Əsas Səhifə > Güney Press / Partiya > "Yolun çəkilişinə məsul olan insanlar cəzalandırılmalıdır"
"Yolun çəkilişinə məsul olan insanlar cəzalandırılmalıdır"Bu gün, 07:12 |
|
İntensiv yağan yağışlar bir çox ərazilərə təsir etdi, eləcə də yol infrastrukturunda müəyyən problemlərə səbəb oldu. Hər gün bir yolun çökməsi ilə bağlı xəbərlərə rast gəlirik. Elə bu gün də Bakının Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində - Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Şöbəsinin qarşısında asfalt örtüyü çöküb. Bir sözlə neçə gündür yollarımız çökə-çökə gedir. Bəs bu problemlərin əsas səbəb nədir və bir daha baş verməməsi üçün nə etmək lazımdır? Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin komitə sədri Tahir Rzayev bildirdi ki, intensiv yağan yağışlar bir çox ərazilərdə müəyyən problemlər yaratdı: "Bu problemlərin aradan qaldırılması sahəsində bu gün əsaslı tədbirlər görülür. Eləcə də müəyyən ərazilərdə yol çökməsi hadisələri baş verdi. Buna təbii yanaşmaq lazımdır, çünki yağış suları, intensiv yağan yağışlar bir çox hallarda yerin səthində aşınmalar yaradır, sürüşmələr əmələ gətirir və belə hallarda sözsüz ki, yollar da müəyyən təsirlərə məruz qalır. Ancaq keyfiyyətsiz çəkilən yollar da var. Bu yollar adi bir təbiət hadisəsindən görürsən ki, sıradan çıxır. Bu, məsuliyyətsizlikdir, vəzifənin dəyərləndirilməməsidir və belə problemlərin yaranması ümumi işimizə, əlbəttə ki, ziyandır. Ona görə də əgər hər hansı bir yol az bir müddətdə çəkilibsə, təmir olunubsa və belə təsirlərə məruz qalırsa nəinki yağışın təsirindən, digər adi səbəblərdən sıradan çıxırsa, müvafiq orqanlar, həmin orqanların rəhbərləri, bu yolun çəkilişinə məsul olan insanlar cəzalandırılmalıdır. Faktlar araşdırılmalıdır və belə halların obyektiv qiyməti verilməlidir. Biz bu gün nəinki Azərbaycanda, intensiv yağışların yağdığı bir çox ölkələrdə belə halların şahidi oluruq: körpülər uçur, yollar sıradan çıxır, ağaclar məhv olur, yaşıllıqlar məhv olur. Bu, təbii bir fəlakətdir. Ancaq səhlənkarlıq, laqeydlik ucbatından əgər yollar, körpülər, müəyyən qurğular sıradan çıxırsa, bu sahəyə məsul olan insanlar mütləq öz cəzalarını almalıdır". Geri qayıt |