Əsas Səhifə > Güney Press > Opera və Balet Teatrında QALMAQAL böyüyür
Opera və Balet Teatrında QALMAQAL böyüyürBu gün, 16:12 |
|
Bir müddətdir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və onun direktoru Yusif Eyvazov ətrafında qalmaqallar səngimək bilmir. Teatr daxilində baş verən hadisələr, kadr dəyişiklikləri və qarşılıqlı ittihamlar artıq ictimai müzakirə mövzusuna çevrilib. Musavat.com bildirir ki, teatrın keçmiş baletmeysteri, Əməkdar artist Samir Səmədov səs yazısı yayaraq qalmaqallı açıqlamalar verib. O, Opera və Balet Teatrından ayrılmasının səbəbinin Yusif Eyvazov tərəfindən iddia edildiyi kimi olmadığını bildirib. Samir Səmədovun sözlərinə görə, onun teatrdan getməsi Rusiyadan dəvət olunmuş Ruslan Proninlə əlaqədardır: “Ruslan Pronin həmin dövrdə Rusiyanın Böyük Teatrında balet truppasının müdiri kimi çalışırdı. 2013-cü ildə balet ustadı Sergey Filinlə bağlı cinayət hadisəsindən sonra Ruslan Pronin teatrdan uzaqlaşdırılmışdı. Bu barədə internet resurslarında kifayət qədər məlumat və faktlar var”. Səmədov deyib ki, Pronin daha sonra Ermənistanın balet teatrı ilə müqavilə əsasında əməkdaşlıq edib və müxtəlif ölkələrdə bu ölkəni təmsil edib. Onun iddialarına görə, Ruslan Proninin qızı Ermənistan vətəndaşıdır və orada balet studiyası açaraq fəaliyyət göstərir: “1 sentyabr 2023-cü ildə isə Ruslan Pronini Opera və Balet Teatrının baş baletmeysteri vəzifəsinə təyin etdilər. Mən də buna etiraz edərək öz istəyimlə teatrdan ayrıldım. Bundan sonra teatr daxilində vəziyyət daha da gərginləşib və xalq artisti, professor Yalçın Adıgözəlovla Ruslan Pronin arasında xoşagəlməz hadisə yaşanıb. Belə ki, Ruslan Pronin dahi bəstəkarlarımızın əsərlərinin ixtisar olunmasına cəhd edirdi. Yalçın Adıgözəlov isə bununla barışa bilmədi və hər kəsin içində ona sual verdi: “Aram Xaçaturyanın baletini biz qısaltsaq necə olar?” O isə cavab verdi: “Olmaz. Xaçaturyan toxunulmazdır!”” Qeyd edək ki, Opera və Balet Teatrının direktoru Yusif Eyvazov Oxu.az-a açıqlamasında Samir Səmədovun teatrdan ayrılmasını fərqli şəkildə izah edib: “Samir Səmədov çox istedadlı insandır. O, öz istəyi ilə teatrdan gedib. İstedadlı olmaq yetərli deyil. Teatrda qalmaqal və söz-söhbətlər bitmirdi. O, bir dəfə tamaşanın sonunda səhnədə baletmeyster Nigar İbrahimovanı itələmişdi. Bundan sonra Samir Səmədov öz ərizəsini yazıb getdi, çünki bu mühitdə işləyə bilmirdi”. Əlavə edək ki, Ruslan Pronin barədə internet resurslarında yazılan məlumatlara görə, o, 2013-cü ildən etibarən Yuri Qriqoroviçin köməkçisi kimi fəaliyyət göstərib, erməni bəstəkarı Aram Xaçaturyanın “Spartak” baletini bir neçə il ərzində dünyanın müxtəlif ölkələrində səhnəyə qoyub. Həmçinin 2016-cı ildə İrəvan Opera və Balet Teatrı ilə əməkdaşlıq edərək həmin baleti orada da səhnələşdirib. Xalq artisti Yalçın Adıgözəlov da 2023-cü ildə teatrdan ayrılmasını belə izah etmişdi: “Opera və Balet Teatrında mənə qarşı hörmətsizlik oldu və mən artıq iki ildir ki, teatrdan uzaqlaşmışam. 2024-cü ildə yaranan qəbuledilməz şəraitə görə teatrdan ayrılmaq məcburiyyətində qaldım”. Musavat.com Geri qayıt |