Əsas Səhifə > Güney Press > Vaşinqton artıq Azərbaycanı əsas tərəfdaş kimi görür

Vaşinqton artıq Azərbaycanı əsas tərəfdaş kimi görür


Dünən, 17:09

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və bölgədə davamlı sülhün formalaşması məsələsi yenidən diqqət mərkəzinə gəlib. Prezident İlham Əliyev ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə iki ölkənin artıq sülh şəraitinə uyğunlaşmağa başladığını bildirib.

Dövlət başçısı nailiyyətlərin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın roluna toxunub. Prezident İlham Əliyev bölgədə sülh və sabitliyin təmin edilməsinin regionun inkişafına mühüm töhfə verəcəyini vurğulayaraq, TRIPP və digər bağlantı layihələrinin regional əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib. Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlət başçısı son 6 ayda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu deyib.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüşü və bu çərçivədə səsləndirdiyi bəyanatlar Azərbaycan-ABŞ münasibətlərinin sadəcə bərpası deyil, keyfiyyətcə tamamilə yeni, "strateji yaxınlaşma" mərhələsinə keçdiyini göstərir: “Dövlət başçısının son 6 ayda Donald Trampla bir neçə dəfə görüşməsini xüsusi vurğulaması, iki ölkə arasındakı münasibətlərin artıq ənənəvi bürokratik kanallardan çıxaraq, birbaşa "lider diplomatiyası" müstəvisinə yüksəldiyinin göstəricisidir. Bu intensivlik Bakı və Vaşinqtonun strateji maraqlarının tarixdə heç vaxt olmadığı qədər üst-üstə düşdüyünü təsdiqləyir. Siyasi dividentlər baxımından ən önəmli məqam, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən Sülh Sammitindən sonra ABŞ-ın regiondakı yeni geosiyasi reallıqları tam şəkildə qəbul etməsidir. Donald Trampın praqmatik yanaşması nəticəsində uzun illər münasibətlərə kölgə salan "907-ci düzəliş"in aradan qaldırılması və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində atılan addımlar Azərbaycanın beynəlxalq legitimliyini qlobal güc mərkəzi tərəfindən rəsmən möhürləyir. Bu, Bakıya Ermənistanla sülh prosesində kənar təzyiqlərdən uzaq, öz milli maraqlarına uyğun şərtlərlə hərəkət etmək imkanı verir. Eyni zamanda, Azərbaycanın ABŞ-ın təşəbbüsü olan "Sülh Şurası"na təsisçi üzv kimi dəvət edilməsi, ölkəmizin artıq sadəcə regional oyunçu deyil, qlobal münaqişələrin həllində söz sahibi olan "orta güc" (middle power) kimi tanınması deməkdir”.

Politoloqun sözlərinə görə, bu fəallaşma iqtisadi müstəvidə daha çox TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi və "Zəngəzur dəhlizi"nin iqtisadi arteriya kimi dəyərləndirilməsi ilə xarakterizə olunur: “ABŞ-ın bu dəhlizə sadəcə nəqliyyat yolu deyil, qlobal ticarətin yeni mərkəzi kimi baxması, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Amerika investisiyalarının və yüksək texnologiyalarının (süni intellekt, rəqəmsal infrastruktur) cəlb edilməsi üçün yaşıl işıq yandırır. Xüsusilə Azərbaycanın həm Qərb, həm də Mərkəzi Asiya arasında əsas logistik düyün nöqtəsinə çevrilməsi, ölkənin qeyri-neft sektorunun inkişafında keyfiyyət sıçrayışı vəd edir. Amerika şirkətlərinin bərpa olunan enerji və rəqəmsal iqtisadiyyat sahəsində Azərbaycana marağının artması rəsmi Bakının iqtisadi müstəqilliyini daha da möhkəmləndirir.

Bölgədəki güc balansına gəldikdə, Azərbaycan-ABŞ yaxınlaşması Cənubi Qafqazda kənar manipulyasiya imkanlarını minimuma endirir. Bu əməkdaşlıq Ermənistandakı revanşist qüvvələrin ümidlərini boşa çıxarır və onları reallıqla barışmağa məcbur edir, çünki artıq Vaşinqton Ermənistanı "məzlum tərəf" deyil, Azərbaycanla iqtisadi inteqrasiyada maraqlı olan bir tərəfdaş kimi görməyə üstünlük verir. Beləliklə, İlham Əliyevin qurduğu bu strateji konfiqurasiya Azərbaycanı regionun mütləq güc mərkəzi kimi saxlayarkən, eyni zamanda böyük güclərin maraqlarını bir nöqtədə – sülh və tranzit layihələrində birləşdirməyi bacarır”.


Geri qayıt