Əsas Səhifə > Güney Press > Moskvanın yeni "stavkası"

Moskvanın yeni "stavkası"


Dünən, 20:30

Son aylarda Ermənistan siyasətində gedən proseslər göstərir ki, ölkədə mübarizə artıq təkcə ideoloji və ya şəxsi qarşıdurma səviyyəsində deyil, konkret iqtisadi və siyasi rıçaqlar üzərində aparılır.

Musavat.com xəbər verir ki, bu mübarizənin mərkəzində isə getdikcə daha açıq şəkildə Samvel Karapetyan dayanır.

Paşinyan hakimiyyəti ilə onun ətrafı arasında formalaşan qarşıdurma artıq elə mərhələyə çatıb ki, tərəflər bir-birinin əsas dayaqlarını sıradan çıxarmağa çalışır.

Paşinyan hakimiyyəti ilə Karapetyan çevrəsi arasında formalaşan qarşıdurma təkcə siyasi polemika deyil, dövlətlə Rusiya mənşəli böyük kapital arasında açıq müharibəyə çevrilib. Yanvarın sonunda Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkələri”nin milliləşdirilməsi prosesinin dayandırılması üçün məhkəməyə müraciət olunması da bu mübarizənin əsas epizodlarından biridir.

Samvel Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkələri”nin milliləşdirilməsi prosesinin dayandırılması üçün vəkillərin məhkəməyə müraciət etməsi təsadüfi sayılmır. Bekı ki, bu şirkət təkcə kommersiya strukturu yox, həm də Karapetyanın Ermənistandakı əsas iqtisadi dayağıdır. Elektrik tarifləri, investisiyalar, minlərlə iş yerinin taleyi – bütün bunlar siyasi çəkini müəyyən edən faktorlardır. Məhz buna görə də Paşinyan komandası bu rıçağı onun əlindən almağa çalışır. Nikol Paşinyan üçün Karapetyanın iqtisadi təsir imkanlarının zəiflədilməsi siyasi mübarizədə ciddi üstünlük deməkdir.

Bu fonda Karapetyan tərəfi baş verənləri “siyasi təzyiq” kimi təqdim edir. Onların arqumentinə görə, hökumət məhkəmə qərarlarını gözləmədən hərəkət edir və məqsəd konkret olaraq alternativ mərkəzin formalaşmasının qarşısını almaqdır. Paşinyan isə bunu dövlət maraqları və qanunçuluq çərçivəsində əsaslandırmağa çalışır. Amma fakt ondan ibarətdir ki, ENA məsələsi artıq siyasi mübarizənin əsas cəbhələrindən birinə çevrilib.

Diqqətçəkən məqam ondan ibarətdir ki, son dövrdə ictimai-siyasi fəallıqda birbaşa Samvel Karapetyanın özü yox, daha çox onun qohumu Narek Karapetyan ön plandadır. “Bizim kimi” (“Mer Dzevov”) hərəkatının koordinatoru kimi çıxış edən Narek ardıcıl şəkildə iqtisadi proqramlar, sosial vədlər, siyasi bəyanatlarla mediada görünür. O, açıq şəkildə “şəxsiyyətlər yox, proqramlar” üzərində qurulan siyasətdən danışır, biznes üçün 0 faiz vergi, yüz minlərlə iş yeri vəd edir, parlamentdə mütləq çoxluğun vacibliyini vurğulayır.

Karapetyana yaxınlığı ilə bilinən EMPIRICA şirkətinin keçirdiyi “sorğunun” nəticələrinin – “Samvel Karapetyan 34%, Paşinyan 33%” – məhz Narek tərəfindən ictimailəşdirilməsi də təsadüf sayıla bilməz. Bu, faktiki olaraq, Karapetyan komandasının seçkiyə hazırlaşdığını göstərən siyasi siqnaldır. Meydanda görünən fiqur Narekdir, amma hədəf Samvel Karapetyanın siyasi lider kimi təqdim olunmasıdır.

