Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiyalı milyarder Azərbaycandakı neft biznesini “Rosneft”ə satdı

Rusiyalı milyarder Azərbaycandakı neft biznesini “Rosneft”ə satdı


16-06-2014, 13:41
Rusiyalı milyarder Azərbaycandakı neft biznesini “Rosneft”ə satdı
Rusiyanın nəhəng maliyyə korporasiyası “Sistema”nın sahibi, milyarder Vladimir Yevtuşenkov “Forbes” jurnalının rus versiyasına müsahibəsində MDB respublikalarındakı biznesi barədə danışıb.

Virtualaz.org saytı xəbər verir ki, milyarderin başçılıq etdiyi şirkətə məxsus olan MTS mobil rabitə operatoru 8 MDB respublikasında mobil rabitə bazarında aparıcı mövqeyə malikdir.

MTS Ermənistanın “K-Telekom” mobil rabitə şirkətinin də sahibidir və hazırda bu şirkət bazarın 65 faizinə nəzarət edir.

Xatırladaq ki, “Sistema” korporasiyasının Direktorlar Şurasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da təmsil olunur. R.Köçəryan şirkətin səhmlərinin təxminən 1 faizinə yaxın hissəsinə nəzarət edir.

Habelə azərbaycanlı oliqarx İsgəndər Xəlilovun oğlu da “Sistema” korporasiyası ilə ortaqdır.

V.Yevtuşenkovun biznes imperiyasına Başqırdıstanın “Başneft” şirkəti də daxildir. Milyarder deyib ki, MDB respublikalarında neft layihələrinə girmək imkanlarını araşdırır.

“Biz Qazaxıstanda neft aktivlərinin satın alınması imkanlarını müzakirə edirik. Azərbaycanda aktivlərimiz var idi, ancaq onu “Rosneft”ə satdıq” - deyə Yevtuşenkov bildirib.

Virtualaz.org xatırladır ki, “Sistema” maliyyə korporasiyası inquş əsilli rusiyalı neft maqnatı Mixail Qutseriyevin Azərbaycanda ARDNŞ-lə ortaq neft layihəsindəki payını almışdı. Bu, Qutseriyevin Kremlin qəzəbinə düçar olaraq Rusiyadan qaçdığı vaxtlarda baş vermişdi.

Sonradan Qutseriyev Londonda offşor şirkət quraraq Azərbaycandakı neft aktivlərinin bir hissəsini onun adına keçirdi.

İndi məlum olur ki, onun “Sistema” tərəfindən satın alınan aktivlərinin bir hissəsini də “Rosneft” dövlət şirkətinə satıblar. Sövdələşmənin detalları barədə məlumat yoxdur.

Geri qayıt