Əsas Səhifə > Güney Press > Uzaqda dayanan və görünən adam

Uzaqda dayanan və görünən adam


Bu gün, 05:52

Tanınmış şair Əli Yusifin
 şeirləri haqqında
Sumqayıtdan o tərəfə, Zeynalabdin Tağıyev qəsəbəsində yaşayır. Bakıya gələndə maşınını “20 yanvar”da qoyub metro ilə gəlir Azərbaycan Yazıçılar Birliyinə. Deyirəm, maşını niyə orda saxlayırsan? Deyir, buralar sıxlıqdı, yer yoxdur saxlamağa.
Onun cavabı istər- istəməz yadıma bir fikri salır. Demək, şeirdə, daha doğrusu, imzalar, müəlliflər arasında da sıxlıqdı. Həmişə mən hər firkin əks tərəfini düşünürəm: demək, sıxlıq təkrar fikir istehsalına görə yaranır, təkrarçılıq o qədərdi ki, adına poeziya dediyimiz o sirli xuda gözümüzə solğun görünür. Amma hər bir şair özünü yazsa, ta əvvəldən öz cığırını açsa, şeir meydanı dar olmaz, hər bir şair ilahi tərəfindən təyin olduğu yerdə dayanar. Daha gəlib onun, bunun yerini tutub darlıq yaratmaz.
Tanınmış şair Əli Yusifin şeirlərini məhz bu düşüncə ilə oxudum, misralarını təsbeh dənələri kimi az qala saydım, gördüm ki, bu misralar Zeynalabdıin Tağıyev qəsəbəsinin küçələri kimi sərbəst, geniş və həm də xatirələrlə doludur. Birdən elə bilərsiniz ki, qəsəbə çox uzaqdır, Yazıçılar Birliyinin qarşısındakı Xəqani küçəsində yaşayan, hətta Birliyə tez –tez gedib- gələn şairlər daha orjinaldır, nəinki uzaqda olanlar...İstedadlı adam hər yerdə istedadlıdır. Uzaqda olanlar gözdən, könüldən uzaqdır –deyə düşünməyin. Əvvəla, onu deyim ki, poeziyada məkan yoxdur, uzaqlar daha gözəl görünür, bəzən yaxınlar adamın gözünü az qala yara eləyir. Poeziyada uzaq daha mərkəzdir, çünki onu görə bilirsən və yaxud, o, özünü lap uzaqdan göstərə bilir. “Yaxınları” aparıb lap uzağa qoysan, görünməyəcək. Necə ki, Əli Yusif deyir:
Təki nəfsim
Qəlbimin qapısını bağlamasın.
Mən Əli Yusifi yaxşı tanıyıram, ona görə ki, o, həyatın hər üzünü görüb, ilk baxışda adı, sadəlövh görünsə də, çox təcrübəlidir, şeirləri şirniyat kimi ilk baxışda zövq oxşayan olmasa da , təndir çörəyi kimi bərəkətli, doyumluqdur. Neçə illərin dostuyuq, hələ o, bir dəfə deməyib ki, məni “Azərbaycan” jurnalında çap elə və yaxud haqqımda nəsə yaz. Onun dostları, hətta ədəbi sahədə vəzifədə olan dostları çoxdur. O qədər adi və sadədir ki, inanıram, onlara da bu barədə heç nə deməyib. Bu axşam onun şeirlərini internet səhifələrindən toplayıb bu yazını yazıram, jurnalda çap etmək üçün şeirlərini toplamışam, bütün bunlardan heç özünün xəbəri yoxdur. Gözü, könlü tox adamdır, bir sözlə, dünya görmüş, mükəmməl bir insandır. Onlarla nəsr və şeir kitabları çap olunub. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Beynəlxalq Rəsul Rza mükafatı laureatıdır. O,özünü yazır, yuxarıda dediyim o iki misra onun özünü (nəfs məsələsi) dəqiq təhlil edir.
Amma hər gün çap olunmaq üçün gözümə “girən” adamları mən görə bilmirəm, görmürəm. Uzaqda dayanan şair və şeir həmişə gözəl görünür. Aşağıdakı misralara baxaq:
