Əsas Səhifə > Güney Press > Hindistanın generalı İrəvana niyə gəlmişdi

Hindistanın generalı İrəvana niyə gəlmişdi


Bu gün, 14:29

Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahı rəisi general Anil Çauhani fevralın 1-də Ermənistana rəsmi səfər edib. Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Səfər haqda əlavə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Ermənistan Hindistandan külli miqdarda silah-sursat və hərbi texnika almağa davam edir. Qərargah rəisinin səfərində də Ermənistanın silahlandırılmasının müzakirə edildiyi istisna deyil. Bir yandan özünü “sülh göyərçini” kimi təqdim edən İrəvan, bir tərəfdən də Dehlidən raketlər almağa davam edir. Əgər Ermənistanın müharibə planları yoxdursa, bu silahlanmanın səbəbi nədir? Axı qonşularının heç birindən ona hərbi təhdid yoxdur?!

Hindistan 2022-2024-cü illər arasında istehsal etdiyi bütün silahların 43%-ni Ermənistana satıb. Hindistanın Ermənistana satdığı eksperimental xarakterli, heç bir müharibə və döyüş sınağından çıxmamış silahların əksəriyyəti - "Akaş" hava hücumundan müdafiə kompleksi, "ATAGS" haubitsaları, “MArG 155” özüyeriyən haubitsalarının keyfiyyəti və dəqiqliyi ciddi sual altındadır. Maraqlı məqam odur ki, Hindistan Ermənistanı bu silah və texnikaların sınaqdan keçiriləcəyi poliqon gözündə görür.

Ötən həftələrdə isə “The Hindu Business Line” xəbər vermişdi ki, Hindistan Ermənistana “Pinaka” idarə olunan raketlərinin ilk partiyasını göndərib. (mənbə: haqqın.az). Bildirilir ki, Hindistanın müdafiə naziri Rajnath Singh Naqpurdakı Solar Defence and Aerospace Limited (SDAL) zavodundan Pinaka idarə olunan raketlərinin ilk partiyasının ixracının startını verib. Nəşr qeyd edir ki, İrəvan əvvəllər Yeni Dehli ilə idarə olunan raketlər və digər müdafiə avadanlıqları da daxil olmaqla dörd Pinaka MLRS batareyasının tədarükü üçün 240 milyon dollarlıq müqavilə imzalayıb. Pinaka batareyalarının tədarükü 2023-cü ilin iyul ayında başlayıb və 2024-cü ilin noyabr ayında başa çatıb. 2024-cü ilin yayında Hindistan mediası Hindistandan Ermənistana silah müqavilələrinin ümumi dəyərinin bütün tədarük müddəti ərzində 600 milyon dollara çatdığını bildirib.

Hindistanın yerli hərbi-sənaye kompleksi tərəfindən hazırlanan “Pinaka” çoxlüləli reaktiv yaylım atəş sistemi (MLRS) müasir döyüş şəraitində yüksək atəş sıxlığı və çevikliyi ilə seçilir. Sistem qısa müddət ərzində geniş ərazilərə zərbə endirmək imkanına malikdir və Hindistan ordusunun əsas artilleriya vasitələrindən biri hesab olunur. Məlumata görə, “Pinaka” MLRS batareyası bir neçə buraxıcı qurğudan, komanda-idarəetmə maşınından, meteoroloji və ballistik təminat vasitələrindən, eləcə də yenidən yükləmə və texniki dəstək maşınlarından ibarətdir. Bu struktur batareyaya müstəqil fəaliyyət göstərmək, sürətli mövqe dəyişmək və təkrar atəş açmaq imkanı yaradır. Texniki xüsusiyyətlərinə görə, 214 mm kalibrli “Pinaka” buraxıcı qurğularının hər biri 12 lülə ilə təchiz olunub. Bir yaylımın icrası təxminən 40–45 saniyə çəkir.


Geri qayıt