Əsas Səhifə > Güney Press > Avaralar 20 manat cərimə olunurlar

Avaralar 20 manat cərimə olunurlar


Dünən, 16:52

Sosial şəbəkələrdə yayılan məlumata görə, bir vətəndaş avaralıq ittihamı ilə 20 manat məbləğində cərimə olunub.
Yeniavaz.com
xəbər verir ki, vətəndaşa qarşı belə bir ittihamın irəli sürülməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Aparılan müzakirələrdən belə görünür ki, sosial şəbəkə istifadəçilərinin bir çoxu avaralıq ittihamının konkret olaraq hansı əməllərə şamil olunduğu barədə məlumatsızdırlar.
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan hüquqşünas Cavanşir Qasımzadə bildirib ki, avaralıqla məşğul olmaq inzibati xəta hesab olunur və qanunvericiliklə məsuliyyət yaradır:
“Bəli, qanunvericilikdə avaralıqla məşğul olma anlayışı mövcuddur və bu, İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsində nəzərdə tutulub. Həmin maddəyə əsasən, avaralıqla məşğul olmağa görə əvvəlcə xəbərdarlıq edilir. Xəbərdarlıq kifayət etmədikdə, şəxs inzibati qaydada məsuliyyətə cəlb olunur. Əgər bu inzibati xətanı törədən şəxs əcnəbidirsə və ya vətəndaşlığı olmayan şəxsdirsə, ona 20 manatdan 25 manatadək cərimə tətbiq olunur və ya Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılır. Azərbaycan Respublikası vətəndaşları üçün isə 10 günədək inzibati həbs nəzərdə tutulur”.

Hüquqşünas qeyd edib ki, burada diqqət edilməli olan əsas məqam “avaralıqla məşğul olma” anlayışının düzgün başa düşülməsidir:
“Hər kəsi bu maddə ilə ittiham etmək olmaz və hər bir şəxs barəsində bu maddə üzrə inzibati tədbir görülə bilməz. İnzibati qaydada avaralıqla məşğul olmağa görə məsuliyyət daşıyan şəxslər — müəyyən yaşayış yeri olmayan, yaşamaq üçün vəsaiti olmayan, ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan şəxslərdir. Rəsmi qaydada işsiz kimi qeydiyyatda olan şəxslər isə bu kateqoriyaya aid edilmir”.


Geri qayıt