|

Azərbaycan və Türkiyə arasında Ermənistanın Zəngəzur vilayəti üzərindən keçən cənub dəmir yolu əlaqəsi Bakı-Tiflis-Qars marşrutu ilə müqayisədə yol müddətini 25 faiz azalda bilər. Bu barədə Avropa Komissiyasının araşdırmasında bildirilir.
Araşdırmada qeyd olunur ki, Avropa İttifaqı Qara dənizi və ona bitişik ölkələri Avropanı Türkiyə, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlarla birləşdirən əsas qapılar hesab edir: “Aİ üçün Türkiyə, Şərq Tərəfdaşlığı regionu (o cümlədən Cənubi Qafqaz) və Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrinin yaxşılaşdırılması xammal və malların daha sürətli və etibarlı idxalını təmin edə, həmçinin bütün Avrasiya üzrə yeni ixrac bazarları aça bilər ki, bu da qarşılıqlı faydalı ticarətin inkişafına gətirib çıxarar. Bu kontekstdə Şimal dəhlizinin etibarlılığının azalması və Cənub marşrutunun inkişafının ləngiməsi fonunda Transxəzər nəqliyyat dəhlizi Avropa ilə Asiya arasında dayanıqlı, şaxələndirilmiş və geosiyasi baxımdan davamlı multimodal nəqliyyat əlaqəsinin ən perspektivli istiqaməti kimi qiymətləndirilir”.
Bakı-Tiflis-Qars marşrutuna ehtiyac qalmayacaq? Bu nəqliyyat marşrutu tarixmi olur?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, Zəngəzur marşrutunun Bakı-Tiflis-Qars dəmiryol xətti marşrutunu “tarixə çevirəcəyi” barədə iddialar əsaslı deyil. BTQ sadəcə məsafə layihəsi deyil, BTQ xətti Gürcüstan üzərindən alternativ keçid yaradır, Azərbaycanı birbaşa Türkiyə və Avropaya bağlayır və Orta Dəhlizin əsas quru komponentidir: “Bu xətt artıq mövcud infrastrukturdur, işləyir və genişləndirilir. Mövcud aktiv heç vaxt sırf yeni alternativ yarandığı üçün ləğv olunmur”.
Deputat qeyd edib ki, Ermənistan üzərindən cənub dəmir yolu reallaşarsa, Azərbaycan–Türkiyə arası məsafə və vaxt azalacaq. Bu zaman tranzit xərcləri aşağı düşə bilər və iki paralel quru bağlantı yaranmış olar: “Bu isə əvəzləmə yox, şaxələndirmə deməkdir. Zəngəzur dəhlizi bir xəttin digərini sıradan çıxarmasını nəzərdə tutmur. Hər iki nəqliyyat-komunikasiya xətti paralel işləyəcək. Dünya logistikasında qayda belədir ki, ticarət həcmi artdıqca bir marşrut kifayət etmir. Əgər Orta Dəhliz üzrə yüklər artarsa Mərkəzi Asiya–Avropa ticarəti böyüyərsə onda həm BTQ, həm də potensial Zəngəzur xəttinin işləməsinin daha böyük faydası olacaq”
Musavat.com
Geri qayıt
|