Əsas Səhifə > Güney Press > Vahid Əhmədovdan sonra Qubanı təmsil etmək asan deyil
Vahid Əhmədovdan sonra Qubanı təmsil etmək asan deyilBu gün, 09:40 |
|
59 saylı Quba seçki dairəsinin deputatı, iqtisad elmləri doktoru, professor və yazıçı Əlibala Məhərrəmzadə Modern.az-a geniş müsahibə verib. Deputat müsahibədə ölkəmizdə iqtisadi, turizm sektorunun vəziyyəti, bu sahələrlə bağlı qanunvericilik, eləcə də insanların problemləri və s. kimi vacib məqamlara toxunub. - Əlibala müəllim, sizdən öncə 59 saylı Quba seçki dairəsindən deputat Vahid Əhmədov olub. O ictimaiətdə də tanınan siyasi fiqurdur. Bu baxımdan həmin bölgədə seçkilərdə iştirak etmək sizin üçün çətin olmadı? - Bu, rəqabət məsələsidir. Yəqin ki, Vahid Əhmədov artıq yaşına uyğun olaraq müəyyən mərhələyə çatıb. O, kifayət qədər böyük və təcrübəli siyasi xadimdir, uzun illər fəaliyyət göstərib. Belə bir şəxsdən sonra həmin dairədə işləmək və uyğunlaşmaq, təbii ki, asan deyil. Bəzən elə olur ki, səndən əvvəlki deputatın tanımadığı insanlar olur və sən yeni gəlib həmin mühitdə özünü təsdiqləməlisən. Amma bu gün artıq orada rəqabət mühiti var. Məsələn, tez-tez müqayisələr aparılır “Vahid müəllim belə edirdi, belə deyirdi” kimi fikirlər səsləndirilir. Mən də çalışıram ki, onun gördüyü işlərdən daha yaxşı nəticələr əldə edim. Alınacaq, ya yox – bunu zaman göstərəcək. Amma əsas məqsədim maksimum səviyyədə irəliləməkdir. "Kitablarım Rusiyada, Özbəkistanda on minlərlə tirajda çap olunub, satıldı" - Siz həm də yaradıcılıqla məşğulsunuz. Müəllifi olduğunuz “Çovdar çörəyi” romanı da kifayət qədər uğurlu hesab etmək olar. Maraqlıdır, yaradıcılığa neçə yaşdan başladınız? - 18 yaşına qədər yazdığım hər şeyi atmışdım, amma bu yaşdan artıq yazıçılıqla məşğul olmuşam. Təbii ki, yazdıqlarımın arasında heç sevmədiyim də oldu, amma ümumilikdə yazarlıq fəaliyyətim bu yaşdan sonra başladı. - Müsahibədən əvvəl söhbətimiz zamanı qeyd etdiniz ki, yazar kimi özünüzü Azərbaycanda kifayət qədər uğurlu hesab etmirsiniz. Sizcə bunun səbəbi nədir? - Mənim kitablarım Rusiyada, Özbəkistanda on minlərlə tirajda çap olunub, satıldı. Amma Azərbaycanda bir yazarın kitabı maksimum 2000 nüsxə çap olunur. Təbii ki, burada bir sıra vacib məqamlar var. İnsanların mütaliəyə olan marağı artmalıdır. Kitab yazmaq, yazıçılıq əslində özü-özlüyündə bir biznesdir və ona məhz bu cür yanaşmaq lazımdır. Nə qədər ki, biz kitabları yalnız dövlət hesabına nəşr etdirməyə üstünlük verəcəyik, bu sahədə real uğurdan danışmaq çətin olacaq. Uğur isə o zaman mümkündür ki, oxucu sənin kitabını könüllü şəkildə pul verərək almağa hazır olsun. "Yazıçılar Biriliyinə ehtiyac var, yox, bilmirəm..." - Siz Azərbaycan Yazıçılar Biriliyinin də üzvüsünüz. Bu Birliyin, Anarın fəaliyyəti zaman-zaman ciddi tənqid olunur. Siz bu haqda nə deyə bilərsiniz? - Əgər Anar heç bir