Əsas Səhifə > Güney Press > Azərbaycan gəncliyi yalnız bu günün deyil, sabahın da lideridir
Azərbaycan gəncliyi yalnız bu günün deyil, sabahın da lideridirBu gün, 16:33 |
|
Bu gün Azərbaycanda 2 Fevral – Gənclər Günü qeyd olunur. Müstəqil dövlət quruculuğunun əsas dayaqlarından biri olan gəncliyin inkişafı, onun cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi Azərbaycanda məqsədyönlü və ardıcıl dövlət siyasətinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti ölkənin sosial, iqtisadi və ideoloji inkişaf strategiyasının ayrılmaz tərkib hissəsinə çevrilib. Məhz bu baxımdan Prezident İlham Əliyevin 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ölkə gənclərinə ünvanladığı müraciət təkcə təbrik xarakteri daşımır, eyni zamanda dövlətin gəncliyə baxışının, onlardan gözləntilərinin və gələcək inkişaf konsepsiyasının aydın ifadəsidir. Dövlət başçısı müraciətində vurğulayıb ki, gənclər siyasəti Azərbaycanın sosialyönümlü dövlət modelinin prioritet istiqamətlərindən biridir və son onilliklər ərzində həyata keçirilən dövlət proqramları gənclərin fərdi inkişafı, ictimai-siyasi fəallığı və dövlət quruculuğunda rolunun güclənməsi üçün möhkəm zəmin yaradıb. Prezidentin müraciətində xüsusi olaraq diqqət çəkilən məqamlardan biri müasir Azərbaycan gəncliyinin formalaşmış keyfiyyətləridir. Milli-mənəvi dəyərlərə dərin bağlılıqla yanaşı, qlobal çağırışlara cavab verə bilən, innovativ düşüncəyə malik, intellektual gənc nəslin yetişməsi dövlətin uzunmüddətli strategiyasının nəticəsi kimi təqdim olunur. İlham Əliyev bu gəncliyi ölkənin iqtisadi, elmi, mədəni və ictimai həyatında mühüm rol oynayan aparıcı qüvvə kimi dəyərləndirir. Dövlət başçısının müraciətində Vətən müharibəsi dövründə Azərbaycan gəncliyinin nümayiş etdirdiyi vətənpərvərlik və fədakarlıq xüsusi yer tutur. Qəhrəmanlıq salnaməsinin əsas simalarının gənclər olması Prezidentin gənclərə göstərilən etimadının nə qədər əsaslı olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev müraciətində gələcəyə də aydın mesaj verir. O, müasir dövrdə Azərbaycanın yeni inkişaf mərhələsində gənclərin innovativ potensialına və yaradıcı enerjisinə xüsusi ümid bəslədiyini bildirərək, gəncliyi ölkənin intibah dövrünün aparıcı qüvvəsi kimi görür. Bu müraciət, əslində, gənclərə ünvanlanan siyasi və mənəvi çağırış olmaqla yanaşı, Azərbaycanın gələcək inkişaf modelində onların rolunun strateji xarakter daşıdığını göstərir. Gənc alim Elyar İslamoğlu “Sherg.az” bildirib ki, gənclərimiz bu gün həm böyük potensialın, həm də ciddi problemlərin daşıyıcısıdır: “ Təhsil, məşğulluq, mənzil, sosial ədalət və özünü reallaşdırma sahəsindəki çətinliklərə baxmayaraq, Azərbaycan gəncliyi inkişaf etmək, ölkəyə fayda vermək və dəyişiklik yaratmaq əzmini qoruyur. İnanıram ki, gənclərin bilik və enerjisi üçün daha geniş imkanlar yaradıldıqca, ölkəmizin gələcəyi daha güclü və ədalətli olacaq. Bu əlamətdar gün münasibətilə bütün gənclərə uğur, sağlamlıq və öz potensiallarını reallaşdırmaq üçün şərait arzulayıram”. Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin rəhbəri Cəmilə Çingiz də ölkəmizdə gənclərin hərtərəfli inkişafının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi davamlı diqqət və qayğı nəticəsində onların təhsil, məşğulluq, sosial fəallıq və şəxsi inkişaf imkanları ildən-ilə genişlənir: “Dövlət proqramları və müxtəlif layihələr vasitəsilə gənclərin cəmiyyətə inteqrasiyası, potensialının üzə çıxarılması və fəal vətəndaş kimi formalaşması üçün mühüm addımlar atılır. Xüsusilə sosial həssas qruplardan olan gənclərin dəstəklənməsi istiqamətində həyata keçirilən təşəbbüslər inklüziv cəmiyyət quruculuğuna xidmət edir və hər bir gəncin öz bacarıqlarını reallaşdırmasına real imkan yaradır. Bu gün eşitmə məhdudiyyətli gənclər artıq cəmiyyətin aktiv üzvləri kimi müxtəlif sahələrdə öz sözlərini deməkdədirlər. Onlar ictimai həyatda fəal iştirak edir, işarət dilindən sərbəst və özgüvənlə istifadə edir, heç bir stiqma olmadan öz fikirlərini İşarət dilində ifadə edərək bu dili bilən və bu dilə marağı olan ətrafdakılarla ünsiyyət qururlar. Bu, həm onların şəxsi inkişafının, həm də cəmiyyətimizin daha anlayışlı və açıq düşüncəli formalaşmasının göstəricisidir. Sevindirici haldır ki, eşitmə məhdudiyyətli gənclər müxtəlif incəsənət sahələrində — teatr, rəsm, musiqi, əl işləri və yaradıcı fəaliyyətlərdə xüsusi bacarıqları ilə diqqət çəkir, istedadlarını nümayiş etdirərək cəmiyyətə dəyər qatırlar. Onların səhnədə, sərgilərdə və sosial layihələrdə fəal iştirakı sübut edir ki, məhdudiyyətlər istedadın qarşısında maneə deyil”. Hüquqşünas, mediator Elçin Quliyev isə bildirib ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizin gələcəyini müəyyən edən, dövlətin inkişaf strategiyasında xüsusi yer tutan gəncliyə verilən yüksək dəyərin rəmzidir: “ Məhz Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə Azərbaycan gənclərinin I forumunun keçirilməsi və 2 Fevral tarixinin Gənclər Günü kimi təsis olunması ilə gənclər dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu addım gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakına, onların potensialının üzə çıxarılmasına mühüm zəmin yaratmışdır. Bu gün Ulu Öndərin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin təhsili, məşğulluğu, sosial rifahı, sahibkarlıq fəaliyyəti, dövlət idarəçiliyində təmsilçiliyi və beynəlxalq arenada uğurları dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncləri elm, idman, mədəniyyət, innovasiya və hərbi sahələrdə qazandıqları nailiyyətlərlə ölkəmizi layiqincə təmsil edir, müstəqil və güclü Azərbaycanın inkişafına töhfə verirlər. Xüsusilə Vətən müharibəsində gənclərimizin nümayiş etdirdiyi vətənpərvərlik, qətiyyət və məsuliyyət hissi onların yalnız bu günün deyil, həm də sabahın liderləri olduğunu bir daha sübut etdi. Dövlət–gənclər münasibətlərinin sağlam əsaslar üzərində qurulması ölkənin dayanıqlı inkişafının təminatıdır. Bir hüquqşünas və mediator olaraq hesab edirəm ki, gənclərin hüquqi biliklərinin artırılması, dialoq mədəniyyətinin formalaşdırılması və sağlam düşüncəyə əsaslanan qərarvermə bacarıqlarının inkişafı cəmiyyətin gələcək sabitliyi üçün xüsusi əhəmiyyət daşıyır. Güclü dövlət düşünən, məsuliyyətli və milli maraqlara sadiq gəncliklə mümkündür. Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan gənclərini səmimi-qəlbdən təbrik edir, onlara möhkəm iradə, yüksək nailiyyətlər və ölkəmizin inkişafı naminə uğurlu yol arzulayıram”. Geri qayıt |