Əsas Səhifə > Güney Press > Erməni məhsulları Azərbaycan bazarına daxil olacaq

Erməni məhsulları Azərbaycan bazarına daxil olacaq


Dünən, 16:40

Ermənistan bir-iki ay ərzində Azərbaycana mal ixrac etməyə başlayacaq”. Bu fikri Ermənistanın hakim partiyasının üzvü Babken Tunyan səsləndirib. Məsələ cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bəs Ermənistan məhsullarının Azərbaycan bazarına daxil olması hansı risklər yarada bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, münaqişə dövründə belə Ermənistan mənşəli mallar müxtəlif yollarla Azərbaycan bazarına daxil olub.

Onun sözlərinə görə, həmin illərdə ərzaq məhsulları, içkilər və konyaklar gizli şəkildə ölkəyə gətirilirdi:

“Şəxsən özüm ərik yeşiyinin altından qəzetlərin çıxdığını görmüşəm. Tbilisidə “2-ci vağzal” adlanan ərazidə bazar var idi. Orada azərbaycanlılar, ermənilər və gürcülər görüşür, mal və pul mübadiləsi aparırdılar. Həmin bazardan Azərbaycana mal daşıyan xüsusi qruplar mövcud idi. Əsasən qadınlar olurdu və yoxlama məntəqələrindən sərbəst keçirdilər”.

Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda qida təhlükəsizliyi sistemi formalaşdıqdan və Tbilisi–Azərbaycan dəmir yolu əlaqələri kəsildikdən sonra bu hallar demək olar ki, tam aradan qalxıb.

AİB sədri bildirib ki, o, Azərbaycan mallarının Ermənistanda satılmasının tərəfdarı olsa da, Ermənistan məhsullarının Azərbaycan bazarına daxil olmasına qəti şəkildə qarşıdır:

“İstəmirəm ki, Azərbaycanın 1 manatı belə Ermənistana getsin. Amma etiraf etmək lazımdır ki, azad bazar iqtisadiyyatı və münasibətlərin normallaşdığı şəraitdə Ermənistan istehsalı olan malların Azərbaycana gətirilməsi qaçılmaz görünür”.

Onun fikrincə, cəmiyyət bu məhsullara çox böyük şübhə ilə yanaşacaq və yaxın illərdə Ermənistan malları üçün uğurlu bazar formalaşmayacaq:

“Düşünürəm ki, istehlakçılar bu malları almağa meylli olmayacaqlar. Bəlkə də 15–20 il sonra müəyyən dəstək qazana bilər, amma indiki mərhələdə bu, real görünmür”.

Eyyub Hüseynov vurğulayıb ki, belə bir vəziyyətdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) üzərinə böyük məsuliyyət düşür:

“Əgər hökumət Ermənistan mallarının Azərbaycanda satışında maraqlıdırsa, AQTA KİV və cəmiyyətlə çox şəffaf iş aparmalıdır ki, əhalidə inam yaransın. Əks halda, hətta Ermənistanla əlaqəsi olmayan zəhərlənmə hallarında belə insanlar bunu erməni məhsulları ilə əlaqələndirəcəklər”.

AİB sədri hesab edir ki, Ermənistan məhsullarının Azərbaycan bazarına daxil olması yalnız tam şəffaflıq və ciddi nəzarət mexanizmləri ilə mümkündür və bu prosesdə AQTA-nın rolu həlledici olacaq.


Geri qayıt