yaradıcılıq fəaliyyəti ilə məşğul olmasaydı belə, ona hörmət göstərilməlidir. Çünki o Rəsul Rza ilə Nigar Rəfibəylinin oğludur. Yazıçılar Birliyinə rəhbərlik məsələsinə gəlincə, bu, həqiqətən də ikili yanaşma tələb edən bir mövzudur. Bir tərəfdən sual yaranır, o olmasaydı, kim olmalı idi? Bu nöqtədə seçim imkanlarının məhdudluğu insanı tərəddüdə salır. Çünki alternativ fiqurların yetərincə görünmədiyi bir mühitdə qərar vermək çətinləşir. Digər tərəfdən isə daha fundamental sual ortaya çıxır, ümumiyyətlə, Yazıçılar Birliyi kimi bir quruma ehtiyac varmı, yoxmu? - “Ev tapşırığı. Uğur düsturunu öyrənəcəyik" kitabınız haqqında oxuyarkən kitab haqqında yazan şəxslər sizi uğurlu motivator, kouç olaraq təqdim edib və yüzlərlə insana fayda gətirdiyiniz yazılıb. İstərdim bir az da bu barədə danışaq... - Mən beynəlxalq səviyyəli spikerəm. Təəssüf ki, Azərbaycanda buna çox vaxt lazımi qiymət verilmir. Burada kiminsə qarşısında çıxış edəndə bəzən buna heç simvolik məbləğ belə ödənilmir. Amma Avropada auditoriya 200–300 avro ödəyərək belə çıxışları dinləməyə gəlir. Bu fərqin səbəbi müxtəlif ola bilər. Amma sonda uğurun əsas göstəricisi yenə də əməyə bağlıdır. Mən orada öz həyatımı yazmışam. Amma sadəcə hadisələri yox, həyatımda hansı dəyərlərə önəm vermişəmsə, onları da göstərməyə çalışmışam. Mən o kitabları oxuyaraq fayda almışam və düşünürəm ki, yazılan hər bir mətn də oxucuya nəsə verməlidir. Ən azından müəyyən bir fayda, bir istiqamət, bir düşüncə qazandırmalıdır. Mən də oxuduqlarımdan əldə etdiyim faydanı ötürməyə çalışmışam, yerli koloritə, mental xüsusiyyətlərə uyğun şəkildə. - Bu sahəyə marağınız necə yaranıb? - Psixoloji faktorlar mənim üçün xüsusi maraq kəsb edib. Bir müddət psixologiya ilə də məşğul olmuşam. Dissertasiya mövzum makroiqtisadi təsnifatlarda psixoloji durumun rolu ilə bağlı idi və bu istiqamətdə insan davranışlarını, motivasiyanı daha dərindən öyrənməyə çalışmışam. Müşahidə etmişəm ki, insanı motivasiya etməklə ondan çox şey əldə etmək mümkündür. Məsələn, bir insanı davamlı şəkildə müsbət formada qiymətləndirsən, ona inam versən, bu inam tədricən onun özünə də keçir. Bir dəfə, iki dəfə, sonra başqalarının dili ilə də bu fikri gücləndirsən, insan artıq özünü fərqli görməyə başlayır. Özünü seçilmiş, potensiallı biri kimi hiss edir və bu hiss onu real nəticələrə aparır. "Sahibə Qafarova ən motivasiyalı millət vəkilidir" - Bu baxımdan Milli Məclisin ən motivasiyalı və ən motivasiyasız deputatlarının adlarını çəkə bilərsiniz? - Ən motivasiyalı millət vəkili Sahibə xanımdır. Xanım Sədr yorulmaq bilməyənlərdəndir. Mən özüm də çox işləyən biriyəm, gün ərzində 18–19 saat ayaq üstə fəaliyyət göstərdiyim olur. Amma mənə elə gəlir ki, Sahibə xanım sanki 24 saat işləyir. Onu müxtəlif səfərlərdə, beynəlxalq görüşlərdə görmüşük: fasiləsiz, fərqli və kifayət qədər