Əsas Səhifə > Güney Press / Ana xəbər > Mülkü əlindən alınmış Saatlı sakini ölümlə hədələnir

Mülkü əlindən alınmış Saatlı sakini ölümlə hədələnir


13-06-2014, 14:24
Mülkü əlindən alınmış Saatlı sakini ölümlə hədələnir
Ötən gün TİA.AZ saytının redaksiyasına Saatlı rayon sakini Malik Süleymanov adlı şəxsin 84 yaşlı anası tərəfindən şikayət məktubu daxil olub. Saatlı sakini mətbu orqanımızdan Saatlıda baş verən qanunsuzluğu işiqlandırmamızı istəyib.
Şikayətçi oğlunun aldadılaraq qarət olunduğunu iddia edir. Şikayətçinin oğlu Malik Süleymanov 1999-cu ildə Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Saatlı-Mehmanxana” ASC-nin 30% səhmlərini satın alır. 2006-cı ildə isə alqı-satqı müqaviləsinə əsasən qalan 70 % səhmlərini almaqla mehmanxananın tam hüquqlu mülkiyyətçisi olur.

Şikayətçinin sözlərinə görə, mehmanxana sovet dönəmində 1950 ci ildə inşa edildiyindən təmirə ehtiyacı var idi. Binanın fasad hissəsi, dam örtüyü, tavan və döşəməsi tamamilə köhnəlmişdi və buna görə də, müştərilərin təhlükəsizliyi baxımından binanın təmir olunması mütləq idi. Qeyd edək ki, eyni zamanda Mehmanxana Saatlı rayon İcra Hakimiyyətinin binası ilə üzbə-üz olduğundan, ətrafdakı yenicə təmir olunmuş inzibati binaların ahəngini pozurdu. Buna görə də, Saatlı RİH-nin keçmiş başçısı Vaqif Hüseynov Malik Süleymanova mehmanxananı təcili təmir etdirməyi tapşırır.

Problem də elə buradan başlayır. Çünki, mehmanxananın təmir olunmasına böyük məbləğdə vəsait lazım olur. Malik Süleymanovda isə bu vəsait olmadığından Bakı ş, Səbail r-nu, B.Sərdarov küçəsi-2 ünvanında yerləşən “Azərmülk” MMC-nin rəhbəri, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru və şikayətçinin ailəsi ilə daha əvvəl də tanışlığı olan Mübariz Məmmədlidən mehmanxananı təmir etdirmək üçün kredit almaqda ona köməklik göstərməsini xahiş edir. Lakin Mübariz Məmmədli Malik Süleymanova kömək etmək niyyətində olmasa da, yardım edəcəyinə söz verir və sözün əsl mənasında dolandırıcıqla ondan kömək istəyən insanları aldadır. Belə ki, Mübariz Məmmədli Malik Süleymanova bu işləri onun “Azərmülk” MMC-nin vəklinin gördüyü üçün onun adına vəkalətnamə yazmasını istəyir. Malik Süleymanov da, həmin vəkalətnaməni verir.

Lakin naməlum səbəblərdən kreditin verilməsi ləngiyir. 2009-cu ildə Mübariz Məmmədli Malik Süleymanovdan yenə vəkalətnamə istəyərək, bu dəfə krediti verməyə söz verir.

2011-ci ildə Malik Süleymanov sənədləri götürmək üçün Azərbaycan Dövlət Reyester Xidmətinə sorğu göndərir. Lakin məlum olur ki, Malik Süleymanova və onun ailəsinə məxsus mülk hesab edilən “Saatlı-Mehmanxana” ASC-ni Mübariz Məmmədli etibardan sui-istifadə edərək saxta yolla mənimsəyib.
Dolandırıcı-professor Mübariz Məmmədli saxta alqı-satqı müqaviləsi düzəldir.

Həmin saxta müqavilədə isə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür və Malik Süleymanova 20 000 (iyirmi min) manta pul verildiyi göstərilir.
Həmin məbləğin altından isə Malik Süleymanovun yerinə imza qoymaqla Mübariz Məmmədli yenə də, saxtakarlığa yol verir. Bu isə ciddi qanun pozuntusudur. Bundan əlavə, Malik Süleymanov haqqını tələb etdiyi üçün, Mübariz Məmmədli və onun adamları tərəfindən ölümlə hədələnir.



Xatırladaq ki, “Saatlı-Mehmanxana” ASC həm Malik Süleymanova, həm də, onun həyat yoldaşına məxsusdur. Şikayətçi bildirir ki, xüsusən alqı-satqı işləri ilə məşqul olan şirkət kimi tanınan “Azərmülk” MMC-nin rəhbəri Mübariz Məmmədli qanunsuz əməllər nəticəsində 1999-cu ildən başlayaraq, 2009-cu ilə kimi həm Saatlı rayonunda, həm də başqa rayonlarda aldatma yolu ilə 100-ə yaxın obyekti mənimsənyib.

Dövlətin mülkiyyətində olan obyektləri saxta sənədlərlə alqı-satqı edərək, satan Mübariz Məmmədlinin yuxarıda göstərilən illərdə iş fəaliyyəti yoxlanılarsa, böyük bir cinayət əməlinin üstü açılacağı bildirilir. Parallel olaraq, “Azərmülk” MMC-nin fəaliyyəti də yoxlanılarsa, qanunsuz notarial əqdlərin, qanunsuz alqı-satqı müqavilələrinin bağlanması və dövlət büdcəsinə ödənişlərdən yayınma faktları aşkar ediləcəkdir. Onu da, nəzərinizə çatdıraq ki, Mübariz Məmmədliyə məxsus şirkətin bütün alqı-satqı işlərində obyektlərin həqiqi dəyər qiyməti bilərəkdən sənədlərdə aşağı göstərilir. Bu isə bir başa dövləti aldatmaq və vergidən yayınma kimi izah edilir.

Qeyd edək ki, şikayətçi Mübariz Məmmədlinin Azərbaycan Respublikası Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, Baş Prokuror Zakir Qaralova, Respublika Əmlak Məsələləri Dövlət Komitəsinin sədri K.Həsənova şikayət ərizələri yazaraq rayonda baş verən qanunsuzluqları bildirib. Lakin hələ ki, bu işlə maraqlanan instansiya yoxdur.

Yaşlı ana redaksiyamız vasitəsi ilə adiyyatı orqanlardan Malik Süleymanovun ailəsinə məxsus mülkün qaytarılmasında köməklik etmələrini və onun ailəsinin təhlükəsizliyinin təmin olunması üçün aidiyyatı instansiyalara göstəriş verilməsini tələb edir.

Geri qayıt