Əsas Səhifə > Güney Press > Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi

Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi


Bu gün, 11:31

“İndi Ermənistanın daxili siyasi həyatında çoxlu söhbətlər gedir, deyilir, bunlar Azərbaycanın, bunlar da Türkiyənin tələbləridir. Mən fərqli şey deyirəm, gəlin özümüzə sual verək: biz bunu istəyirik, ya yox?”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramını təqdim edərkən Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olub-olmaması məsələsini şərh edərkən deyib.

“Hörmətli Ermənistan vətəndaşları, mən açıq şəkildə bildirirəm və bildirmişəm, biz “Qarabağ hərəkatı”nı davam etdirməməliyik, “Qarabağ hərəkatı”nı dayandırmalıyıq. Bu gün Ermənistanda “Qarabağ hərəkatı” ən azı rəsmi və xalq səviyyəsində dayandırılıb. İndi Ermənistan vətəndaşları fərqli qərar verərsə, mən Ermənistan Baş naziri və “Vətəndaş Müqaviləsi” Partiyası olaraq bu qərarı nəzərə alacağam. Bu, müzakirə edilmir. Biz heç vaxt xalqın nəyəsə qərar vermək hüququnu şübhə altına almamışıq və almayacağıq”, - o bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan vətəndaşlarından mandat alan siyasi qüvvə olaraq, son səkkiz illik fəaliyyət nəticəsində formalaşmış siyasi məzmunu təqdim etməyi öz vəzifələri hesab edirlər:

“Seçkilərdə “üçbaşlı müharibə partiyası”nın uğur qazanması bunun doğuracağı nəticələrlə birlikdə “Qarabağ hərəkatı”nın davamı deməkdir. “Vətəndaş Müqaviləsi” isə Müstəqillik Bəyannaməsinin ritorikasından imtina etməyin zərurəti barədə açıq danışan yeganə siyasi qüvvədir”.

Baş nazir hesab edir ki, bu, təkcə Ermənistan deyil, həm də region üçün tarixi bir fürsətdir və bu təklifdən heç kim imtina etməməlidir, çünki bu, qanuni mövzudur. O, həmçinin Qarabağ ermənilərinin geridönüşü məsələsinin də bağlanılmalı olduğunu vurğulayıb və əlavə edib ki, onlar Ermənistanda məskunlaşmalıdır.

“Qarabağ hərəkatı”nın dayandırılmasının zəruriliyi konsepsiyasını qəbul etdikdən sonra sülh mümkün oldu. Çünki “Qarabağ hərəkatı” ilə sülh bir-birinə uyğun gəlmir”, - Ermənistan Baş naziri bildirib.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı əraziləri yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün bu məqamın Konstitusiyadan çıxarılmasını tələb edib. Ermənistan hökuməti məsələni Konstitusiya dəyişikliyinə dair referendumla həll etməyə çalışır.


Geri qayıt