mürəkkəb formatlarda fəaliyyət göstərir. Sahibə xanım məhz bu keyfiyyətləri ilə seçilən, çox işgüzar bir insandır. Ümumiyyətlə, parlamentdə belə insanlar var. Bu cür kadrları hökumətdə, administrasiyada, müxtəlif nazirlik və komitələrdə də görmək mümkündür. Amma reallıq ondan ibarətdir ki, hər kollektivdə balans eyni deyil. Bəzən 20 nəfərlik bir mühitdə cəmi 2-3 nəfər həqiqətən aktiv və məhsuldar işləyir, qalanları isə eyni tempdə deyil. Bu da ümumi sistemin effektivliyinə birbaşa təsir göstərir. Mən deyə bilərəm ki, insan səhər saat 9-da durub axşam saat 10-a qədər işləməlidir. Əgər işləyəcəksə, bunun nəticəsi mütləq ortaya çıxacaq. Əgər işləməsə, heç nəyə nail olmayacaq. Özümlə bağlı sualınıza gəlincə, özümü talantlı insan saymıram, amma bilirəm ki, işgüzar adamam. Səhərdən axşama qədər işləyirəm, qarşıma məqsəd qoyuram və o məqsədə çatmağa çalışıram. Uğur düsturunda əsas amillərdən biri də məhz budur. "Bizim də tarixi dövrləri əhatə edən güclü serial və filmlərimiz olmalıdır" - Mədəniyyət komitəsinin də üzvüsünüz. Bu sahədə əsas problemləri nədə görürsünüz? - Bu istiqamətdə kifayət qədər təcrübəm var, xüsusilə kino sahəsində aktiv iştirak etmişəm. “Atabəylər” layihəsi də bu baxımdan önəmlidir. “Şahbağ Film” bizim təşəbbüsümüz idi və bu gün də inkişaf mərhələsində, iddialı bir platforma kimi fəaliyyətini davam etdirir. Vaxtilə bu istiqamətdə ciddi infrastruktur və biznes plan üzərində işləmişdik. Hazırda layihəni başqa insanlar idarə edir, amma biz öz dövrümüzdə əsasən tarixi filmlər xəttini formalaşdırmağa çalışırdıq. Mənim ən böyük istəklərimdən biri Azərbaycan tarixinin fundamental şəkildə, ardıcıl və keyfiyyətli ekranlaşdırılmasıdır. Məsələn, Türkiyədə çəkilən “Quruluş Osman” və “Diriliş: Ertuğrul” kimi layihələr səviyyəsində bizim də tarixi dövrləri əhatə edən güclü serial və filmlərimiz olmalıdır. Çünki biz tarixi filmləri dirçəltməsək, Azərbaycan haqqında dünyaya güclü və təsirli mesaj verə bilməyəcəyik. Kino ən təsirli təbliğat vasitələrindən biridir. Düşünürəm ki, bu sahədə hələ çox iş görmək mümkündür və mən də bu istiqamətdə çalışmaq, töhfə vermək və konkret nəticələr ortaya qoymaq istəyirəm. - Parlamentdə özünüzə dost tapa bilmisinizmi, bu müstəvidətərcübəli deputatlarla yola gedə bilirsiniz? - Açığı, demək olar ki, hər kəslə yaxın münasibətim var. Yaxın olmadığım insan demək olar yoxdur. 125 deputatdan təxminən 100-ü ilə kifayət qədər yaxın münasibətlər qurmuşam. "İcra başçısı ilə bizi birləşirən məqamlar çoxdur" - Deputatlarımızın digər bir problemi icra başçıları ilə münasibətlərinin isti olmamasıdır. Bu məsələ sizdə necədir? - Çalışıram ki, yola gedim. Fərqli baxış bucaqlarımız var, amma İlqar müəllim təhsil sahəsindən gələn bir insandır. Onun keçmiş fəaliyyəti məhz bu istiqamətdə olduğu üçün ortaq dəyərlər və birləşdirici məqamlar