Əsas Səhifə > Güney Press > İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcəkBu gün, 14:57 |
|
Məlum olduğu kimi, İranda son dövrlərdə müşahidə olunan gərginlik fonunda bölgədəki siyasi və ictimai proseslər yenidən diqqət mərkəzinə gəlib. Mövcud vəziyyət Güney Azərbaycan Milli Hərəkatının gələcək taleyi ilə bağlı sualları da aktuallaşdırır. Bu şəraitdə hərəkatın hansı istiqamətdə inkişaf edəcəyi maraq doğurur. “Cümhuriyət”-in suallarını Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı Əjdər Tağızadə cavablandırıb. -Əjdər bəy, baş verənlərdən sonra Güney Azərbaycanda durum necədir? -İranda İsrailin rejimlə bağlı öz davası, Amerikanın da özünün ayrıca bir savaşı var. Əslində, Tehrandakı mövcud rejim 47 ildir ki, İsrailə qarşı bir savaş başladıb. Tehrandakı rejim uzun illərdir “Sizi dənizə tökəcəyik”, “Sizi məhv edəcəyik” kimi ifadələr səsləndirirlər. Eyni zamanda, qonşu ərəb ölkələrində, istər İraq, istər Livan və digər bölgələrdə proksi qüvvələr vasitəsilə İsrailə qarşı mübarizə üçün milyardlarla vəsait xərclənib. İndi İsrail də İrana qarşı hərəkətə keçib. ABŞ ilə münasibətlərdə də oxşar ritorika müşahidə olunub. 47 il ərzində Amerikaya “Sən dünyanın şeytanısan”, “İsrail onun əlindədir”, “Amerikanı məhv etmək lazımdır” kimi şüarlar səsləndirilib, ABŞ bayrağı təhqir olunub, “ölüm Amerikaya” kimi çağırışlar edilib. Bütün bunlar, əslində, soyuq savaş dövrünün boş sloqanlarıdır. Bu baxımdan, əslində “Biz onlarla savaşacağıq”, “Onları məhv edəcəyik” deyə-deyə ABŞ və İsraili özü çağırıb. Yəni uzun illər davam edən bu ritorika və qarşıdurma çağırışları indiki gərginliyin formalaşmasında müəyyən rol oynayıb. Elə bilirsiniz, Donald Trampı ABŞ-də boşu-boşuna prezident seçdilər? Barak Obamanın öz missiyası var, Co Baydenin, Cimmi Karterin öz işi vardı. Corc Buş və Trampın da öz vəzifələri var. Əgər Tramp yenidən hakimiyyətə gətirilibsə, deməli, onun bir missiyası var. Bu prosesdə Benyamin Netanyahu bu işi bitirəcək. -Yəni proses davamlı olacaq? - İran adlanan yerdə mövcud olan hazırkı rejimin savaşı ilk növbədə ölkə daxilində əsarətə alınmış xalqlara, xüsusilə Azərbaycan türklərinə qarşıdır. Xomeyni hakimiyyətə gəldiyi ilk gündən bəri azərbaycanlılara və ümumilikdə türk kimliyinə qarşı sərt mövqe sərgiləyib. Onun ucbatından Güney Azərbaycanda yaşayan türklər uzun illərdir ki, öz hüquqları uğrunda mübarizə aparırlar. Axırda bu bölgədə milli hərəkat formalaşdı və onun platforması var. Hərəkatın əsas məqsədi fars dövlətçiliyindən xilas olmaq, mövhumatçı və “adamyeyən” rejimdən qurtarmaqdır. Bu millət ayaqlanıb. İstəyir ki, öz torpaqlarını, göllərini, meşələrini qorusun, azadlığını əldə etsin, qadın haqlarını müdafiə etsin. Bu hərəkata, prosesə qoşulanların sayını yüzminlərlədir. Tehran rejimi həmişə ABŞ və digər ölkələrə yalvarıb ki, “Azərbaycan məsələsi”ni qaldırmayın, gündəmə gətirməyin, onun söhbətini etməyin. Güneydə Azərbaycan Milli Hərəkatı var. Bu gün bəzi çevrələr deyir