Əsas Səhifə > Güney Press / Partiya > "Bunu Bakıdan izləyərək bilmərik..."

"Bunu Bakıdan izləyərək bilmərik..."


3-04-2026, 08:37

"Paşinyanın Putinlə görüşü haqqında dünən Moskvadan yayılmış qısa video reportaj və Paşinyanla Putin arasında çox diplomatik da olsa əməllicə söz güləşi Azərbaycanda böyük maraqla izlənildi, çünki Ermənistandakı 7 iyun parlament seçkisi təkcə Ermənistanın özünün deyil, həm də Azərbaycanın gələcəyinə və regionda sülh perspektivlərinə həlledici təsir göstərəcək..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra bildirir: "Şəxsən mənim üçün Putinlə Paşinyan arasındakı dünənki qarşıdurmanın erməni siyasətçisinin qarşıdan gələn seçkilərdə qalib gəlməsinə kömək edəcəyini, yoxsa əksinə, onun şanslarını zəiflədəcəyini bilmək çətindir. Bunu Bakıdan izləyərək bilmərik. Çox güman ki, ictimai rəy sorğuları tezliklə bu suala cavab verəcək. Ermənistanın həm qərbyönümlü, həm də rusyönümlü siyasi partiyaları – əgər onlar öz rollarını və funksiyalarını vicdanla yerinə yetirirlərsə və heç bir gizli gündəmlə məşğul deyillərsə – bu cavabı nəzərə alacaq və növbəti iki ay ərzində seçki strategiyalarını qurmaq və ya inkişaf etdirmək işində ona əsaslanacaqlar.
İndi isə dünənki görüşün Azərbaycana birbaşa da olmasa, dolayı yolla yarada biləcəyi bir riski qeyd etmək istərdim. Paşinyanın 2022`ci ildəki hadisələrə istinadla KTMT-nin o hadisələrə lazımi cavab vermədiyini iddia etməsi və Putinin bu söhbətə səssiz qalması, düşünürəm ki, müharibə partiyasının Ermənistanda qalib gələcəyi təqdirdə Azərbaycan üçün potensial risklər yaradır. Tutalım, Köçəryanın müharibə partiyası Ermənistanda qalib gəlir. Bu arzuladıqları müharibəni haradansa başlamalıdır axı. Qarabağ məsələsi artıq bağlıdır. Putin və Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyinə görə məsuliyyəti bir-birinin üzərinə atdılar. Dünən də bu, açıq-aydın nəzərə çarpırdı, diplomatik tərzdə olsa da. Əlbəttə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini özü bərpa etdi. Lakin 2022-ci il hadisələrinə istinad, Putinin sözü gedən iddiaya susması bağlantısında, Azərbaycana potensial risk yaradır. Əgər Köçəryan hakimiyyətə gələrsə, o da Paşinyan kimi deyəcək ki, aha, Ermənistan ərazisi 2022-ci ilin sentyabrında işğal edilib.
Bəli, Azərbaycanın hazırda yaxşı münasibətdə olduğu Paşinyan da bunu deyir. Düşünürəm ki, Paşinyan bu söhbəti etməklə sülh perspektivlərinə zərbə vurdu və müharibə partiyasının qələbə qazanması təqdirində ona pis işləri üçün bir növ zəmin yaratdı. Bu, "bizdən sonra lap daşqın olsun" münasibətinə bənzədi. Paşinyanın münasibəti vicdanlı olmadı, amma nə isə. Hər halda, Putinin bu istinada cavab verməməsi dolayı yolla bizə potensial zərər işarəsidir. Köçəryanın arzuladığı müharibə üçün başlanğıc nöqtəsi bu mövzu ola bilər.
Dünənki görüşdən Azərbaycan üçün risklər baxımından əsas təəssüratım budur. Müzakirə etdikləri digər məsələlərə gəldikdə isə, onlar arasında "Rusiya pasportu" da vardı. Putin, Rusiya pasportu olan insanların, ehtimal ki, Karapetyan və digərlərinin, Ermənistanda daxili siyasi müzakirələrdə iştirak etməsinə icazə verilməsini tələb etdi. Rusiya-Ermənistan münasibətlərinin özəlliyinə vax ki, Rusiya prezidenti Rusiya pasportlu şəxslərin Ermənistanın daxili işlərində iştirakını tələb edir. Paşinyan ona formal olaraq nə isə cavab verdi, amma bu, bütövlükdə, narahatlığa bir əsas verir. Ermənistanda müharibə partiyası qalib gələrsə, indiki durumun əksi baş verə bilər, yəni Ermənistan pasportlu biri Rusiyada həbsxanaya düşə bilər. Müharibə partiyasının qələbəsinin regionumuza gətirə biləcəyi pis hadisələr silsiləsindən bu, sadəcə biridir.
Nəhayət, qeyd etmək istədiyim daha bir məqam var. Paşinyan və Putin arasında dünənki görüşdən və Kremldə müzakirədən dərhal sonra, Qarabağdakı separatçı rejimin sonuncu lideri vəzifəsini qısa müddət daşımış Şahramanyan bu gün yenidən peyda oldu. Məncə, hər dəfə belə bir hadisə, hər dəfə belə bir tip üzə çıxdıqda, o azərbaycanlılar ki, Zəngəzur iddiası ilə yaşayır, bu hala çox aydın cavab verməlidir. Bilmirəm bu adam rus ya erməni paportu ilə Ermənistanda yaşayır, amma Şahramanyan niyə Azərbaycandakı daxili siyasi məsələləri müzakirə etməlidir? Əlbəttə bu dayanmalıdır. Dayanmadığı üçün düşünürəm gedişat Azərbaycanda nəzərə alınmalı və azərbaycanlıların Qərbi Zəngəzura qayıtması perspektivi ilə bağlı müzakirə bir az daha konkret formalar almalıdır..."

Geri qayıt