kifayət qədərdir. Bu da bizim baxış bucaqlarımızın müəyyən mənada uzlaşmasına və eyni istiqamətdə tənzimlənməsinə imkan yaradır. - Deputat olduqdan sonra yaradıcılığınızı davam etdirirsiniz? Yəqin ki, seçicilərinizlə görüşlər sizə yeni bir şeylər yazamağa sövq edər... - Əlbəttə. Onlarla bağlı da fikirlərim var. Hazırda dörd ildir üzərində işlədiyim əsəri yekunlaşdırmaqdayam. Fətəli xan haqqında roman yazıram. Əsər təkcə bədii xəttlə məhdudlaşmır, onun içində Fətəli xanın bütün fəaliyyəti geniş şəkildə əks olunub. - Qubada yaşayan yaxın qohumlarınız varmı? Onlar hansı işlə məşğuldur? - Bəli, ata tərəf qohumlarımın böyük hissəsi Qubada qalır. Ümumiyyətlə ata tərəfim böyük nəsildir. Hətta orada bizə “Məhərrəmovlar ailəsi” deyirlər. Bəzən məndən soruşurlar ki, bəs sənin soyadın niyə Məhərrəmzadədir. İzah edirəm ki, “Məhərrəmov” atam tərəfdən gəlir, “Babazadə” isə anam tərəfi ifadə edir. "Qubada boşanma halları azdır" - Necə düşünürsünüz, qubalıların digər bölgələrlə əsas fərqi xüsusiyyətlər nədən ibarətdir? - Qubada əsas fərqləndirici amillərdən biri ailə modelidir. Bu regionda ailə dəyərləri digər bölgələrlə müqayisədə daha çox qorunub saxlanılıb. Bunun əsas səbəblərindən biri miqrasiya faktorudur. Ailə daxilində ata və baba nüfuzu, müəyyən qorxu və hörmət elementi hələ də qalır. Bu isə ailə münasibətlərində xüsusi bir psixoloji mühit yaradır. Gündəlik həyatda müəyyən dəyişikliklər olsa da, ailədaxili münasibətlərdə sərt sosial nəzarət qalmaqdadır. Məsələn, ailədaxili münaqişələr nadir hallarda açıq şəkildə üzə çıxır və baş verdikdə ciddi ictimai qınaqla qarşılanır. Xüsusilə qadınların ailə həyatına münasibətdə daha sərt yanaşmalar mövcuddur. Bir qadının boşanaraq ata evinə geri qayıtması çox nadir hallarda qəbul edilir və bu, sosial baxımdan mənfi qiymətləndirilir. Bu yanaşmanın müsbət və ya mənfi olması isə ayrıca müzakirə mövzusudur. - Maraqlıdır, siz bu modelin nə qədər tərəfdarısınız? - Ümumilikdə, bizim ailə modelindən daha yaxşısı yoxdur, dünyada da alternativi mövcud deyil. Bu fikri təkcə konservativ yanaşmaya sahib olanlar deyil, liberallar da qəbul edir. Ailə modeli əslində cəmiyyətin və dünyanın idarə olunmasının əsas formasıdır. Bu baxımdan “ailə yaxşıdır, ya pisdir?” sualı bir qədər mənasız görünür. Məsələn, insan üçün ən yaxın olan şəxslər valideynləri, bacı və qardaşıdır. Amma eyni insanlarla belə uzun müddət qapalı mühitdə qalanda müəyyən müddətdən sonra konfliktlərin yaranması qaçılmaz olur. Buna baxmayaraq, insanlar evləndikdən sonra ailədə heç bir münaqişənin olmamasını gözləyirlər. Halbuki bu, reallıqda mümkün deyil. Çünki insanlar arasında fikir mübadiləsi, informasiya axını çox genişdir və bu informasiyaların böyük hissəsi bəzən münaqişəni həll etmək əvəzinə, onu daha da dərinləşdirir. Xüsusilə kənardan yönləndirilən və müəyyən təsir