Əsas Səhifə > Güney Press > Vəziyyəti gərgindir
Vəziyyəti gərgindirBu gün, 17:48 |
|
“Vətəndaş Müqaviləsi” partiyasının bəzi nümayəndələri ilkin seçkilərin nəticələrini və mümkün saxtakarlıqları müzakirə etmək üçün Baş nazir Nikol Paşinyanla görüş tələb ediblər. “Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” qəzeti belə yazır. Nəşr bildirir ki, məsələnin hakim partiyanın təşəbbüs qrupunun martın 5-də keçiriləcək iclasında müzakirəsi planlaşdırılır. Qəzet qeyd edir ki, hakim partiya heç bir ifşa prosesinin olmayacağına əmindir. Çünki partiya daxili seçkilərin saxtalaşdırılması nüfuza xələl gətirə bilər. Qeyd edək ki, “Vətəndaş Müqaviləsi” partiyasının iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərin proporsional siyahısını formalaşdırmaq üçün keçirilən səsvermənin birinci turunun nəticələri fevralın 16-da açıqlanıb. “Hraparak” qəzeti bu nəticələrin partiya üzvləri arasında ciddi əndişəyə səbəb olduğunu yazır. İkinci seçim mərhələsi martın 27-28-də keçiriləcək. Paşinyan jurnalistlərə açıqlamasında tam siyahının aprel ayında təsdiqlənəcəyini deyib. Onun sözlərinə görə, qurultayın plenar iclasında Milli Məclisə seçkilərdə iştirak üçün proporsional siyahı və partiyanın seçki proqramı açıq səsvermə yolu ilə təsdiqlənəcək. Lakin mətbuata sızan məlumatlar praymerizin nəticələrinin partiya daxilində narazılığa səbəb olduğunu göstərir. Bu isə seçkilər ərəfəsində partiyadan istefalara və elita daxili siyasi çatların yaranmasına yol aça bilər. Bildirək ki, partiyadaxili səsvermədə əsas rəqabət birinci 50 nəfərlik siyahıya düşmək uğrunda gedib. “Vətəndaş Müqaviləsi” partiyası qalib gələcəyi təqdirdə, hökumətin tərkibinin və parlamentdə rəhbər vəzifələrin məhz 50 nəfərin içərisindən seçiləcəyi, xüsusilə ilk onluqdan formalaşacağı gözlənilir. Digərilər isə millət vəkili postu ilə kifayətlənməli olacaq. Namizədlər siyahısında birinci yeri Baş nazir Nikol Paşinyan tutur. O, 894 səs toplayıb. “Vətəndaş Müqaviləsi” partiyası seçkilərdə qalib gələcəyi halda Paşinyan yenidən Baş nazir seçiləcək. Siyahıda 780 səslə ikinci yeri tutan hazırkı müdafiə naziri Suren Papikyanın Milli Məclisin sədri vəzifəsinə gəlmək ehtimalı böyükdür. Bu baxımdan, hazırkı spiker Alen Simonyan vəzifəsini itirəcək. Praymerizin nəticələri ilə razılaşmayanlardan biri Simonyan ola bilər. Lakin Nikol Paşinyanın Simonyanın fəaliyyətindən narazı olduğu bildirilir. Paşinyan spiker postuna özünə daha sadiq və partiyanın siyasi xəttini daha çevik şəkildə həyata keçirən birinin gəlməsini istəyir. Bu mənada, Simonyanın partiya siyahısında 628 səslə 9-cu sırada yer alması onun “vurulduğunu” göstərir. “Vətəndaş Müqaviləsi” partiyasının ötən ilin sentyabr ayında keçirilmiş qurultayında rəhbər orqanlara keçirilən seçkilərdə iqtisadiyyat naziri Gevorq Papoyana yaxın adamlar daha çox yer alıb. Hazırda “Vətəndaş Müqaviləsi” partiyasının siyasi qəraralarına G.Papoyanın və Baş nazir Aparatının rəhbəri Araik Harutyunyanın təsir imkanları daha çoxdur. Qeyd edək ki, Papoyan partiya siyahısında 765 səslə üçüncü, Araik Harutyunyan isə 668 səslə 7-ci yeri tutur. Dördüncü yerdə 780 səslə xarici işlər naziri Ararat Mirzoyan, 5-ci yerdə 697 səslə Vaahn Aleksanyan, 6-cı yerdə isə 687 səslə parlamentin vitse-spikeri Ruben Ribinyan mövqe yer alır. Ən çox rezonasa səbəb olan hadisələrdən biri isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın partiya siyahısında 101-ci yerə düşməsidir. Bu isə Armen Qriqoryanın növbəti hökumətdə yer almayacağını göstərir. Ona görə də səsvermənin nəticələrinə etiraz edənlərdən birinin Qriqoryan olduğu istisna edilmir. Xatırladaq ki, Armen Qriqoryanın adı 2022-2023-cü illərdə Nikol Paşinyanın yerinə əsas namizədlərdən biri kimi çəkilirdi. Hətta ABŞ siyasi dairələrinin Paşinyanı Qərbyönümlü Qriqoryanla əvəz etməkdə maraqlı olduğğuna dair məlumatlar yayılmışdı. Bu kontekstdə Təhülkəsizlik Şurası katibinin 101-ci yerə atılması Paşinyanın öz potensial rəqibini sıradan çıxartması kimi başa düşülə bilər. Geri qayıt |