm də mənəvi. Avtobus yolda qəza edən zaman və ya nasazlıq yarandıqda şirkətlər arxadan gələn avtobuslara ödənişsiz minməyi təşkil edir. Metroda da bu cür hallarda metropoliten təzminat verməyə borcludur. Praktikada bu mexanizm çox vaxt avtomatik işləmir və müraciət tələb edir. Əgər geri ödəniş təmin olunmazsa, minlərlə sərnişinin ödədiyi və istifadə etmədiyi vəsait faktiki olaraq qurumun balansında qalır, bu isə narazılıq yaradır. Buna görə ən doğru həll kompensasiya mexanizminin tətbiqidir. Sistem dayandığı müddətdə ödəniş etmiş sərnişinlərin balansına vəsaitin avtomatik qaytarılması, əlavə gediş haqqı və ya müvəqqəti pulsuz istifadə imkanının verilməsi həm ədalətli yanaşma olar, həm də ictimai etimadı qoruyar. Əks halda bu hallar davam etdikcə insanlar ictimai nəqliyyata olan inamını itirəcək və şəhər nəqliyyat sistemində daha böyük problemlər yaranacaq". Qeyd edək ki, Bakıda metro xətləri üzrə olan bütün şəhərdaxili marşrutlara əlavə avtobuslar cəlb olunub. Geri qayıt |