Əsas Səhifə > Güney Press / Ana xəbər > İŞİD-in Azərbaycanı işğal etməsi nə qədər real görünür?
İŞİD-in Azərbaycanı işğal etməsi nə qədər real görünür?18-06-2014, 14:52 |
![]() İŞİD kimi tanınan terror qruplaşması Suriyada vuruşan azərbaycanlılara pasportunu paylayıb. Xatırladaq ki, Suriyaya vuruşmağa gedən azərbaycanlılar öz şəxsiyyət vəsiqələrini cırıb, sosial şəbəkələrdə şəkillərini paylaşmışdılar. Onlar bunu bir daha Azərbaycana qayıtmayacaqlarının göstəricisi kimi qeyd etmişdilər. İŞİD həmin şəxslərə hansı məqsədlə öz pasportunu paylayıb? Hafta.az-a açıqlamasında suala cavab verən Qabil Hüseynli bildirib ki, əslində pasport adlanan həmin kağızlar heç bir ölkə üçün keçərli deyil: “Hər bir pasportun əsas xüsusiyyətləri var - beynəlxalq aləmdə tanınması və qorunma standartının olması. Bu standartlara cavab verən sənədlər isə azsaylı ölkələrdə hazırlanır. İŞİD pasportları ilə heç İraqda belə hərəkət etmək mümkün deyil. Çünki xüsusi cihazlar vasitəsi ilə həmin “sənəd”ləri oxumaq və onun hansı ölkəyə aid olmasını bilmək mümkün deyil. İŞİD qondarma dövlət elan etsə də, bu dövləti heç kim tanımır və qəbul etmir. Ona görə də azərbaycanlılara verilən həmin pasportların da hüquqi və digər baxımdan heç bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq, bu pasportun bir üstünlüyü var ki, İŞİD üzvlərinin mühakimə olunmasını asanlaşdıracaq. Üzərindən bu sənəd çıxan hər bir üzv bir növ özünü ifşa edəcək”. Politoloq bildirib ki, İŞİD-in pasportları xristian kilsələrinin 15-ci əsrdə payladıqları İndulgensiya (cənnət qəbizləri) kağızlarının oxşarıdır: “Çünki onlar da bildirirlər ki, bu pasportları alın, vuruşun və ölüb o biri dünyada cənnəti qazanın. Lakin məsələ burasındadır ki, o dövrdən fərqli olaraq, indi də bu kimi təxribatlara uyan cahil insanlar var. Təəssüf ki, azərbaycanlılar arasında da onlara qoşulanlar tapılır. İŞİD hazırda islamçıların əli ilə İslamı məhv edir. Onlar insanlara qarşı terror və cinayət törətməkdə günahlandırılıb, mühakimə edilməlidirlər. Hesab edirəm ki, İŞİD-in sonuna çox az qalıb. Yaxın zamanlarda Amerika tərəfindən İŞİD üzvləri arzu etdikləri "cənnət"ə göndəriləcəklər”. İctimaiyyətdə yayılan fikirlərə görə, İŞİD sabiq ABŞ prezidenti Corc Buşun mirasıdır. Qabil Hüseynli isə bu fikirləri əsassız hesab edib: “Bu fikirlər daha çox İran tərəfindən səsləndirilir. İnanmıram ki, Amerikanın rəhbəri bu kimi terror qruplaşmasının arxasında dursun. Amerikada ölkəni prezident deyil, onun ətrafındakılar idarə edir. Bu qruplaşmanın arxasında BƏƏ və Qətər dayanıb. Çünki burada yalnız vəhhabilik ideyası əsas götürülüb. Hədəfdə isə şiələr, İran və hətta Azərbaycan da var. Bu plana isə hələ İŞİD-dən də öncə BƏƏ-nin çeçenlərə verdiyi təlimatlar sırasında rast gəlmək olar. Əgər müsəlmanlar bir-birilərini qırırlarsa, onların arxalarındakı səbəbkarlar ifşa edilməli və məsuliyyətə cəlb olunmalıdır. İŞİD məsələsində ən çox hədəfə alınan ölkə Amerika və onların strateji maraqlarıdır. Buna görə də Amerika yaxın vaxtlarda İŞİD-ə qarşı ciddi əməliyyata başlayacaq. Obamaya qarşı isə İraqdan qoşunlarını vaxtından əvvəl çıxardığı üçün Amerika daxilində narazılıqlar olacaq. ABŞ-ın İŞİD-in bugünkü səviyyəyə gəlməsində yeganə və əsas günahı İraqdan qoşunlarını vaxtından əvvəl çıxarması olub. Bununla bağlı isə əsas günahkarlar qeyd etdiyim kimi Obama və məsələlərin qızışmasında ciddi səhvlərə yol verən İraq baş naziri Əl- Malikidir”. Politoloq bildirib ki, İran İŞİD-lə mübarizədə çox ziddiyyətli mövqe nümayiş etdirir: “Gah Amerikanı İŞİD-in yaranmasında ittiham edir, gah da birgə mübarizəyə səsləyir. İran Amerikanın Səddam Hüseynə və yaxın şərqdəki diktaturaya qarşı mübarizəsini lənətləyir. Əlbəttə ki, bunlar da hamısı mübahisəli məsələlərdir. Amerika ilə İran bu məsələdə dialoqlar aparmalı və mübarizənin doğru yolunu tapmalıdırlar. Yalnız bundan sonra buraxılmış səhvlərin aradan qaldırılması mümkün olacaq”. Xatırladaq ki, Suriyaya vuruşmağa gedən azərbaycanlılar öz pasportlarını cırıb, sosial şəbəkələrdə şəkillərini paylaşmışdılar. Onlar bunu bir daha Azərbaycana qayıtmayacaqlarının göstəricisi kimi qeyd etmişdilər. Qeyd edək ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Hafta.az-a açıqlamasında vətəndaşlarımızı yaxın günlərdə İraqa səfər etməməyə səsləyib. Geri qayıt |