Əsas Səhifə > Güney Press > "Nə Şəfiqə Məmmədova, nə də Rasim Balayev mənimlə maraqlanmadı"
"Nə Şəfiqə Məmmədova, nə də Rasim Balayev mənimlə maraqlanmadı"Bu gün, 15:50 |
|
"Xəstəxanada müalicəm davam edir. Mənə çox yüksək səviyyədə diqqət göstərilir. Yeganə ümidim Allaha qalır ki, sağalım. Bir neçə xəstəlik bir-birinə qarışıb". Teleqraf xəbər verir ki, Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov səhhətindəki son vəziyyətdən danışarkən deyib.
Kinorejissor Azərbaycan Kinematoqrafçılar İttifaqından narazılığını da dilə gətirib: "Xalq artisti Rasim Balayevlə heç bir problemim yoxdur. Sadəcə, ittifaq dövründə müəyyən incikliklər olub. O vaxt ittifaqı birləşdirmək ideyası ortaya çıxmışdı. Həm Rasim Balayev, həm də Şəfiqə Məmmədova istəyirdi ki, hər ikisi ayrıca rəhbər olsun. Daha çox özləri haqqında düşünürdülər.
İttifaqda məndən yaşlı adam yoxdur. Amma indiyədək mənimlə maraqlanan olmayıb. Halbuki ittifaq kino xadimlərinə xidmət etmək üçün yaradılmış ictimai təşkilatdır. Yaşlı adamlarıq, bir zəng edib hal-əhval tutan yoxdur. İttifaqı qurub onlara vermişəm. Heç müavinləri də zəng etmirlər. Yəqin ki, Şəfiqə Məmmədovadan çəkinirlər. Halbuki ən çətin vaxtında Şəfiqə Məmmədovaya dəstək olmuşam. İndi isə heç kim zəng edib maraqlanmır. Mən ömrünü kinoya sərf etmiş bir adamam. Amma görünür, ittifaq kimlər üçünsə şəxsi obyektə çevrilib. Dövlət ittifaqa ona görə vəsait ayırır ki, kino xadimlərinə xidmət etsinlər. Etmirlərsə, canları sağ olsun! Allaha şükür, ehtiyacım yoxdur".
Şeyx Əbdül Mahmudov heç vaxt vəzifə istəmədiyini deyib: "Mənə nazirlik, millət vəkilliyi təklif olunub, amma qəbul etməmişəm. Demişəm ki, mən kino adamıyam. Yəqin ki, vəzifəyə sənətdə tükənənlər gedir, yəni sənətdə özlərini tapa bilməyənlər. Amma doğrusu, ittifaqdan bu qədər incik qalacağımı gözləməzdim. Qarşıdan qurultay gəlir, onda hər şeyi yerbəyer edəcəyik. Hələlik kef etsinlər.
Onu qeyd edim ki, qanunla müəyyən olunmuş icra mexanizmi var. Qurultay dövlət səviyyəsində açılışla başlayır. Daha sonra sədr görülən işlər barədə hesabat verir. Əsas proses də elə bundan sonra başlayır. Verilən hesabat qurultayın bütün üzvləri tərəfindən müzakirə olunur və qiymətləndirilir. Mənim də kino sahəsindən iki namizədlərim var. Çalışacağam ki, 45–50 yaş aralığındakı şəxslər olsunlar. Hətta onlardan birinin sədr seçilməsini istəyərəm".
Kinorejissor onu da əlavə edib ki, xəstəxana xərcləri dövlət tərəfindən qarşılanır.
Qeyd edək ki, Xalq artisti bir neçə gün öncə özəl xəstəxanalardan birinə yerləşdirilib.
Geri qayıt |