Əsas Səhifə > Güney Press > Akif Nağı ilə Səidə Bəkirqızı mübahisəsində yeni gəlişmə
Akif Nağı ilə Səidə Bəkirqızı mübahisəsində yeni gəlişməBu gün, 16:10 |
|
Azad Vətən Partiyasının sədri Akif Nağı ilə aparıcı Səidə Bəkirqızı arasında mübahisə davam edir. Aparıcı partiya sədrini işlətdiyi ifadələrə görə məhkəməyə verəcəyini deyib. Akif Nağı həbs edilə bilərmi? Səidə Bəkirqızını hansı hüquqi məsuliyyət gözləyir? Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, əgər Akif Nağının ifadələrində təhqir və böhtan cinayətinin əlamətləri mövcuddursa, bu zaman Səidə Bəkirqızı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etməlidir: “Akif Nağının paylaşdığı məlumatların həqiqiliyi sübut edilməyəcəyi təqdirdə onu ciddi ittihamlar gözləyə bilər. Belə ki, Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Böhtan cinayətinin tərkibinin yaranması üçün başqa şəxs barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma halları baş verməlidir”.
Asim Abbasov Vəkil bildirib ki, Akif Nağının paylaşımda qeyd etdiyi “erməni xüsusi xidmət orqanları tərəfindən azərbaycanlı adı ilə hazırlanıb, ölkəmizə göndərilib” hissəsinə xüsusi diqqət etmək lazımdır: “Həmin hissədə məlumatların həqiqiliyi sübut olunmayacağı təqdirdə Akif Nağı əslində Səidə Bəkirqızını dövlətə xəyanət (CM-nin 274-cü maddəsi) maddəsi ilə ittiham edərək böhtan atmış hesab oluna bilər. Sözügedən hissənin təhqir hesab olunub-olunmayacağı isə maraqlı mövzudur. Çünki Ermənistanla uzun müddətdir müharibə vəziyyətində yaşadığımızdan əksər vətəndaşlar “erməni” sözünü təhqir hesab edir. Bu söz millət adıdır və təhqir olub-olmayacağı barədə ekspertin verəcəyi rəy maraqlıdır. Səidə Bəkirqızının Akif Nağı barəsində işlətdiyi ifadlərə də diqqət etmək lazımdır. Aparıcı onun haqda qarşı tərəf kimi açıq-aşkar şəkildə fikir bildirməyib. “Deputat seçkilərində nə hoqqalar verirsiniz” ifadəsi isə Akif Nağını hər hansı cinayətdə ittiham etmək kimi qəbul edilə bilməz. Səidə Bəkirıqızının partiya sədrini hansısa cinayətdə böhtan etməsi üçün səsləndirdiyi ifadələr konkret və birmənalı olmalıdır. Aparıcının dediyi “Onun özünü yoxlamaq lazımdır, emənilərlə qarışığı ola bilər” hissəsində təhqir olub-olmaması araşdırmanın nəticəsindən asılıdır. Hesab edirəm ki, bu hissədə ekspert rəyinin olduqca əhəmiyyətlidir”. Asim Abbasov bildirib ki, hər bir halda, hər iki şəxs ilkin olaraq xüsusi ittihamla məhkəməyə müraciət etməli, şikayət icraata götürülməli və bundan sonra araşdırma aparılmalıdır: “Hər iki şəxsin barəsində ittiham hökmü qanuni qüvvəyə minmədən onu hər hansı bir maddə ilə təqsirli hesab etmək olmaz. Bunun üçün hökmün qəbul edilməsi və qanuni qüvvəyə minməsi lazımdır”. Qeyd edək ki, Azad Vətən Partiyasının sədri Akif Nağı “Feysbuk” hesabında aparıcı Səidə Bəkirqızını “erməni” adlandırıb. “Səidə adında bir erməni … xeyli vaxtdır ki , sosial şəbəkələri zəbt edib, məcburi köçkünlərin ünvanına iftiralar yağdırır. Hesab edirəm ki, o, ermənidi və erməni xüsusi xidmət orqanları tərəfindən azərbaycanlı adı ilə hazırlanıb, ölkəmizə göndərilib. Ermənilər bu metoddan bizə qarşı həmişə istifadə ediblər, ya da sonradan burada ələ alıblar”, – o bildirib. Səidə Bəkirqızı isə qarşılığında bunları yazıb: “Akif Nağı deyir ki, Səidə ermənidir. Onun özünü yoxlamaq lazımdır, emənilərlə qarışığı ola bilər. Deputat seçkilərində nə hoqqalar verirdiniz, hamıya məlumdur”. Geri qayıt |