Əsas Səhifə > Güney Press > Partiya sədrlərindən sabiq nazirin israrına reaksiya
Partiya sədrlərindən sabiq nazirin israrına reaksiyaBu gün, 16:05 |
|
Xeyli müddətdir ki, Azərbaycana qarşı müəyyən qüvvələr tərəfindən informasiya müharibəsi aparılır. Bu müharibə həm daxili, həm də xarici şəbəkələr vasitəsilə idarə olunur. Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ölkəyə qarşı genişlənən informasiya müharibəsi və daxildəki gizli şəbəkələrlə bağlı sensasion bəyanatla çıxış edib. Sabiq diplomat Kremlin Azərbaycana qarşı informasiya hücumuna keçdiyini bildirərək, hüquq-mühafizə orqanlarını və cəmiyyəti daha cəsarətli addımlar atmağa çağırıb. Onun sözlərinə görə, artıq daha köklü tədbirlərin görülməsinin vaxtı çatıb: “Kreml Azərbaycana qarşı informasiya hücumu həyata keçirib... Hüquq-mühafizə orqanlarımız isə yalnız açıq mətbuatda artıq yer alan "ittihamedici materiallar" dərc edirlər. Arxivləri açıb "beşinci kolon"da kimin hakimiyyət və ya müxalifət statusunun arxasında gizləndiyini açıqlamağın vaxtı çatmayıbmı?” O qeyd edib ki, xüsusilə xaricdən gələn bəzi səslərin "sadəlövhlüyü" onu təsirləndirir: “Onlar "kremlçilər"i və onların yerli əlaltılarını haqlı çıxarmaq cəhdlərində məni "beşinci kolon" adlandırmaqdan başqa çarə tapmırlar. Bu məntiqi bir uçurum yaradır: Kremli ittiham edənlər "beşinci kolonistlər", Kremlin siyasətini gizlədənlər isə "demokratlar"dır. Düşünürəm ki, arxivlərin bir hissəsini açıb hər kəsi layiq olduğu adlarla çağırmağın vaxtıdır”. Maraqlıdır, artıq bağlı arxivlərin açılmasının zamanı çatıbmı? Arxivlər açılıb ictimaiyyətə təqdim olunmalıdır? Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Cebheinfo.az” -a şərhində qeyd edib ki, arxivlər zamanında açılmalı idi. “Biz xalq hərəkatı başlayandan sonra, xüsusilə də Azərbaycanın müstəqilliyinin ilk illərində arxivlərin açılmasının vacib olduğunu bildirmişdik. Təəssüf ki, arxivlər açılmadı, bəzi materiallar isə Moskvaya aparıldı. Hesab edirəm ki, bütün hallarda bu məsələyə dair əldə olunan materiallar ölkə ictimaiyyətinə təqdim edilməlidir. Bilinməlidir ki, kim konkret olaraq xarici ölkələrin, o cümlədən Rusiyanın agentidir. Bunlarla bağlı cəmiyyətə açıqlama verilməlidir”. Azad Vətən Partiyasının sədri Akif Nağı isə hesab edir ki, bu məsələdə bütün arqumentlər ölçülüb-biçilməlidir. “Zaman-zaman “KQB” arxivlərinin açılması ilə bağlı bu cür bəyanatlar səslənir. Təbii ki, burada əsas söhbət keçmiş Sovet imperiyasına və Rusiyaya yaxın olan şəxslərin ifşa olunmasından gedirdi. Bu, kifayət qədər mürəkkəb məsələdir və bütün arqumentlər ölçülüb-biçilməlidir. Arxivlərin açılmasının həm müsbət, həm də mənfi nəticələri ola bilər. Müsbət tərəfi budur ki, ölkədə müəyyən adamlar, xüsusilə də “beşinci kolon”un nümayəndələri ifşa olunacaq və zərərsizləşdiriləcək. Mənfi tərəfinə gəlincə, bu, cəmiyyətdə xəyal qırıqlığı və qarşıdurma yarada bilər, müəyyən şəxslərin nüfuzdan salınması, şaiyələrin yayılması və sui-istifadə halları baş verər. Ona görə də hesab edirəm ki, bunun ziyanı xeyrindən çox olacaq. Hər halda addım atmamışdan əvvəl bu barədə ciddi düşünmək lazımdır. Tələsməyə etiyac yoxdur. Dünya praktikasına baxılmalıdır. Heç bir ölkədə genişmiqyaslı arxivlərin açılması prosesi olmayıb. Prosesin baş verdiyi ölkələrdə isə neqativ nəticələr doğurub”. Geri qayıt |