|

“Bizim üçün orada baş verə biləcək hər hansı hərbi əməliyyat ən arzuolunmaz və riskli ssenaridir”.
Yenicag.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Diplomat regiondakı gərginliyi şərh edərək, İrana mümkün hərbi müdaxilənin Azərbaycana təsirlərindən danışıb.
Tofiq Zülfüqarov bildirib ki, Qərbin hərbi dominantlığı aşkar olsa da, tərəflərin heç biri nə İran, nə də koalisiya qüvvələri arzuolunmaz itkilərin baş verməsini istəmir:
“Çünki ABŞ-dan başqa prosesdə açıq və ya qeyri-açıq şəkildə iştirak edən bir çox ölkələr var. Ən azı ərəb və Körfəz ölkələri müvafiq bəyanatlar verirlər, üstəlik, hərbi bazaların bir qismi onların ərazisində yerləşir.
Azərbaycana gəlincə, bu məsələyə ayrıca toxunmaq istərdim. Bizim üçün regionda baş verə biləcək hər hansı hərbi əməliyyat ən arzuolunmaz və riskli ssenaridir. Çünki biz bunu əsla istəmərik. Orada yaşayan insanlar bizə etnik, dini və tarixi baxımdan yaxındırlar. Bu baxımdan hazırda danışıqların aparılması müsbət amildir”.
Sabiq nazirin sözlərinə görə, Azərbaycan bu prosesdə sülhməramlı rol oynaya bilər:
“İstisna deyil ki, Azərbaycan və ölkə rəhbərliyi bu məsələdə birbaşa vasitəçi olmasa da, müəyyən xoşməramlı və müsbət diplomatik xidmətlər göstərir. Yəni kommunikasiya kanallarının yaradılması, mesajların ötürülməsi kimi addımlar mümkündür. Azərbaycan bu məsələdə unikal mövqeyə malikdir. Ölkəmizin həm İran rəhbərliyi ilə münasibətləri yaxşıdır, həm də İsrail ilə sıx əlaqələri mövcuddur. Eyni zamanda, hazırda ABŞ administrasiyası ilə münasibətlər də yüksək səviyyədədir.
Bu baxımdan hesab edirəm ki, Azərbaycanın və dövlət başçısının xoşniyyətli təşəbbüsləri bəlkə də açıq şəkildə qabardılmır, lakin belə səylərin mövcud olduğuna inanmaq üçün ciddi əsaslar var. Bu da məsələnin sülh yolu ilə həllinə Azərbaycanın mühüm töhfəsi kimi qiymətləndirilə bilər”, – deyə o bildirib.
Geri qayıt
|