Bu proseslərin arxasında Moskva faktorunu görməmək mümkün deyil. Rusiya uzun illərdir postsovet məkanında biznesmen-siyasətçi modelinə üstünlük verir. Böyük kapital, media və sosial şəbəkələr üzərində nəzarət Kremlin sevdiyi formuldur. Gürcüstanda Bidzina İvanişvili, Çexiyada Andrej Babiş kimi nümunələr bunu açıq göstərib. Ermənistan üçün də oxşar ssenari cəlbedici görünür.

Əslində, Moskvanın Ermənistanda “öz adamını” önə çıxarmaq cəhdi yeni deyil. Bir müddət əvvəl bu rol üçün əsas fiqur Ruben Vardanyan idi. Onun Qarabağa gətirilməsi, “dövlət naziri” postuna yerləşdirilməsi məhz bu strategiyanın tərkib hissəsi idi. Lakin Vardanyanın Azərbaycan tərəfindən saxlanılması bu planı faktiki olaraq iflasa uğratdı. Bundan sonra Kremlin diqqətinin Karapetyana yönəlməsi bir çox analitik tərəfindən “ikinci cəhd” kimi qiymətləndirilir.

Paşinyan hakimiyyətinin Karapetyana qarşı sərt xətt yürütməsi də məhz bu kontekstdə həm yerli, həm də xarici media tərəfindən təqdim olunur.

Bu tabloda ailə faktoru da xüsusi rol oynayır. Samvel Karapetyanın qardaşı Karen Karapetyan uzun illər Ermənistan parlamentində deputat olub, 2008–2011-ci illərdə Prezident Aparatının rəhbəri vəzifəsini tutub. Yəni Karapetyan ailəsi təkcə biznes strukturu yox, həm də dövlət idarəçiliyində təcrübəsi olan siyasi çevrə formalaşdırıb. Bu isə onların potensialını daha da artırır və Moskva üçün daha etibarlı tərəfdaş obrazı yaradır.

Narek Karapetyanın son açıqlamalarında da bu xətt aydın görünür. O, həm Rusiya ilə münasibətləri kəsməyəcəyini, həm də region ölkələri ilə balanslı siyasət aparacaqlarını bildirir, KTMT məsələsində ehtiyatlı mövqe tutur, Azərbaycanla sülh mövzusunda “güclü lider” tezisini önə çəkir. Bu ritorika həm daxili auditoriyaya, həm də xarici oyunçulara ünvanlanıb.

Beləliklə, Ermənistan siyasətində yeni mərhələ formalaşır. Bir tərəfdə Paşinyanın “oliqarx sisteminə qarşı mübarizə” iddiası, digər tərəfdə isə Karapetyan komandasının “iqtisadi dirçəliş” və “sosial rifah” şüarları dayanır. Bu qarşıdurmanın mərkəzində isə Moskvanın maraqları açıq şəkildə hiss olunur.

Ruben Vardanyan layihəsinin uğursuzluğundan sonra Rusiya üçün Samvel Karapetyan faktiki olaraq əsas alternativə çevrilib. Onun maliyyə imkanları, ailə əlaqələri, siyasi şəbəkəsi və Narek vasitəsilə qurulan kampaniya bunu təsdiqləyir. Paşinyanın ENA üzərindən apardığı mübarizə isə göstərir ki, Paşinyan hökuməti də bu təhlükəni ciddi qəbul edir.

Qarşıdakı dövrdə məhkəmə qərarları, milliləşdirmə prosesi, “Mer Dzevov”un partiyalaşması və yeni sorğular Ermənistanın siyasi taleyini müəyyən edəcək əsas amillər olacaq. Amma artıq indidən demək olar: Moskva Paşinyana alternativ axtarışında Samvel Karapetyan kartını getdikcə daha açıq oynamağa başlayıb.

Musavat.com


Geri qayıt