|
Bir zamanlar dövlət idarəetmə sisteminin əsas fiqurlarından biri sayılan Ramiz Mehdiyevin doğum günüdür.
"DİA-AZ" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, törətdiyi cinayət əməlləri səbəbindən ev dustaqlığına qapadılan “boz kardinal”ın 88 yaşı tamam olur.
Lakin bu ad günü əvvəlkilərdən fərqli olaraq nə təntənə, nə də ehtiramla yada salınır. Ömrünün 88-ci vərəqini çevirən Ramiz Mehdiyev 24 il Prezident Administrasiyasına, 3 il isə Milli Elmlər Akademiyasına rəhbərlik edib. Bu illər ərzində də həmişə özünü “boz kardinal” kimi tanıtmaq istəyib.
Ötən ilin 14 oktyabr axşamı yayılan məlumat isə bütün ölkədə rezonans doğurdu:
“Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi - Ev həbsi qərarı verildi”. Söhbət dövlətçilik əleyhinə törədilən cinayətdən gedir. Hazırda Mehdiyev dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə qazanılmış külli miqdarda əmlakın leqallaşdırılması kimi xüsusilə ağır cinayətlərdə ittiham olunur.
İndi “boz kardinal” dəmir barmaqlıqlar arxasında olmasa da, daş hasarlar arasında qalıb. Əsas məşğuliyyəti də yəqin ki, cinayətlərindən bəhs edən istintaq materiallarını vərəqləməkdir.
Çox təəssüf ki, o, yaşıdları və uzun illər çiyin-çiyinə çalışdığı şəxslər kimi ömrünün ahıl çağlarını sakit və sadiq yaşamağı seçmədi. Çünki həmişə yüksək mövqelərdə olmuş biri üçün dövlətə və hakimiyyətə sədaqət mənəvi borc sayılmalı idi. Amma o, tam əksinə, dövlətinə qarşı yönəlmiş təxribat planlarının mərkəzində yer aldı.
Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanları ilə əlaqələri və bunu sübut edən səs yazıları hələ də unudulmayıb.
Görəsən, həmin ifşalardan sonra onun ətrafında kimlər qaldı? Vaxtilə Novxanı bağlarında başına toplaşanlar yenə onu təbrik edəcəklərmi?
Ramiz Mehdiyevin özü üçün isə bu gün yəqin ki, rəngsiz və boz keçir.
Geri qayıt
|