ki, Azərbaycan Milli Hərəkatı haradadır? İran adlanan yerdə hansı hərəkatın, hansı dərnəyin və ya qurumun normal, azad fəaliyyəti var? Belə bir imkan mövcud deyil. İnsanlar ən kiçik etirazlara görə belə həbs edilir, hətta edamlarla üzləşirlər. Qorxunu elə oturdublar ki... -Atəşkəsdən sonra da Güneydəki Milli Hərəkat qaldığı yerdən davam edəcək? - Tehran hakimiyyəti xarici qüvvələrə - xüsusilə ABŞ və İsraillə deyir ki, siz çıxıb gedin, içərdəkilərlə, daxildəkilərlə işiniz olmasın, onları mənə tapşırın. Buna baxmayaraq, Güney Azərbaycan Milli Hərəkatı illərdir mövcudluğunu nümayiş etdirir. İran adlanan yerdə yüzminlərlə insan demokratik yola çıxıb, amma insanlar həbs olunur, işgəncələrə məruz qalır. Necə ki, indi də zindanlar hələ doludur və insanları azadlığa buraxmırlar. Amma milli hərəkat var və onun öz platforması da var. Hərəkatın əsas məqsədi Güney Azərbaycanı İran- Tehran rejimindən azad etməkdir. Bu çərçivədə hərəkat dünyəvi, parlamentli, respublika idarəetmə formasına malik dövlət qurulmasını hədəfləyir. Eyni zamanda, qadın və uşaq hüquqlarının qorunduğu, inkişaf etmiş, çağdaş və müasir cəmiyyətin formalaşdırılması əsas prioritetlərdən biri kimi irəli sürülür. Azərbaycanlılar bu ideallar uğrunda Məşrutə hərəkatı dövründən etibarən mübarizə aparırlar. Məhz bu səbəbdən də Təbrizə tez-tez “inqilablar şəhəri” deyilir. -Deməli, Güneydə hərəkatı yatırmaq mümkün olmayacaq? -Xeyr, proses bu gün də davam edir. Rejim müxtəlif vasitələrlə Azərbaycan türklərinin səsinin yüksəlməsinin qarşısını almağa çalışır. Çünki anlayırlar ki, Güney Azərbaycanın həmin ölkə daxilində rolu və mövqeyi nəzərə alınmadan nə ölkə daxilində, nə də regionda əsaslı problemlərin həlli mümkündür. Bütün təzyiqlərə baxmayaraq, milli hərəkat bu gün də fəaliyyətini davam etdirir. Bəzən sual olunur ki, niyə bəs küçələrdə, meydanlarda deyillər? Meydanda idilər, görənlər gördü. Cəmiyyətin içində bu ruh və istək qorunub saxlanılır. Bu proseslər fonunda xarici güclərin açıq şəkildə daxildə hansısa demokratik qüvvəni hakimiyyətə gətirmək məqsədi güddüklərini bəyan etmirlər. Məsələn, Tramp demir ki, mən demokratçı gətirirəm. elə bir söz demir. O, öz hesabını, kitabını çürüdür. Netanyahu başqa söz demir, sadəcə deyir ki, İran bomba düzəldir və mən bununla mübarizə aparıram. Buna baxmayaraq, region xalqları, xüsusilə Azərbaycan türkləri çətin sosial-iqtisadi şəraitdə - işsizlik, yoxsulluq, həbslər və təzyiqlər fonunda belə öz haqlarından geri çəkilmirlər. Bu gün oradakı xalq, xüsusilə Azərbaycan türkləri fəaldırlar, gözləyirlər. Tarix boyu olduğu kimi, uyğun şərait yarandığı anda millət kütləvi şəkildə ayağa qalxaraq öz hüquqlarını tələb edəcək. Rejimin də qorxusu bundandır. Rejim isə əslində dövlət formatında dağılıb. Nəticə etibarilə, Güney Azərbaycan Milli Hərəkatı mövcuddur və onun məqsədləri də aydındır. Azərbaycanın güneyinin azadlığı, müstəqillik ideyası və tarixi ədalətin bərpası. Buna da nail olacaq. Geri qayıt |