altında olan informasiya insanları barışığa deyil, qarşıdurmaya aparır. Maraqlı məqam isə odur ki, bu proseslərdə bəzən hüquqi müstəvidə iştirak edən şəxslər, məsələn, vəkillər, dolayı yolla ailə münasibətlərinə təsir göstərir. Çünki onların fəaliyyətinin mahiyyəti çox vaxt ailə münaqişələrinin davam etməsi üzərində qurulur və bu da müəyyən mənada münasibətlərin dağılmasına stimul yarada bilir. Amma əvvəl xalalar, bibilər, ailənin içində olanlar müdaxilə edib ailəni qorumağa çalışırdı. - Bu ənənləri davam etdirən biri kimi necə düşünürsünüz Azərbaycan ailəsini qorumaq üçün indi nə çatışmır? - İnsanların fərqli istəkləri olur və bu istəklər hər zaman üst-üstə düşmür. Bir tərəf öz istədiyinin həyata keçməsini istəyir, digər tərəf isə eyni şəkildə öz mövqeyində qalır. Belə vəziyyətdə münasibətlərin sağlam davam etməsi üçün yeganə çıxış yolu ortaq məxrəc tapmaqdır. Bizdə “yola vermək” ifadəsi var və əslində bu, münasibətlərin davamlılığı üçün vacib olan qarşılıqlı güzəşt deməkdir. Ailə daxilində ən önəmli amillərdən biri isə övladdır. Övlad ailəni bir arada saxlayan əsas bağlayıcı faktor kimi çıxış edir. Müşahidə olunur ki, müasir ailələrdə ya ümumiyyətlə uşaq olmur, ya da yalnız bir övlad olur və bu da bəzən ailəni kifayət qədər möhkəm bağlaya bilmir. Eyni zamanda, kişi və qadın arasında olan münasibətlərin emosional intensivliyi adətən ilk illərdə daha güclü olur. Zaman keçdikcə bu münasibətlər daha çox qarşılıqlı bağlılıqlar və maraqlar üzərində qurulur. Bu maraqların ən önəmlisi isə övladdır. Uşaqların sayı artdıqca ailədaxili bağlılıq da güclənir və insanlar daha çox məsuliyyət hiss edirlər. - Son dövrlərdə həmkarlarınız Milli Məclisdə təmsil etdikləri bölgələrdə boşanma hallarının artması ilə bağlı həyəcan siqnalı verirlər. Qubada necə bu boşanma halları tez-tez olurmu? - Digər rayonlarla müqayisədə bu göstərici bizdə çox aşağıdır. Qubalıları iki fərqli prizmadan qiymətləndirmək olar. Bir tərəfdən, Qubadan çıxıb başqa yerlərdə yaşayan və artıq həmin mühitə uyğunlaşan insanlar var. Məsələn, Bakıya köçən qubalı zamanla paytaxt həyatına inteqrasiya edir və müəyyən mənada artıq “bakılı” kimi qəbul olunur. Digər tərəfdən, Qubanın özündə yaşayan insanlar var ki, onların ailə və sosial davranışları daha çox yerli ənənələrə əsaslanır. Ola bilər ki, Qubadan olan iki nəfər ailə qurub Bakıya köçsün və zamanla dəyişsin. Amma Qubanın daxilində yaşayan əhali üzrə bu statistik ideal vəziyyətdədir. - Qubalı deyəndə ağlınıza başqa nə gəlir? - Quba və qubalılar tolerantlıq anlayışının mərkəzində dayanır. Bu ərazidə müxtəlif icmaların bir yerdə kompakt şəkildə yaşaması və öz dəyərlərini qorumağa çalışması dövlətin də əsas siyasətindən olduğundan multikulturalizm Qubada özünü qabarıq şəkildə göstərir. Qubalılarda formalaşan münasibətlərin əsas xüsusiyyəti ondadır ki, insanlar