Əsas Səhifə > Güney Press > “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur”
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur”Bu gün, 13:28 |
|
İlahiyyatçı Tural İrfan bir neçə gündür, Məhəmməd Peyğəmbərə salavat zikrinin gətirilməsinin yanlış olması barədə fikirlərə aydınlıq gətirib. İlahiyyatçı Pravda.az-a açıqlamasında deyib ki, İslam dininə görə, salavat əsasən "salam" mənasında ənənəvi olaraq anlaşılır. O bildirib ki, salam "sülh", "əmin-amanlıq" deməkdir: “Bu da həm sözlə, həm də əməllə olmalıdır. Birinə salam veririksə, sözdən əlavə, həm də əməli şəkildə ona sülh bəxş etməli, təhlükə yaratmamalıyıq. Əslində, əl tutuşmağın fəlsəfəsi "məndən sənə təhlükə gəlməz" deməkdir. "Quran-Kərim"də Allah sıra ilə peyğəmbərlərə salam göndərir. Nuha, İbrahimə, İsaya və digərlərinə. Lakin salamla salavatın bir qədər fərqi var. Salavat həm də dəstək mənası verir. Eyni zamanda "Quran"da buyurulur ki, Peyğəmbərə salavat qılın, yəni ey iman edənlər, Peyğəmbərə həm sözlə, həm də əməllə dayaq olun. Çünki Allah və mələkləri də ona dayaq olur. Lakin zamanla dinin təhrif olunması zəminində salavat yalnız salamla əvəzlənib. Sonra isə iki əli üzə çəkməyiblər, bir qədər sonra da yorulub tək əllə salavat çəkməyə başlayıblar. Bəzən hətta buna "salavat çevirmək" də deyirlər. Bu da xristianların xaç çevirmək terminindən keçib. Salavat nə çevrilmir, nə də əl üzə çəkilmir, sadəcə Peyğəmbərə salamla yanaşı dəstək ifadə edilir. Mötəbər hədislərdə dua zamanı əlin açılması var, lakin üzə çəkilməsi haqda zəif rəvayətlər mövcuddur. Eyni zamanda Peyğəmbərdən belə bir hədis də nəql olunur ki, mənim adım çəkiləndə salam göndərin. Bu, başqalarına nümunə olmaq üçündür. Adətən pis adamın adı çəkiləndə lənət, yaxud yaxşı adamın adı çəkiləndə rəhmət dediyimiz kimi. Odur ki, söhbət zamanı Peyğəmbərin sifətləri, ünvanları deyil, sırf öz adı "Məhəmməd" ismi istifadə edilərkən söz arası ona bir dəfə salam göndərmək, "salam olsun" demək xoş qarşılanan əməllərdəndir. Lakin bunu təhrif edərək bir cümlədə beş dəfə ərəbcə salavat demək, yaxud əli davamlı üzə sürtmək, təbii ki, riyakarlıq və bidətdir. Bəzi dini kitablarda kitabın yarısı salavat və salam üçün istifadə olunan hərf yığınından - "s.ə.a.s", "ə.s", "r.a", "hz" kimi birləşmələrdən ibarətdir. Belə işlər yazı, bəlağət, fəsahət, xitabət məsələsində də mövzunun ahəngini pozur. Odur ki, yazıda yaxud söhbət, xütbə zamanı əgər Məhəmməd adı çəkilərsə, ilk dəfədə bir dəfə salam göndərmək kifayətdir. Əli üzə çəkməyə, göyə baxmağa ehtiyac yoxdur. Allah qəlbləri bilir. Hər kəs ürəyində də salavat və salam göndərə, Peyğəmbərə mənəvi dəstəyini ifadə edə bilər. Ayı, Günəşi görəndə salavat çəkmək adı ilə əli sürtmək, yaxud məzhəbə görə, digər müsəlmanlardan seçilmək üçün bir əli üzə sürtmək, məzarlıqdan keçərkən əli üzə sürtmək xurafat və mövhumatdır. İslamda belə salavat, belə salam göndərmək yoxdur. Ənənədə var deyə xurafatı, bidəti din adına təsdiq edə bilmərik. İslamda duanın da, salamın da qaydası göstərilib. Aya və Günəşə "salavat çəkmək" isə qədim inanclardan qalıb. Ələvi - Nuseyri təriqətində, yəni İmam Əlini Allah hesab edən firqənin inancına görə, Əli Günəşin, Məhəmməd isə Ayın təcəssümüdür. Odur ki, Ayı və Günəşi görəndə salavat edilir. Bizə də vaxtilə İran vasitəsi ilə İraq, Anadolu və Suriya ələvilərindən keçib. İslamda Aya, Günəşə baxıb dua etmək yoxdur. Salavat Peyğəmbərə mənəvi dəstək ifadə etmək, ona salam göndərməkdir”. Geri qayıt |