Əsas Səhifə > Güney Press > Kafedə yeyib-içdikdən sonra dostlarını siqaret üstündə bıçaqladı

Kafedə yeyib-içdikdən sonra dostlarını siqaret üstündə bıçaqladı


Bu gün, 12:08

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıqda təqsirləndirilən Elcan Əsədovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsin 9 il müddətə azadlıqdan məhrumetmə cəzası 8 ilə endirilib.


İttiham aktına görə, hadisə 19 iyul 2024-cü il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən restoranların birinin qarşısında qeydə alınıb.


Belə ki, Elcan Əsədov tanışları, zərərçəkmişlər – Sübhan Budaqov, Fərid Səfərov və Rəşad İmanov (hər üçünün adı, soyadı şərtidir) və digər naməlum şəxslərlə birlikdə spirtli içki qəbul etdikdən sonra restoranı tərk edib. Hadisədən sonra təqsirləndirilən şəxs yolun əks istiqamətinə keçərək zərərçəkmiş şəxslərdən birinin - Sübhanın ona məxsus siqaret qutusundan çoxlu siqaret götürüb çəkməsi ilə bağlı irad bildirməsini bəhanə edib. Heç bir əsaslı səbəb olmadan, özünü digərlərindən üstün hesab edərək ictimai qaydanı kobud şəkildə pozub və cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.


Müəyyən edilib ki, Elcan üzərində gəzdirdiyi və silah qismində istifadə edilən bıçaqla əvvəlcə Sübhanın sol qol nahiyəsindən qəsdən vuaraq xəsarət yetirib. Daha sonra o, xuliqanlıq niyyəti ilə həmin bıçaqla hadisə yerində olan Fəridin kürək, Rəşadın isə döş qəfəsinə zərbə endirib. Sözügedən xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.


Geri qayıt