bir-birinə kimliyinə görə deyil, insan olduğu üçün yanaşır. Küçədə qarşılaşdığı adama onun haradan gəldiyinə – Şuşadan, Gürcüstandan, yaxud başqa bir yerdən olmasına görə deyil, insan olduğu üçün xoş münasibət göstərirlər. - Əlibala müəllim, növbəti seçkilərdə iştirak etməyi düşünürsünüzmü? - Bilmirəm, bu dəfə uğurlu olub-olmadığını zaman göstərəcək. Öz reytinqimin hansı səviyyədə olacağını yəqin ki, ən tez iki-üç ilə biləcəyəm. Hələ bu müddət keçməyib, ona görə də indidən konkret nəticə demək çətindir. Bizim sahə elədir ki, gördüyün işin nəticəsi dərhal görünmür. Bu, bir növ ağac əkməyə bənzəyir. Amma düşünürəm ki, nəticə müsbət ola bilər. - Dörd övladınız var. Onlarla bağlı arzularınız nələrdir? - Övladlarımın dördü də ingilis dilində təhsil alır. Böyük oğlum beynəlxalq münasibətlər ixtisasını seçib, qızım isə siyasi elmlər üzrə təhsil alır. Bu iki sahə bir-birinə çox yaxındır və müəyyən mənada eyni istiqamətdə inkişaf edir. Ümumiyyətlə, seçimlərinə birbaşa müdaxilə etməmişəm, amma müəyyən istiqamətlər və çərçivələr göstərmişəm. Hətta seçim variantlarının içində tibb, kənd təsərrüfatı kimi fərqli sahələr də olub. Onlar isə öz maraqlarına uyğun olanı seçiblər. Hansı sahəni daha yaxşı anlayırlarsa, ona münasibətləri də daha prinsipial və ciddi olur. Ən maraqlısı odur ki, mənim əsas tənqidçilərimdən biri də elə öz övladlarımdır, xüsusilə də qızım. O, mənim fəaliyyətimə kifayət qədər tənqidi yanaşır və baş verənlərə qarşı açıq şəkildə mövqeyini bildirir. Mən də artıq onun fikirləri ilə hesablaşıram, çünki görürəm ki, bu tənqidlərin arxasında ciddi məntiq və həqiqət dayanır. Üçüncü qızım orta məktəbdə oxuyur, doqquzuncu sinfə keçəcək. Kiçik oğlum isə ikinci sinfi bitirir. O, ailədə “sonbeşik” sayılır. Evə yeni nəfəs, yeni enerji gətirən uşaqdır. Çox istəyirəm ki, övladlarım qərarlarını özləri versinlər. Amma bir arzum var ki, müstəqil Azərbaycanda yaşasınlar və sonda yenə də buraya qayıtsınlar. Bizim ailədə nəsil ənənəsi var. Atam tərəfdən yeddi nəsil geriyə baxanda Səttar-Əlibala ad ardıcıllığı davam edib. Bu gün oğlumun adı da Səttardır istərdim nəvəmin adı Əlibala olsun. Mən bunu simvolik yox, həyatda ən böyük dəyərlərdən biri hesab edirəm. İnsanın həyatda qoyduğu ən böyük miras onun övladıdır. Amma təkcə övlad yox, həm də onun üçün buraxdığı ad, nüfuz, müsbət aura vacibdir. Elə bir ad qoymalısan ki, səndən sonra kimsə “onun atası yaxşı insan idi” deyə bilsin. Bu, xüsusilə bizim cəmiyyətdə çox böyük dəyərdir. Mən öz həyatımda bunun faydasını görmüşəm. Eyni zamanda düşünürəm ki, mənəviyyat maddiyyatdan üstündür. Amma maddiyyatsız da mənəviyyat dayanıqlı olmur. Yəni insanın mənəvi dəyərlərini qoruyub inkişaf etdirməsi üçün müəyyən maddi baza da olmalıdır. İkisi bir-birini tamamlamalıdır.Arzu edirəm ki, övladlarım da bu balans həmişə qorunsun. Geri qayıt |