Əsas Səhifə > Güney Press / Ana xəbər > Tərtərdə bələdiyyələrlə icra nümayəndəlikləri "razborka"da

Tərtərdə bələdiyyələrlə icra nümayəndəlikləri "razborka"da


18-06-2014, 15:39
Tərtərdə bələdiyyələrlə icra nümayəndəlikləri "razborka"da
Tərtər rayonunun icra başçısı rayon bələdiyyələrinə və icra nümayəndəliklərinə ayrılan dövlət vəsaitinə əl qoymaq istəyir. Bu barədə "Bizim Yol" qəzetinə Tərtərdəki mənbə məlumat verib. Mənbə bildirib ki, hal-hazırda Tərtər Rayon İcra Hakimiyyəti, bələdiyyələr və icra nümayəndəlikləri arasında qarşıdurma var. Səbəb də bələdiyyə və icra nümayəndəliklərinə dövlət büdcsindən ayrılan vəsaitdir: "Rayonumuzda 29 bələdiyyə var, onlara hər il dövlət büdcəsindən dotasiya ayrılır. Tərtərin icra başçısı Müstəqim Məmmədov bələdiyyə başçılarını toplayaraq həmin vəsaiti pulu bankdan çıxarıb ona vermələrini tələb edib. Bələdiyyələr də sözü bir yerə qoyublar ki, həmin vəsaitin hamısını qəpiyinəcən bələdiyyələrin saxlanmasına, ehtiyaclarına sərf edəcəklər. Çünki indiyə qədər həmin vəsait toplanaraq icra başçılarına verilirdi. Ancaq bu dəfə həmin pulu vermək niyyətində deyilik, deyib bələdiyyələr. Bundan hiddətlənən icra başçısı maliyyə şöbəsinə həmin vəsaitin bələdiyyələrin balansına köçürülməməsi ilə bağlı göstəriş verib. Bələdiyyələr də sözü bir yerə qoyub Prezident Administrasiyasına şikayət ediblər. Bildiyimə görə artıq həmin şikayət göndərilib".

