Əsas Səhifə > Güney Press / Ana xəbər > Qalmaqallı toy sahibi Hacı Qurban fırıldaqda ittiham olundu

Qalmaqallı toy sahibi Hacı Qurban fırıldaqda ittiham olundu


14-06-2014, 11:54
Qalmaqallı toy sahibi Hacı Qurban fırıldaqda ittiham olundu
Fərdi sahibkar Samir Mehdiyev Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) müraciət edib. Müraciətdən məlum olur ki, “İlkin-N” şirkətinin sahibi Hacı Qurban Abbasov fərdi sahibkara 70 min manat pul atıb.
Fərdi sahibkarın müraciətini olduğu kimi dərc edirik: “ Mən bir neçə ildir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Bir il əvvəl mənim şərikim Emil Kazımovun atası, Şirvan Gömrük İdarəsinin əməkdaşı Ağa Kazımov məni “İlkin-N” şirkətinin sahibi Hacı Qurbanla tanış elədi. Bu şirkət rayondakı Heydər Əliyev mərkəzinin tikintisini və abadlıq işlərini həyata keçirirdi. Hacı Qurban Salyan rayon icra hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin yanındakı parkda əkmək üçün mənə ağac və gül kolları sifariş verdi. Mən onun sifarişi əsasında Türkiyədən 4 avto-furqon ağac və gül gətirdim. Həmin ağac və güllər parkda əkildi. Bunun üçün Hacı Qurban mənə 70 min manat pul verməlidir. Ancaq bu günə kimi pulumu ala bilmirəm. Mən kömək üçün Salyan RİH-nin başçısı Tahir Kərimovun qəbulunda oldum. Tahir müəllim mənim yanımda Hacı Qurbana zəng elədi və dedi ki, sahibkarın pulunu ver. Hacı Qurban həyat yoldaşının ağır xəstə olduğunu bəhanə edərək bir müddət sonra pulu verəcəyini icra başçısına söz verdi. Ancaq Hacı Qurban bu günə kimi sözünə əməl eləmir”.
Fərdi sahibkarın müraciəti ilə bağlı araşdırma aparmaq qərarına gəldik.
Və ilk olaraq Salyan RİH-ə müraciət etdik. İcra başçısının müavini Etibar Hüseynov bildirdi ki, bu olayın bizə heç bir dəxli yoxdur, biz görüləcək işlər üçün pul ayırmışıq. İcra başçısının müavini “İlkin-N” şirkətinə müraciət etməyi məsləhət bildi. Hacı Qurban isə bizim əməkdaşımızla söhbətində bildirib ki, mənim heç kimə borcum yoxdur, mən malı Samir Mehdiyevdən deyil, türk şirkətindən almışam və pulunu ödəmişəm.
Samir Mehdiyevi Hacı Qurbanla tanış edən Şirvan Gömrük İdarəsinin işçisi Ağa Kazımov isə əməkdaşımıza bildirib ki, mənim bu məsələyə heç bir aidiyyətim yoxdur və məndə olan məlumata görə Samir Mehdiyev “İlkin-N” şirkətinə qarşı iddiasından əl çəkib... Görəsən, gömrük işçisinin sahibkarla şirkət arasında vasitəçilik eləməsi hansı maraqdan irəli gəlir?
Digər tərəfdən əgər bu məsələnin Ağa Kazımova dəxli yoxdursa, haradan bilir ki, fərdi sahibkar öz iddiasından əl çəkib..? Həm də görəsən Hacı Qurbanın çalışdığı “SOCAR” şirkətinin rəhbərliyi nə düşünür? Bir sözlə, suallar çoxdur və deyəsən “bu xəmir çox su aparacaq”.
Bizi izləyin.

Geri qayıt