Əsas Səhifə > Güney Press > Xalq artistləri Rəqsanəyə muğam öyrədir
Xalq artistləri Rəqsanəyə muğam öyrədirDünən, 17:55 |
|
Müğənni Rəqsanə İsmayılova Heydər Əliyev Sarayında keçirəcəyi solo konsertə hazırlaşır. Repertuarını zənginləşdirmək üçün sənətçi proqramına muğamlardan parçalar əlavə etmək istəyib. Bu səbəbdən o, Xalq artisti Gülyaz və Gülyanaq Məmmədova bacılarından muğam dərsi almağa başlayıb. Onların məşq zamanı olan görüntüləri sosial şəbəkələrə sızıb. Bəzi izləyicilər Rəqsanə İsmayılovanın məşq prosesini gülüşlə qarşılasa da, bəziləri Xalq artistlərinin ona vaxt ayırıb muğam öyrətməsinə görə tənqid edib.
Xalq artisti Gülyanaq Məmmədova Qaynarinfo-ya açıqlamasında bildirib ki, Rəqsanə konsert öncəsi Gülyaz Məmmədovadan kömək istəyib:
"Rəqsanə xanım konsertə hazırlaşır. Gülyazdan kömək istəyib, burada nə var ki? Kim olur-olsun, bizə üz tutub, kömək istəyən hər kəsə yardım edirik, ona əlimizi uzadırıq. Pul istəmir, yalnız sənətinə dəstək istəyir. Rəqsanə xanım müraciət edib dəstək istəyəndə mən də Gülyazın yanında idim. Onun qızı mənə muğam oxumaq üçün müraciət edəndə mən də ona "yox” demədim. Müraciət edən hər kəsə vaxtımız və imkanlarımız çərçivəsində əl uzadırıq. Oxumasa da belə, bir insan ki, muğam öyrənmək istəyirsə, burada tənqid olunası nəsə görmürəm".
Gülyanaq Məmmədova hesab edir ki, müğənni mahnını savadlı şəkildə oxumaq üçün müraciət edirsə, ona hər kəsin dəstək verməsi mütləqdir:
"Ondan sonra necə oxuyacaq, bacarıb-bacarmayacaq artıq onların özlərinə aiddir. Təki insanı utandıracaq bir şey olmasın. Biz dərs veririk, xanım müraciət edib ki, konserti üçün ona gözəl repertuar təqdim edək. Bizim ona verdiyimiz repertuarı Rəqsanə xanım oxuya biləcəksə, nə gözəl. Bizim borcumuzdur onu yaxşı musiqiyə yönləndirmək, öyrətmək. Müəllimlik peşəsi nədir? Müəllim tələbə seçməməlidir, borcudur onu öyrətsin. Rəqsanə xanımdan heç bir təmənna yoxdur. Tək Rəqsanə deyil, bu günə kimi bir tələbə deyə bilməz ki, Gülyanaq, Gülyaz bizdən 5 manat pul alıb, əvəzində nəsə öyrədib. Əksinə, istirahət vaxtımı onlara həsr edirəm. Bunun nəyi pisdir? Bunu sosial şəbəkələrdə niyə bu boyda şişirdirlər?”
Gülyanaq Məmmədova işinin fədakarı olduğunu da vurğulayıb:
"Vaxtım və imkanım varsa, kiməsə dəstək olarıq, məsləhət veririk. Əksinə, Rəqsanə xanım bizi sayıb-seçdiyi üçün ona təşəkkür edirəm".
Geri qayıt |