Əsas Səhifə > Güney Press > Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi

Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi


Bu gün, 12:23

Nizami Rayon Məhkəməsində soyğunçuluq və talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmədə təqsirləndirilən Əkrəm Bayramovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla həm nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib, həm də özgənin əmlakını açıq talamaqla soyğunçuluq edib.

Müəyyən edilib ki, Əkrəm Bayramov 05 avqust 2025-ci il tarixdə saat 12:13 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqəsində yuyulması üçün saxlanılan zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) məxsus “Hyundai Elantra” markalı avtomobilin açarlarını məntəqənin girişində yerləşən qutudan götürərək nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirib. Sürücülük hüququ olmadan avtomobili idarə edən təqsirləndirilən şəxs həmin gün saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı dəmir boruya çırpılıb.

Hadisə nəticəsində maşına ciddi ziyan dəyib və zərərçəkmiş şəxsə 6 441 manat məbləğində maddi zərər vurulub. Bununla da Əkrəm Bayramov talama məqsədi olmadan avtomobili qanunsuz olaraq ələ keçirməkdə (qaçırmaqda) ittiham olunub.

İstintaqla həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs 01 oktyabr 2025-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 89 ünvanında yerləşən “8-ci kilometr” bazarında digər cinayət əməlini törədib.

Belə ki, Əkrəm Bayramov mobil telefon aksesuarlarının satışı ilə məşğul olan mağazanın qarşısında yerləşən piştaxtadan zərərçəkmiş R.R.-ə məxsus “Xiomi Redmi 12” markalı mobil telefonu, onun daxilində olan iki ədəd GSM nömrəsini və telefon üzlüyünü açıq şəkildə götürərək hadisə yerindən qaçıb.

Bu əməl nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 400 manat məbləğində maddi ziyan vurulub və təqsirləndirilən şəxsin hərəkətləri soyğunçuluq kimi qiymətləndirilib.

Toplanmış sübutlar əsasında Əkrəm Bayramov əməli Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) və 185.2.4-cü (talama məqsədi olmadan nəqliyyat vasitəsini qanunsuz ələ keçirmə) maddələri ilə tövsif edilib.

Məhkəmə istintaqı zamanı o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Əkrəm Bayramov ifadəsində hadisələrin ittiham aktında göstərildiyi kimi baş verdiyini təsdiqləyib. O deyib ki, avtoyuma məntəqəsindən götürdüyü avtomobili idarə edərkən qəza törədib və nəqliyyat vasitəsini hadisə yerində qoyaraq uzaqlaşıb.

Daha sonra oktyabr ayında bazarda olarkən piştaxtanın üzərindən mobil telefonu götürərək ərazidən qaçıb.

Təqsirləndirilən şəxs hazırda dəymiş zərəri ödəmək üçün maddi imkanının olmadığını, törətdiyi əməllərdən peşman olduğunu qeyd edib və məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş edib.


Geri qayıt