Əsas Səhifə > Güney Press / Ana xəbər > Ocaq Nejat Qumdan qırmızı bayraqla mesaj verdi: Rusiyadakı azərbaycanlıları İsrail əleyhinə o təşkilatlandırır?

Ocaq Nejat Qumdan qırmızı bayraqla mesaj verdi: Rusiyadakı azərbaycanlıları İsrail əleyhinə o təşkilatlandırır?


2-03-2026, 12:55

İranda ali dini lider Əli Xameneinin ölümü ölkə daxilində və regionda ciddi siyasi dalğalanma yaratdı. Tehranda keçirilən yas mərasimindən yayılan foto və videolarda isə Azərbaycana yaxşı tanış olan bir simanın görünməsi diqqətdən yayınmadı. Söhbət vaxtilə Azərbaycanda fəaliyyəti qadağan edilmiş İran Mədəniyyət Mərkəzinin keçmiş rəhbəri Ocaq Nejatdan gedir.

Uzun müddət ictimaiyyət qarşısında görünməyən bu şəxsin birdən-birə Xameneinin yas mərasimində ön sıralarda peyda olması təsadüfi addım kimi qiymətləndirilmir. Çünki onun adı illərdir həm Azərbaycanda, həm də region ölkələrində dini şəbəkələşmə və ideoloji fəaliyyətlərlə bağlı hallanırdı.

Deportasiyadan sonra səssiz, amma aktiv dövr

Azərbaycandan deportasiya edildikdən sonra Ocaq Nejatın fəaliyyəti tam dayanmayıb. Əksinə, onun Rusiyaya tez-tez səfərlər etdiyi, xüsusilə Dağıstan, Gürcüstan və Rusiya ərazisində yaşayan azərbaycanlı dindarlar arasında əlaqələr qurduğu barədə məlumatlar yayılır. Bu fəaliyyətlərin yalnız dini çərçivədə qalmadığı, müəyyən ideoloji və siyasi yönlü təbliğat xarakteri daşıdığı iddia edilir. Azərbaycan əleyhinə Moskva başda olmaqla Rusiyadakı dindarlar arasında fəaliyyət göstərən Ocaq Nejat, eyni zamanda bu işdəki tərəfdaşlarını Rusiya xüsusi xidmət orqanları ilə dialoqa keçərək qoruyur.

Xüsusilə “xüms” və digər dini maliyyə ödənişlərinin müəyyən şəxslərə – o cümlədən Hacı Zülfüqara yönləndirilməsi məsələsi zaman-zaman müzakirə mövzusu olmuşdu. Bu mexanizmin faktiki olaraq İran mərkəzli ideoloji xəttin regionda saxlanmasına xidmət etdiyi bildirilir. Yəni formal olaraq səhnədən çəkilən bir fiqur, pərdə arxasında fəaliyyətini davam etdirir. Elə Hacı Zülfüqarın Azərbaycana ekstradasiyasının da məhz onun müdaxiləsi ilə dayandırıldığı vurğulanır.

İsrail əleyhinə təbliğat xətti

Ocaq Nejatın adı təkcə Azərbaycanla bağlı proseslərdə deyil, həm də İsrail əleyhinə təbliğat kampaniyalarında çəkilir. Vaxtilə Azərbaycanda keçirilən və İsrailə qarşı yönəlmiş dini-siyasi aksiyaların təşkilatçılığında onun adı hallanırdı. Belə ki, həm Təhsil Nazirliyi qarşısındakı hicab aksiyaları, həm də hər Ramazanın son cüməsində İsrail səfirliyi önündə keçirilməyə cəhd edilən aksiyaların sponsoru və sifarişçisi məhz Ocaq Nejat idi.

Görünən odur ki, həmin xətt regiondan tam silinməyib. Rusiya, Dağıstan və ümumilikdə Qafqaz istiqamətində İsrail əleyhinə dini ritorikanın davam etməsində onun rolu olduğunun iddia edilir. Bu fəaliyyətlərin İranın ideoloji strukturları və ayətullah çevrələri tərəfindən dəstəkləndiyi də bir gerçəklikdir.

Yas mərasimində görünməyin mesajı

Əli Xameneinin yas mərasimində Ocaq Nejatın açıq şəkildə görünməsi bir neçə mesaj daşıya bilər. Birincisi, bu, onun hələ də İranın dini-siyasi dairələri ilə sıx əlaqədə olduğunu göstərir. İkincisi, regionda – xüsusilə Cənubi Qafqazda – ideoloji fəaliyyətlərin davam etdiriləcəyi barədə siqnal kimi oxuna bilər.

Bu görüntü həm də onu göstərir ki, Xameneinin ölümü ilə İran daxilində mümkün hakimiyyət dəyişikliyi və ya liderlik transformasiyası fonunda köhnə şəbəkələr tam ləğv olunmur. Əksinə, müəyyən fiqurlar yenidən ön plana çıxarılır.

Hazırkı mərhələdə əsas sual budur: bu görünüş sadəcə yas mərasiminin protokol detalıdır, yoxsa regionda yeni ideoloji mərhələnin başlanğıcı? Ocaq Nejatın yenidən açıq şəkildə görünməsi ən azı onu deməyə əsas verir ki, İranın xarici ideoloji təsir mexanizmləri hələ də aktivdir və yeni mərhələyə uyğunlaşdırılır.

Cəmkərandakı qırmızı bayraqla pozun sirri

Onu da qeyd edək ki, şiə ənənəsində qırmızı bayraq tarixi olaraq intiqam, qisas və qan yaddaşı ilə əlaqələndirilir və xüsusilə Kərbəla simvolikası ilə bağlanır. Bu bayraq adətən “qan yerdə qalmayacaq” mesajını ifadə edən simvol kimi təqdim olunur və emosional mobilizasiya vasitəsi sayılır. Məhz belə bir simvolun yanında, həm də Qumda, Cəmkəran kimi tarixi bir məsciddə poz vermək isə sadəcə təsadüfi kadr deyil. Bu, növbəti mərhələdə daha sərt ideoloji xəttin önə çıxacağının, həmin şəxsin də bu xəttin ön sıralarında görünmək istədiyinin vizual mesajı kimi oxuna bilər. Qısacası, Ocaq Nejatın yeni mərhələdə ön planda olacağını indidən proqnozlaşdıra bilərik.

Amir Aqiloğlu - yenicag.az


Geri qayıt