Əsas Səhifə > Güney Press > 4,2 milyonluq tenderlərin qalibi olan şirkət "qara siyahı"ya salındı
4,2 milyonluq tenderlərin qalibi olan şirkət "qara siyahı"ya salındıBu gün, 13:53 |
|
Dövlət satınalmalarında fəal iştirak edən və milyonluq tenderlərin qalibi olan "Ricon" MMC etibarsız təchizatçılar siyahısına salınıb. "DİA-AZ" "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu səbəbdən şirkətin 2027-ci ilin iyul ayına qədər satınalma müsabiqələrində iştirakına qadağa qoyulub. Araşdırmalar zamanı məlum olub ki, "Ricon" MMC 2025-ci ildə iki sifariş alıb. Satınalma müqavilələri Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi ilə imzalanıb. Müqavilələrin ümumi maliyyə dəyəri 4 279 647,10 manat təşkil edib. Qoruqları İdarəetmə Mərkəzi ilə bağlanmış müqavilədə Ağdam rayonu, Şahbulaq kəndi ərazisində yerləşən Şahbulaq qalasının bərpası və qala ətrafında turizm infrastrukturunun yaradılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi ilə imzalanmış sənəddə isə idarənin inzibati binasında təmir və yenidənqurma işlərinin satın alınması nəzərdə tutulub. "Ricon" MMC 11 iyun 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Rəşad Rəhim oğlu İsmayılovdur. Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. "Ricon" MMC-nin veb-səhifəsi olsa da aktiv deyil. Şirkətin qanuni təmsilçisi Rəşad İsmayılov haqqında heç bir məlumata rast gəlinmir. O da məlum olub ki, "Ricon" MMC müəyyən dövrdə "RVR LTD" MMC adı ilə fəaliyyət göstərib. Geri qayıt |