Mənbə onu da bildirir ki, əli bələdiyyələrə ayrılan vəsaitdən üzülən icra başçısı bu dəfə də başqa yola əl atıb: "İcra nümayəndəliklərinə də büdcədən vəsait ayrılır. Başçı bu dəfə də onlara göstəriş verib ki, mən rayonda abadlıq işləri aparıram və həmin vəsaitlər mənə çatmalıdır. İcra nümayəndəlikələri də həmin pulu başçıya verməkdən imtina ediblər. Nəticədə, onlar da Prezident Administrasiyasına şikayətə hazırlaşırlar. Bu vəsait də təxminən 1 milyon manata yaxındır. Bütün bu pul söhbətlərindən sonra rayonda icra hakimiyyəti, bələdiyyələr və icra nümayəndəlikləri arasında qarşıdurma yaranıb".
Məsələyə münasibət öyrənmək üçün Tərtər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmadı. Saytlarında göstərdikləri telefon nömrələrinə cavab verilmədi. Ancaq bir neçə bələdiyyə sədri ilə danışmaq mümkün oldu. İsmayılbəyli kənd bələdiyyəsinin sədri Firdovsi Məmmədov artıq ona ayrılan vəsaiti aldığını söyləyir: "Yalan söhbətdir, kim deyibsə, bələdiyyələri sevməyən biridir".
Azad Qaraqoyunlu bələdiyyəsinin sədri Tərlan Zeynalov isə deyir ki, vəsaitin balansa köçüb-köçməməsindən xəbərsizdir: "Bilirsiniz, mən neçə gün idi Bərdədə idim. Dişimi çəkdirmişəm, qanaxma olub. Ona görə də bütün bu deyilənlərdən xəbərsizəm".
Soyulan bələdiyyəsinin sədri Asif Əliyev isə məlumatın səhv olduğunu dedi: "Bütün bələdiyyələr öz vəsaitlərini könüllü olaraq bankdan götürüblər".
Səhləbad bələdiyyəsinin sədri İman Almuradov da ayrılan vəsaiti almayıb: "Almamışam, ancaq köçürüləcək deyiblər. Mənə çatan məlumata görə iclas olub, bələdiyyə sədrləri məlumatlandırılıb ki, vəsait gələcək və siz həmin vəsaiti kəndə sərf edərsiniz".
Sarov bələdiyyəsinin sədri Ramiz Paşayev isə deyir ki, ayrılan vəsaiti bu gün alıb: "Sizə səhv məlumat veriblər".
Sarıcalı-Düyərli kəndinin bələdiyyə sədri İldırım Bayramov isə məsləhət görür ki, deyilən sözlə inanmaq olmaz: "Birincisi bizə o cür söz deyilməyib, ikincisi də mən xəstəxanadayam. əməliyyat olunmuşam. Ancaq qulağıma elə bir sözlər çatmayıb. İcra başçısı adamdan pul istəyər heç?".
Mamırlı kəndinin bələdiyyə sədri Qnyaz Məmmədov da deyilənlərdən xəbərsizdir, deyir elə söz eşitməyib: "Yalan söhbətdir. Mən bu cür söz eşitməmişəm. Bilirsiniz mən bi az xəstə olduğum üçün heç yerə çıxa bilmirəm. Ona görə də vəsaitin köçürülüb-köçürülməməsindən xəbərsizəm".
Qaynaq kəndinin bələdiyyə sədri Akif Ağalarov da məlumatı yalanladı: "Mən elə bir söz eşitməmişəm. Vəsaiti isə bu gün qəbul etmişəm. Vəsait məndədir, məndə deyəndə bir az pis çıxır, yəni, bələdiyyənin kassasındadır".
Qaraağacı bələdiyyəsinin sədri Lətif Həmidov isə deyir ki, bir neçə gündür ki, rayonda olmayıb. Ona görə də deyilənlədən xəbərsizdir. O ki qaldı, vəsaitin köçürülməsinə, Lətif Həmidov deyir ki, mühasib zəng edib ona deyib ki, vəsait artıq balansdadır: "Sabah götürəcəyik".
Kəngərli bələdiyyəsinin sədri Alı Binnətov büdcədən ayrılan vəsaiti hələ ki götürməyib. Ancaq həmin vəsaitin hesaba köçəcəyinə inanır.
İsmayılbəyli bələdiyyəsinin sədri Firdovsi Məmmədov isə deyir ki, ayrılan vəsaiti dünən alıb: "Məndən başqa bütün bələdiyyələr bir nəfər kimi alıblar. Və artıq həmin vəsaitlə kənddə abadlıq-quruculuq işlərinə başlayıblar".
Xoruzlu bələdiyyəsinin sədri Fədail Musayev isə deyir ki, nə vəsaiti, nə də vəsaitin icra başçısına verilməsi ilə bağlı göstəriş alıb: "Vəsaiti götürə bilməmişəm, ona görə ki, mənim mühasibim Bakıdadır, birinci gün gələcək. O zaman da gedib götürəcəyik".
Hüsənli bələdiyyəsinin sədri İlham Ağayev deyir ki, uzun müddətdir ki Bakıdadır, bütün bu məsələlərdən də xəbərsizdir: " Düzü xəstəm var, Bakıdayam. Ona görə də bu məsələlərdən xəbərim yoxdur. Pulu da hələ almamışam".
Hacıqərvənd bələdiyyəsinin sədri Kəmaləddin Heydərov isə dedi ki, Bakıda biraz işləri varmış. Ona görə də rayonda olmayıb, məsələlərdən isə xəbərsizdir: "Bir balaca dolaşıq işim var idi. Bakıya getmişdim, hələ yoldayam. Ancaq köçürülən vəsaiti almamışam".
Buruc bələdiyyəsinin sədri Sərdar Aslanov isə deyir ki, köçürülən vəsaiti hələ ki almayıb: "3 gündür Bakıdayam. Mən rayonda olanda banka köçməmişdi, ancaq indi xəbərim yoxdur. Zəng edib uşaqlardan öyrənərəm".
Əskipara kəndinin bələdiyyə sədri Mübariz Məmmədov isə deyir ki, mühasib Bakıdadır deyə vəsaiti almayıblar: "Köçürülüb-köçürülməməsindən də xəbərsizəm, yəqin ki köçürərlər".
Bəyimsarov bələdiyyəsinin sədri Fazil Vəliyev isə deyir ki, vəsait balansa köçürülən kimi gedib alacaqlar: "Mənim bildiyimə görə məlumat yalandır".

Geri qayıt