Bir ovuc
sükut səpin
məzarımın üstünə.
Oyanacam bir gün,
Sukutun öz səsinə.
Bu həyat lövhəsi heç vaxt yaddan çıxa bilməz. Adamların heç vaxt dərk edə bilmədiyi, amma bildiyi bu həqiqət əsl poeziya səciyyəsidir. Atam dəfn olunanda qəbristanlıqda elə bir ağlaşma, elə bir qışqırıq vardı ki, təkçə atam üçün yox, kənd camatının hər biri öz ölüsünün üstündə elə qiyya çəkirdilər ki, mən o səsləri eşidə bilmirdim. Eşitdiyim hər məzarın üstündə donub qalmış əbədi bir sukutun səsi idi. Hər məzarın üstə dəhşətli bir sukut vardı. O sukutun göbəyi göydə, göyün yeddinci qatında idi, haqq dediyimiz bir yerlə ünsüyətdə idi. Baxın, şair həmin anı necə gözəl tutub. Yenə şairin başqa bir şeirnə diqqət yetirək.
Nə qaldı ki?
Bir az sükut,
Bir az həsrət qoxusu.
Bir də içimdə bitməyən
o illərin kölgəsi.
Demək, sukut həm də kölgədir. Bax, əsas məsələ bu kölgəni görə bilməkdir. Əsas məsələ bu kölgənin altında (məzarlıq) yaşamaqdır. Sukutun gölgəsi həyatın, daha doğrusu, ölümün mahiyyətidir. Sukut həyatın ölümün üstünə saldığı, sərdiyi bir əbədi kölgədir.
Ötən günlər
divarda asılan köhnə şəkil kimidir –
baxırsan,
amma o günə dönə bilmirsən.
üzünün tozunu
silirsən hər gün.
Ötən günləri bu cür dəqiq tişə edən, həkk edən şairlər azdı. Bu şeir r həm kədərli, həm də vacib tablodur. Ötən günlər divara vurulmuş şəkillərdir. Ora dönə bilməzsən, ancaq üstünün tözunu ala bilərsən.
Şair təzə şəkil demir, köhnə deyir. Köhnə şəkillərin əsl poeziya detalı olduğunu heç ağlınıza gətirmisinizmi? Özü də o şəkil divarda ola. Özü də o şəkildə ki, adam düşüb yerimək istəyə. Özü də sən divara çıxıb o şəklin içinə girmək istəyəsən. Şairin misraları bu cür iç-içədir, əl - ələ tutuşub. Bu şeir məzardakı sukutla eynidir, qohumdur, eyni hissin parçalanmış, həm də parçalanmamış hissələridir.
Əli Yusif şeirlərinin birində deyir ki, hamı yatıb, ancaq mən oyağam, şeir yazıram ki, yatanlar yuxudan ayılanda oxusun. Maraqlı düşüncədir. Zamanı və məkanı sənə anladan fikirdir.
Şairin şeirlərində fikir faktları genişdir. Burda tünlük yoxdur. Aşağıdakı şeirdə olduğu kimi, yeni fikirlərlə tapıntılarla şair öz ədəbi ərazisini genişləndirir. Aşağıdakı şeirin içinə nə qədər şair “yerləşə” bilər.
Həyattın bir adı,
Sukutdur bilin,
Bir adı da ağlamaq…
Siz Allah, məni,
Çox ağlamayın,
Bir az da gülün, gülün,
Mən də torpaq
Altda sevinə bilim
Bəlkə, ölülər bizdən ağlamaq yox, gülüş istəyirrlər. bəkə gülməyi onlara unutdurublar və yaxud özləri gülməyi yadırğayıblar. Indi onlar gülmək istəyirlər, nə bilim, bəlkə belədir, bəlkə heç belə də deyil.
Əli Yusifin rəngli fantaziyaları həmişə onu ədəbi və əbədü mühitə təqdim edə bilir. Fantazıya şairi film kimi göstərir. Mən Əli Yusifi şair kimi görə bilirəm. Uğurlar, əziz dost!
Qəşəm Nəcəfzadə,
Şair, Əməkdar Mədəniyyət işçisi
"DİA-AZ"

Geri qayıt